Miqrasiya

 

Azərbaycan Respublikası 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin xüsusilə ilk illərində əhəmiyyətli sayda vətəndaşlarının xarici ölkələrə emiqrasiyasının şahidi olmuşdur. Bu emiqrasiyanın əsasında keçid dövrünün yaratdığı çətinliklərlə yanaşı, xüsusən qonşu Ermənistan Respublikasının Azərbaycan torpaqlarına təcavüzü və işğalının ağır iqtisadi nəticələri və 1 milyona yaxın qaçqın və məcburi köçkün əhalinin yaranması dayanırdı. Daha sonra nəqliyyat şəbəkəsinin inkişafı ilə əlaqədar və coğrafi mövqeyi səbəbindən Azərbaycan tranzit ölkəsi rolunu da oynamağa başlamışdır. Nəhayət son illər ölkəmizdə qeydə alınan sürətli iqtisadi inkişaf və enerji, nəqliyyat və s. sahələrdə həyata keçirilən böyük layihələr nəticəsində Azərbaycan artıq miqrantlar üçün cəlbedici bir təyinat ölkəsinə çevrilməkdədir.

Miqrasiya proseslərinin bir sıra çoxşaxəli çətinlikləri ilə qarşılaşan Azərbaycan Respublikası bu proseslərin müvafiq şəkildə idarə olunması məqsədilə son illər ərzində həm qanunvericilik, həm də institusional sahədə bir sıra ciddi addımlar atmış və zəruri islahatlar həyata keçirmişdir. Bu fəaliyyətlərin əsasında 2004-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası dayanır ki, həmin konsepsiyada hökumət qurumları qarşısında duran əsas məqsədlər müəyyən edilir.

Dövlət Miqrasiya Siyasəti Konsepsiyasını gerçəkləşdirmək və qoyulmuş məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikası Prezidentinin 1575 saylı, 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilmişdir. Proqramda əsas fəaliyyət istiqamətləri olaraq, miqrasiya sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi, bu sahədə dövlət tərəfindən tənzimlənmənin səmərəliliyinin artırılması, aidiyyəti dövlət orqanlarının miqrasiya sahəsində işlərinin əlaqələndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, əmək miqrasiyası sahəsində kvotaların tətbiqi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi və eləcə də digər ölkələrin miqrasiya xidmətləri və əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulur. Dövlət Miqrasiya Proqramının həyata keçirilməsi ölkəmizdə miqrasiya üzrə müasir bir sistemin yaradılmasına yönəlmişdir.

Miqrasiya sahəsində dövlət siyasətinin vahid şəkildə həyata keçirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 560 saylı, 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti təsis edilmişdir.

Bu günədək Azərbaycan Respublikasında miqrasiya məsələlərinə aid olan 20-dən artıq qanun və normativ akt qəbul edilmişdir. Miqrantların hüquq və azadlıqlarının təmin edilməsi kontekstində Azərbaycan Respublikasının BMT-nin “Bütün əməkçi miqrantlar və onların ailələrinin hüquqlarının qorunması haqqında beynəlxalq konvensiya”ya və insan alveri və miqrantların qanunsuz daşınmasına qarşı mübarizəyə dair Palermo Protokollarına qoşulmuşdur.

Bundan əlavə, miqrasiya proseslərinin asanlaşdırılması və eləcə də qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə biometriyanın tətbiqi istiqamətində vacib addımlar atılmışdır. Belə ki, biometrik eyniləşdirmə üzrə əlaqədar dövlət qurumlarının təmsilçilərindən ibarət xüsusi işçi qrupu təsis edilmiş və həmin qrupun tərtib etdiyi təkliflər əsasında “Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı” tərtib edilərək, ölkə Prezidentinin 1963 saylı, 13 fevral 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

2011-ci il 30 dekabr tarixində Azərbaycan Respublikasının “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununda bir sıra dəyişikliklər edilmişdir. Həmin Qanunla şəxsiyyət vəsiqəsində elektron daşıyıcının (çipin) yerləşdirilməsi, həmin elektron daşıyıcıya daxil olacaq məlumatların müəyyən edilməsi, şəxsiyyət vəsiqəsinin əldə edilməsi hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının yaş həddinin azaldılması (15 yaş), yeni nəsil şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin dəyişdirilməsi və digər vacib dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulur. Sözügedən dəyişikliklər 2014-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcəkdir.

Miqrasiya proseslərinin idarə olunmasında Xarici İşlər Nazirliyinin üzərinə əsasən aşağıdakı vəzifələr düşür:

• Əcnəbilərin ölkəyə gəlməsi üçün dünya üzrə 60-dək səfirlik və konsulluqlar vasitəsi ilə viza alınması üçün müraciətləri cavablandırmaq;
• xaricdə yaşayan Azərbaycan vətəndaşlarına konsulluq xidmətləri göstərmək;
• xaricdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarının qeydiyyatını aparmaq;
• miqrasiya sahəsində beynəlxalq təşkilatlar və tərəfdaş dövlətlərlə əməkdaşlığı təşviq və təmin etmək.

Azərbaycan Respublikası hökumətinin miqrasiya sahəsində əməkdaşlıq etdiyi əsas tərəfdaşı kimi Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) çıxış edir. Azərbaycan Respublikası 2001-ci ildən etibarən BMqT-nin üzvüdür, təşkilat tərəfindən isə hələ 1996-cı ildən bəri Azərbaycanda müxtəlif yardım və texniki layihələr həyata keçirilir.

Eyni zamanda, Avropa İttifaqı və ATƏT ilə birgə bir sıra fəaliyyətlər gerçəkləşdirilir. Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında 2006-cı ilin noyabrında qəbul olunmuş Fəaliyyət Planında miqrasiya ilə bağlı geniş spektrli məsələlərə - sərhədlərin idarə olunması, miqrasiyanın idarə olunması, sığınacaq məsələləri və qeyri-qanuni miqrasiyanın qarşısının alınması, readmissiya məsələsi üzrə dialoq, geri qaytarılmış miqrantların reinteqrasiyası, viza prosedurlarının sadələşdirilməsi və bir çox digər məsələlərə istinad olunur. Fəaliyyət Planında əksini tapmış miqrasiya məsələlərinin həyata keçirilməsi məqsədilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət Xüsusi İşçi Qrupu təsis edilmişdir.

Bundan əlavə, Azərbaycan Avropa İttifaqı ilə şəxslərin readmissiyası və viza prosedurlarının sadələşdirilməsinə dair saziş layihələri üzrə danışıqlar aparır, həmçinin Aİ-yə Yerdəyişmə üzrə Tərəfdaşlığın yaradılması ilə bağlı müraciət etmişdir.

Azərbaycan, həmçinin, ikitərəfli əsasda bir sıra dövlətlərlə miqrasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi üzrə davamlı iş aparır.

Beynəlxalq təşkilatlar ilə əməkdaşlığın inkişaf etdirilməsi baxımından 2015-ci il ərzində diqqəti çəkən məqamlardan biri Azərbaycan Respublikası hökumətinin dəvəti əsasında Beynəlxalq Miqrasiya Təşkilatının Baş direkrotu Uilyam Leysi Svinqin 1-3 sentyabr tarixlərində ölkəmizə rəsmi səfəri olmuşdur. Səfər Azərbaycanla Beynəlxalq Miqrasiya Təşkilatı arasında mövcud əməkdaşlığın yeni vacib mərhələsini açmışdır və onun inkişaf etdirilməsi məqsədilə yeni imkanlar yaratmışdır. U.L. Svinqin Cənubi Qafqaz regionunda ilk səfərinin məhz Azərbaycana etməsi miqrasiyanın idarə edilməsi sahəsində aparılmış məqsədyönlü siyasət və beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycanda bu sahədə əldə edilmiş ciddi nailiyyətlərə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən verilən qiymətin əyani nümunəsidir və digər sahələrdə olduğu kimi bu istiqamətdə də ölkəmizin Cənubi Qafqaz regionunda öndə gedən ölkə olmasını bir daha təsdiq etmişdir.

Azərbaycan Respublikası hökumətinin dəvəti əsasında ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi Mədinə Yarbuzinovanın martın 9-13-də ölkəmizə səfərinin yekunları ilə bağlı ATƏT-in bəyanatı Azərbaycanda insan alveri ilə mübarizə sahəsində son illər ərzində həyata keçirilən məqsədyönlü işləri alqışlamışdır və bu yönümdə göstərilən səyləri dəstəkləmişdir.

BMT-nin Əhali Fondunun İcraçı Direktoru Babatunde Osotimehinin bu ilin noyabrında Azərbaycana səfəri Azərbaycanın BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi kontekstində xüsusi yer tutmuşdur. Məhz həmin səfər çərçivəsində 1994-cü ildə Qahirədə keçirilmiş Əhali və İnkişaf üzrə Konfransının məqsədlərinin reallaşdırılmasındakı səylərinə və BMT-nin Davamlı İnkişaf Məqsədlərinin Azərbaycanda dəstəkləməsinə görə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim edilmişdir. Ümumiyyətlə, B. Osotimehinin ölkəmizə səfəri təşkilatla əməkdaşlığın genişləndirilməsi sahəsində vacib əhəmiyyət daşımış və əlaqələrin inkişafına önəmli tövhə vermişdir.

 

Son yenilənmə tarixi: 05.01.2016