Dini azlıqlar

AZƏRBAYCAN RESPUBLİKASINDA DİNİ TOLERANTLIQ

Ümumi məlumat

Azərbaycan Respublikası çoxmillətli və çoxdinli bir ölkədir. Bu ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Əsas Qanunu – Konstitusiyasının 25-ci maddəsinin III bəndinə görə «Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə  mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır».

Konstitusiyanın sözügedən maddəsindən göründüyü kimi, milli və ya dini azlığın nümayəndəsi olmasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan hər bir kəs eyni hüquqlara malikdir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının qanununun 3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının vətəndaşlığı onun əldə edilməsi əsaslarından asılı olmayaraq, hamı üçün bərabərdir. Azərbaycan Respublikası vətəndaşlarının hüquqları, azadlıqları və vəzifələri onların mənşəyindən, sosial və əmlak vəziyyətindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən, məşğuliyyət növündən və xarakterindən, yaşayış yerindən, həmin yerdə yaşadığı müddətdən və başqa hallardan asılı olmayaraq bərabərdir».

Bununla belə, Azərbaycan Respublikasında heç bir millətin, milli və ya dini azlığın nümayəndəsinə və ya onlardan olan qrupa milli xüsusiyyətlərinə və ya dini mənsubiyyətlərinə görə başqalarından üstün olmaq kimi ideyaları aşılamaq, çox fəal təəssübkeşlik göstərmək, hətta, bu ideyaların həyata keçirilməsində fiziki təzyiqlərdən istifadə edilməsi qanunla məhdudlaşdırılır, bu sahədə sui-istifadə hallarına yol verən şəxs və ya qrup cinayət məsuliyyətinə cəlb edilməklə müvafiq qanunlar çərçivəsində cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin «Təqib» adlı 109-cu maddəsinə görə, «Siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi, və ya beynəlxalq hüquq normaları ilə qadağan edilmiş digər əsaslara görə müəyyən edilmiş hər hansı bir qrupu və ya təşkilatı təqib etmə, yəni qrupa və ya təşkilata mənsub olduqlarına görə insanları əsas hüquqlardan kobudcasına məhrum etmə, bəşəriyyət əleyhinə digər cinayətlərlə əlaqədar olduqda – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır».

Azərbaycan Respublikasında dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində də müstəqillik əldə edildikdən keçən son illər ərzində dövlət çox mühüm və ciddi addımlar atmışdır. 1992-ci ildə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilmiş və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilmişdir. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan «Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir».

Azərbaycan Respublikası dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyev 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasını təsdiq etdi. Həmin fərmanla müəyyən edildi ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumda gərginlik yaranmaması, dini ayrı-seçkilik meyllərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meylli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlıq edir.

2002-ci il oktyabr ayının 10-11-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə Bakıda “Demokratik cəmiyyətdə din və əqidənin rolu: terrorizm və ekstremizmə qarşı mübarizə yollarının araşdırılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda ATƏT-ə üzv olan 55 dövlət, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.

Bununla yanaşı, Dövlət Komitəsi dini məsələlərə dair müxtəlif seminar, dəyirmi masalar təşkil edir, ölkəmizdə mövcud olan dini icmaların nümayəndələri ilə mütəmadi olaraq görüşlər keçirir.

Azərbaycanda yüksək tolerantlıq nümayiş etdirildiyi və burada mövcud olan dözümlülük münasibətlərinin bir çox ölkələr üçün yaxşı nümunə ola biləcəyi dəfələrlə ölkəmizə səfər etmiş müxtəlif din xadimləri və rəsmi şəxslər tərəfindən bəyan edilmişdir. Belə ki,  2006-cı il fevral ayının 28-dən mart ayının 5-dək Azərbaycanda səfərdə olmuş BMT-nin İnsan Hüquqları Komissiyasının Din və əqidə azadlığı üzrə Xüsusi Məruzəçisi Asma Cahangir cəmiyyətdə mövcud olan dözümlülük səviyyəsinin xoş təəssürat yaratdığını qeyd etmişdir. Səfər zamanı Xüsusi Məruzəçi Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş, bir sıra rəsmi şəxslərlə görüş keçirmiş, 1 saylı cəza çəkmə müəssisəsinə baş çəkmişdir. Xüsusi Məruzəçi Naxçıvan və Gəncəyə və Naxçıvana da səfər etmiş, Bərdədə qaçqın və məcburi köçkün düşərgəsinə baş çəkmişdir.

1999-cu ildən etibarən, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda tolerantlıq günü (16 noyabr) xüsusilə qeyd edilir. 2006-cı ildə də tolerantlıq günü ilə əlaqədar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz müsəlmanları Ruhani İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası və yəhudi dini icması ilə birgə “Tolerantlıq örnəyi – Azərbaycan” mövzusunda dəyirmi masa təşkil etmişdir. Tədbirdə Bakıda akkreditə olunmuş səfirliklər, eləcə də beynəlxalq təşkilatların nümayəndələri, ictimai və dini xadimlər və digər şəxslər iştirak etmişdir.

Azərbaycan Respublikasında dini tolerantlığın yüksək səviyyədə olması barədə həqiqətlərin dünyaya yayılması istiqamətində ölkəmizin müxtəlif dövlətlərdə akkreditə olunmuş səfirlikləri tərəfindən müəyyən işlər aparılmaqdadır. Belə ki, 2008-ci il iyun ayının 3-də Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin Almaniyanın Konrad Adenauer və Almaniya-Azərbaycan Forumu ilə birgə əməkdaşlığı ilə Berlində Azərbaycanda dini tolerantlığa həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə hər iki ölkədən dini və siyasi xadimlər, alimlər, mütəxəssislər və mətbuat nümayəndələri, o cümlədən Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin Sədri Hidayət Orucov, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Bakı və Xəzəryanı Yeparxiyasının Yepiskopu Aleksandr İşein, Dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov da iştirak etmişdir.

Ölkədə mövcud olan konfessiyalar və dini qruplar barədə məlumat

Hazırda Azərbaycan Respublikası ərazisində 380-dən artıq dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 31-i qeyri-islam təmayüllü dini icmalardır.

Ənənəvi konfessiyalar:
Ortodoks konfessiyası

1991-ci ildə Cen Mironosets kilsəsinin (1907-ci ildə Hacı Zeynalabdin Tağıyev tərəfindən inşa edilmişdir) binası Rus Pravoslav kilsəsinə verilmişdir. 2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan bütün Rusiyanın Patriarxı II Aleksi bu məbədə baş kafedral kilsə statusu vermişdir. Hazırda Bakıda 3, Gəncədə və Xaçmazda 1 rus pravoslav kilsəsi fəaliyyət göstərir.

Roma-katolik konfessiyası
1999-cu ildə Azərbaycanda katolik icması qeydiyyatdan keçmişdir. 2000-ci ildə ibadətlərin yerinə yetirilməsi üçün bu icmaya xüsusi bina alınmış və kilsəyə çevrilmişdir. 2007-ci ildə Azərbaycan Hökuməti ilə Vatikan arasındakı razılığa əsasən, Bakıda Roma Katolik kilsəsinin inşası tamamlanmışdır.
2002-ci ilin may ayında Roma katolik kilsəsinin başçısı II İohann Pavel Bakıda səfərdə olmuş və dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri ilə görüşmüşdür.

2003-cü ilin aprel ayında Rum patriarxı II Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuş, dövlət rəsmiləri, din xadimləri, müsəlman, xristian, yəhudi dini icmalarının rəhbərləri ilə görüşlər keçirmiş, Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən qəbul olunmuşdur.
2003-cü ildə alban-udi dini icması dövlət qeydiyyatına alınmışdır. Şəkinin Kiş kəndində inşa edilən və Qafqazda, eləcə də bütün dünyada ən qədim məbədlərdən biri sayılan alban kilsəsi 2003-cü ildə əsaslı şəkildə bərpa olunaraq istifadəyə verilmişdir. 2006-cı ilin may ayında Qəbələ rayonunun Nic qəsəbəsində Müqəddəs Yelisey qədim alban kilsəsinin yerində Çotari alban-udi kilsəsinin açılış mərasimi keçirilmişdir.

Protestantlıq cərəyanı
Yevangel-lüteran kilsəsi
Yevangel xristian baptist icması
7-ci gün adventistləri
“Şərqdə ulduz” xristian incil dini icması


Molokan ruhani xristianların dini icması
Alban-udi xristian dini icması

Yəhudilər

Avropa yəhudilərinin dini icması «Aşkinazi»
Dağ yəhudiləri icması-sefartlar
Gürcü yəhudiləri icması

Yəhudilər Azərbaycanda 2500 ildən artıqdır ki məskunlaşmışlar. Onlar ölkəmizdə heç vaxt dini dözümsüzlüyə və ayrı-seçkiliyə məruz qalmamışdır. Hazırda 7 yəhudi dini icması dövlət qeydiyyata alınmışdır. Bakıda 3, Oğuzda və Qubada 1 sinaqoq fəaliyyət göstərir. 2003-cü il mart ayında Bakıda yeni yəhudi sinaqoqu istifadəyə verilmişdir.

2003-cü ilin sentyabr ayında Bakıda “Od-Avner” Xabad Lyubaviç Beynəlxalq Fondunun maliyyələşdirdiyi ilk yəhudi orta ümumtəhsil məktəbi fəaliyyətə başlamışdır.

Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 222 saylı 5 oktyabr 2006-cı il tarixli Qərarına əsasan Quba rayonu Qırmızı qəsəbədə yerləşən 1 nömrəli məktəbə İsaak Abramoviç Xanukovun adı verilmişdir.

Ölkədə mövcud olan yüksək tolerantlıq dərəcəsi və yəhudilərə qarşı heç bir arı-seçkiliyin olmadığı 2006-cı il fevral ayının 9-14-də Azərbaycana səfər etmiş Amerikanın başlıca yəhudi təşkilatları prezidentlərinin Konfransı təşkilatının nümayəndə heyəti tərəfindən də vurğulanmışdır. Nümayəndə heyətinə təşkilatın sədr müavini M.Hönlayn, Avro-Asiya yəhudi konqresinin prezidenti A.Maxkevitç və digər şəxslər daxil idi.

Qeyri-ənənəvi din və təriqətlər:
Yehova şahidləri
Nehemiya
Mədh kilsəsi
Həyatverici lütf
Beynəlxalq Krişna şüuru
Bəhai
Novoapostol kilsəsi
Yevangel xristianları icması

Azərbaycanda mövcud olan dini mərkəz və idarələr xarici ölkələrdəki müvafiq mərkəzlərlə işgüzar əlaqə saxlayır, beynəlxalq dini tədbirlərdə yaxından iştirak edirlər. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi ilə Beynəlxalq İslam Konfransı Təşkilatı və digər xarici müsəlman və qeyri müsəlman ölkələrinin dini təşkilatları arasında sıx əlaqələr mövcuddur. Bakıdakı Rus Pravoslav Kilsələrinin Yepiskopluğu Xəzəryanı bölgələrin xristian-pravoslav kilsələrinə rəhbərlik etməklə yanaşı, ölkədaxili və ölkəxarici dini mərkəzlərlə geniş əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanın yəhudi icmaları «Soxnut», «Aqudit İsrail» və «Tşuva İsrail» kimi beynəlxalq təşkilatlarla, eyni zamanda ABŞ, İngiltərə və digər dövlətlərin yəhudi icmaları ilə sıxı əlaqə saxlayırlar.

Respublika ərazisində xristian və yəhudi dini tədris müəssisələri, o cümlədən pravoslav kilsələri yanında bazar günü məktəbləri, yevangel-xristian protestant icmalarının Bibliya kursları, «Həyatverici lütf» icmasının Bibliya institutu, yəhudilərin ivriti, yəhudi dini və mədəniyyətini öyrədən kursları və s. fəaliyyət göstərir. Mərkəzləri əsasən ABŞ-da, İsveçdə və Almaniyada olan dini icmalar xarici ölkədəki dini mərkəzlər ilə qanun çərçivəsində maneəsiz əməkdaşlıq edir, onlardan maddi və mənəvi, o cümlədən dini ayinlərin icrası üçün metodik yardım alaraq fəaliyyət göstərirlər.

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ