Sosial məsələlər

 

Azərbaycan Hökuməti əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq edir və bu sahədə beynəlxalq əməkdaşlıq prosesində yaxından iştirak edir.

Azərbaycan Respublikası 1992-ci ilin may ayından Beynəlxalq Əmək Təşkilatının (BƏT) tam hüquqlu üzvüdür. Respublikamızla BƏT arasında əmək, məşğulluq, əməyin təhlükəsizliyi və mühafizəsi, qanunvericiliyin təkmilləşdirilməsi sahələrində fəal əməkdaşlıq əlaqələri yaradılmışdır. Bu səmərəli əməkdaşlığın nəticəsi olaraq 2002-ci ildən etibarən MDB məkanında Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT–in nümayəndəliyi açılmışdır. 15 noyabr 2006-ci il tarixində Cenevrədə Azərbaycan tərəfi ilə BƏT arasında Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı (2006-2009) imzalanmış və uğurla icra olunmuşdur. Ötən müddətdə Azərbaycan BƏT-in 57 Konvensiyasına qoşulmuş, ölkədə ən mütərəqqi beynəlxalq standartlara cavab verən və daim təkmilləşdirilən milli əmək qanunvericiliyi qəbul edilmişdir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair hazırlanan Hökumət hesabatları müntəzəm olaraq təşkilatın Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. BƏT tərəfindən Azərbaycan Respublikasının aidiyyəti qurumlarının nümayəndələri üçün çoxsaylı təlimlər və seminarlar təşkil edilmişdir. Azərbaycan Respublikası mütəmadi əsasda Beynəlxalq Əmək Konfransının Cenevrədə keçirilən illik sessiyalarında hökumət, həmkarlar ittifaqları və işəgötürənlər konfederasiyalarından ibarət üçtərəfli nümayəndə heyəti ilə təmsil olunur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində mühüm beynəlxalq müqavilələrə və Konvensiyalara qoşulmuşdur. Belə ki, Azərbaycan 1998-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasını, 2008-ci ildə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasını, eləcə də BƏT-in əmək və məşğulluq sahəsində 8 əsas müqaviləsini (ümumilikdə 57 Konvensiyasını) ratifikasiya etmişdir.

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının tətbiqi ilə əlaqədar respublika hökuməti daxilində fəaliyyəti əlaqələndirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində aidiyyəti dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə İşçi qrup yaradılmışdır. BMT-nin qeyd olunan konvensiyasındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi, “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanmışdır. Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş tədbirlər barədə Azərbaycanın ilk hesabatı hazırlanaraq 2011-ci ildə BMT-nin Əlillərin hüquqları üzrə Komitəsinə təqdim olunmuşdur.

Azərbaycan Respublikasının əmək və sosial müdafiə sahəsində əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).  2013-cü ilin 25-26 apreli tarixlərində Bakı şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər  sənədlər qəbul olunmuşdur.  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mənzil-qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən dəstəklənmiş və tədbirin yekun sənədlərinə müvafiq müddəalar daxil edilmişdir. Bunun davamı olaraq, Azərbaycan hökuməti İƏT Katibliyi və üzv dövlətlərlə məsləhətləşmələr əsasında Mərkəzin təsis sənədlərini hazırlamış, həmin sənədlər İƏT əmək nazirlərinin 28-30 oktyabr 2015-ci il tarixlərində Cakarta şəhərində keçirilmiş üçüncü konfransında yekdilliklə dəstəklənmişdir. Hazırda Mərkəzin təsis olunması istiqamətində işlər davam etdirilir.

Azərbaycan sosial sahədə Avropa Şurası ilə də sıx əməkdaşlıq edir. Azərbaycan nümayəndələri Avropa Şurasının müxtəlif komitələrinin işində fəal iştirak edirlər. 6 yanvar 2004-cü il tarixli Qanununa əsasən, Avropa Şurası çərçivəsində qəbul edilmiş Yenidən baxılmış Avropa Sosial Xartiyası Azərbaycan tərəfindən ratifikasiya edilmişdir. Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində bu təşkilatla əməkdaşlıq həyata keçirilir. Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə 2014-cü ilin may-noyabr aylarında sədrliyi çərçivəsində sosial birlik məsələləri prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, 2014-cü ilin 10-11 sentyabr tarixlərində  Bakıda Avropa Şurasının (AŞ) üzv dövlətlərində Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfrans keçirilmişdir. 2014-cü ilin oktyabr ayının 17-18-də İtaliyanın Turin şəhərində keçirilmiş Avropa Sosial Xartiyası ilə bağlı yüksək səviyyəli konfransda Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri S.Müslümov iştirak etmiş və Azərbaycanın  AŞ Nazirlər Komitəsinə sədrliyi adından çıxış etmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən isə əməkdaşlıq əsasən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində Tvinninq və TAİEX layihələri vasitəsilə həyata keçirilir. Bu layihələr çərçivəsində müvafiq dövlət qurumlarının potensial imkanlarının artırılması, əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyinin təkmilləşdirilməsi, tibbi-sosial reabilitasiya sisteminin inkişaf etdirilməsi, əlilliyi olan şəxslər üçün fərdi dəstək planları və proqramlarının hazırlanması, əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində çalışan işçi heyətin peşəkar bilik və bacarıqlarının artırılması, pensiya islahatlarının dəstəklənməsi və digər istiqamətlərdə  Aİ ilə əməkdaşlıq edilir.

Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım İslahatı Layihəsi”, 2005-2010-cu illərdə “Pensiya və Sosial Təminat Layihəsi” həyata keçirilmişdir.  2009-cu ilin mart ayından “Sosial Müdafiənin İnkişafı Layihəsi” hazırlanmış və onun icrasına start verilmişdir. Bu layihə işsiz və işaxtaran vətəndaşlara, eləcə də  əhalinin sosial cəhətdən həssas qruplarına göstərilən xidmətlərin təkmilləşdirilməsini, əmək hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsini nəzərdə tutur.

 

 

Son yenilənmə tarixi: 05.01.2016


 

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ