Səhiyyə

Azərbaycan Respublikasının səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurum Ümumdünya Səhiyyə Təşkilatıdır (ÜST). ÜST 1948-ci il aprelin 7-də yaradılmışdır. Təşkilatın 192 üzvü var. Təşkilatın əsas orqanları Ümumdünya Səhiyyə Assambleyası, İcraiyyə Şurası və Katiblikdir. Katibliyə Baş Katib rəhbərlik edir. Hazırda ÜST-nin Baş Katibi Çin nümayəndəsi Marqaret Çandır (2006-cı ildə seçilmişdir). ÜST-nin Katibliyi Cenevrə şəhərində yerləşir.

ÜST üzv dövlətlərlə əlaqələrini regional ofisləri vasitəsilə həyata keçirir. Təşkilatın 6 regional ofisi var:

• Afrika üzrə Regional Ofis – qərargahı Brazzavil (Konqo);
• Avropa üzrə Regional Ofis – qərargahı Kopenhagen (Danimarka)
• Cənub-şərqi Asiya üzrə Regional Ofis – qərargahı Dehli (Hindistan)
• Amerika üzrə Regional Ofis – qərargahı Vaşinqton (ABŞ)
• Şərqi Aralıq dənizi sahili üzrə Regional Ofis – qərargahı Qahirə (Misir)
• Qərbi Sakit okean üzrə Regional Ofis – qərargahı Manila (Filippin)

Azərbaycan ÜST-yə 1992-ci il oktyabr ayının 2-də üzv olmuşdur. Azərbaycan Respublikasının ÜST ilə əməkdaşlığı Avropa Regional Ofisi vasitəsilə həyata keçirilir. Avropa Regional Ofisinin Direktoru Mark Danzon 2000 və 2004-cü illərdə Azərbaycana səfər etmişdir. Hal-hazırda Avropa üzrə Regional direktor Jujanna Yakabdır. 1994-cü ildə ölkəmizdə ÜST-nin ofisi açılıb. Hal-hazırda ofisin rəhbəri Kamran Qaraxanovdur (2007-ci ildən etibarən).

2005-ci il mayın 16-25-də Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Assambleyasının 58-ci sessiyası çərçivəsində Azərbaycan Avropa regionundan 2005-2008-ci illər üçün ÜST-nin İcraiyyə Şurasına üzv seçilmişdir. Şuraya 192 ölkədən 32 üzv seçilir.

2006-cı il aprelin 25-26-da ÜST-nin keçmiş Baş Direktoru Li Yonq Vuk Azərbaycan Respublikasına səfər etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, Nazirlər Kabineti, Səhiyyə Nazirliyi, eləcə də Heydər Əliyev Fondunda görüşlər keçirmişdir. Sözügedən səfər çərçivəsində əsas diqqət quş qripi və vərəm ilə mübarizə, ÜST ilə əməkdaşlıq və səhiyyə sektorunda islahatlar kimi məsələlərə yönəlmişdir.

2006-cı il noyabrın 6-8-də Cenevrədə ÜST-nin İcraiyyə Şurasının 119-cu sessiyası, noyabrın 9-da isə Ümumdünya Səhiyyə Assambleyasının 1-ci fövqəladə toplantısı keçirilmişdir və tədbirlərdə Azərbaycan Respublikasının Səhiyyə Naziri O.Şirəliyev iştirak etmişdir. İclasların nəticəsi olaraq Dr. Linin ölümündən sonrs ÜST-nin yeni Baş Direktoru Çindən Marqaret Çan seçilmişdir. 2008-ci ilin 30 yanvar – 1 fevral tarixlərində M.Çanın Azərbaycana rəsmi səfəri təşkil edilmişdir.

2009-cu il mayın 18-22-də Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının 62-ci Assambleyası çərçivəsində qurumun Avropa Regional Ofisi ilə Azərbaycan Hökuməti arasında iki illik əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin sentyabrın 14-17-də Kopenhagendə keçirilmiş 59-cu sessiyasında Azərbaycan üç il müddətinə (2009-2012-ci illər) qurumun Daimi Komitəsinə üzv seçilmişdir.

2010-cu il mayın 17-21-də Cenevrədə keçirilmiş Ümumdünya Səhiyyə Təşkilatının 63-cü Assambleyasında AR-in səhiyyə naziri O.Şirəliyevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

2-5 noyabr 2010-cu il tarixlərində Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) Ətraf Mühit Siyasəti Komitəsinin 17-ci sessiyası keçirilmişdir. Sözügedən sessiya zamanı Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yeni təsis edilmiş Avropa Ətraf Mühit və Səhiyyə Nazirləri Şurasının ətraf mühit üzrə bölməsinə AR Ekologiya və Təbii Sərvətlər naziri də daxil olmaqla dörd üzv seçilmişdir.

2011-ci il sentyabrın 12-15-də Bakıda Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin 61-ci sessiyası keçirilmişdir. Sessiyanın açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək çıxış etmişdir.

2012-ci ilin 16 noyabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası  Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə Avropa Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü görüşü keçirilmişdir.

2013-cü ilin 21-29 yanvar tarixlərində Cenevrədə ÜST İcraedici Orqanının 132-ci sessiyasında səhiyyə naziri O.Şirəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

ÜST Azərbaycanda bir sıra layihələr həyata keçirmiş və keçirməkdədir. Bunlar aşağıdakılardır:

1. DOTs (Directly Observed Treatment-short course) layihəsi. – Layihə vərəm xəstəliyinin birbaşa həkim nəzarəti altında qısamüddətli müalicə kurslarının keçirilməsini nəzərdə tutur. Layihə çərçivəsində Bakı, Naxçıvan, Lənkəran, Xaçmaz, Gəncə, Sumqayıt, Sabirabad, Şəki və Mingəçevir şəhərlərindəki vərəm dispanserləri vərəm əleyhinə dərman vasitələri, diaqnoz üçün rentgen aparatları, mikroskoplar və digər avadanlıqlar şəklində humanitar yardım alır. Bu proqrama bir sıra qeyri-hökumət təşkilatları da qoşulmuşdur.

2. MECACAR – poliomielitin ləğv edilməsi üzrə proqram. Bu genişmiqyaslı proqram 1995-ci ildən həyata keçirilməyə başlanmışdır. Proqrama UNİSEF də qoşulmuşdur.

3. CARAK- uşaq və ananın qorunması üzrə proqram.

4. Difteriyaya nəzarət üzrə proqram - Proqram çərçivəsində respublikanın müxtəlif rayonlarının tibbi heyəti üçün tədris kursları keçirilir.

5. Ailə planlaşdırılması üzrə proqram – Proqramın həyata keçirilməsi üçün iki şəhər – Gəncə və Sumqayıt şəhərləri seçilmişlər.

6. Ruhi sağlamlıq üzrə Proqram – Proqram çərçivəsində ölkəmizə humanitar yardım şəklində müxtəlif psixotrop maddələr daxil olur. Yardım Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən pilot şəhəri kimi seçilmiş Quba rayonuna və digər rayonlara göndərilir.

7. Cənubi Qafqaz Səhiyyə İnformasiya Sistemi – layihənin məqsədi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə özünün Səhiyyə İnformasiya Sisteminin yenidən qurulmasında və inkişafında kömək göstərməkdir.

BMT-nin fiziki və əqli sağlamlığın ən yüksək standartlarından istifadəsi hüququ üzrə xüsusi məruzəçisi A.Qrover 16-23 may 2012-ci il tarixində ölkəmizə səfər etmişdir. Xüsusi məruzəçi ölkəmizlə bağlı hesabatını BMT İnsan Hüquqları Şurasının 23-cü sessiyasında irəli sürəcəkdir.

ÜST ilə yanaşı, Azərbaycan Respublikası Avropa Şurasının səhiyyə məsələləri ilə məşğul olan müxtəlif ekspert komitələri, İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də səhiyyə sahəsində əməkdaşlıq edir.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 2009-cu il martın 11-də Tehranda keçirilmiş 10-cu zirvə toplantısı zamanı AR Prezidenti cənab İ.Əliyev  İƏT üzv dövlətlərinin Səhiyyə nazirlərinin ilk konfransının Bakıda keçirilməsini təklif etmiş, sözügedən tədbir 2010-cu ilin 4-5 fevral tarixlərində Bakıda keçirilmişdir.

14-15 fevral 2013-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Qan Transfuziyası Orqanlarının Rəhbərlərinin 3-cü iclası Bakıda keçirilmişdir.

Dərman preparatlarının və tibbi yardımın keyfiyyəti üzrə Avropa direktoratlığı (EDQM) tərəfindən həyata keçirilən “Qara dəniz bölgəsi ölkələri arasında orqan, toxuma və hüceyrələrin köçürülməsi sahəsində əməkdaşlıq” adlı layihə üzrə 2012-ci ilin 15-17 aprel tarixlərində Azərbaycana birinci ekspert səfəri təşkil olunmuşdur. 

2005-ci il aprelin 21-də ölkəmizdə İİVQİÇS ilə mübarizə məqsədilə “Azərbaycanda İİV/QİÇS ilə mübarizənin gücləndirilməsi” adlı 5 illik proqramının iki ilinin maliyyələşdirilməsinə dair QİÇS, malyariya və vərəmə qarşı mübarizə üzrə Qlobal Fond ilə Qrant Sazişi imzalanmışdır.

Azərbaycanda quş qripi virusunun aşkarlandığı andan etibarən XİN sözügedən xəstəlik ilə mübarizə tədbirlərində fəal iştirak etmiş və mübarizəni daha səmərəli həyata keçirmək üçün Aİ, ÜST, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı kimi təşkilatlar, eləcə də bir sıra ölkələrlə əməkdaşlıq etmişdir.

Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində bir çox dövlətlərlə səhiyyə sahəsində fəal əməkdaşlıq etməklə yanaşı, onların bəzilərində müəyyən xəstəliklərin qarşısının alınmasına öz töhfəsini də vermişdir. Belə ki, İKT-nin üzv ölkələrinin Xarici İşlər Nazirlərinin Bakıda keçirilmiş 33-cü konfransından (iyun, 2006) öncə ÜST Azərbaycanın İKT-də sədrliyi çərçivəsində qeyd olunan təşkilatın üzv dövlətlərinin bəzilərində poliomielitin yayılması, eləcə də bu xəstəliyin aradan qaldırılması məqsədilə ölkəmizin daxili imkanları çərçivəsində maliyyə yardımın edilməsinə dair təşəbbüs ilə çıxış etmişdir. XİN-in Azərbaycan Respublikasının Hökuməti qarşısında qaldırılmış sorğusuna cavab olaraq 2007-ci ildə 20 min yeni manat məbləğində vəsait ÜST-nin hesabına köçürülmüşdür. 2008-ci ildə isə ÜST-nin “Poliomelitin aradan qaldırılması üzrə Qlobal təşəbbüsü” çərçivəsində Nigeriya və Əfqanıstana 20 000 ABŞ dolları məbləğində maliyyə yardımı ayrılmışdır. Məlumat üçün qeyd etmək lazımdır ki, ümumiyyətlə, poliomielit xəstəliyi Azərbaycanda 1996-cı ildən etibarən tamamilə ləğv edilmişdir.

 

Son yenilənmə tarixi: 26.02.2013