Milli azlıqlar

AZƏRBAYCAN RESPUBLiKASINDA MƏDƏNİ MÜXTƏLİFLİK

Ümumi məlumat  

Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Bir neçə əsr ərzində milli azlıqlara mənsub olan şəxslər Azərbaycan Respublikasında Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşamış və yaşayırlar. Azərbaycan tarixən unikal çoxmillətli cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır.

Ölkəmizin 20% ərazisini işğal etmiş qonşu Ermənistanla silahlı münaqişə nəticəsində mövcud olan çətinliklər, erməni silahlı qüvvələri və terrorist qruplaşmalarının təşkil etdiyi etnik təmizləmənin qurbanları olan Azərbaycanlılarla yanaşı müxtəlif milli azlıqlara mənsub olan şəxslərdən ibarət (kürdlər, ruslar, yəhudilər və s.) təxminən 1 milyon qaçqın və məcburi köçkünün, həmçinin keçid dövrünün problemlərinin mövcudluğuna baxmayaraq, Azərbaycan hökuməti milli azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir.

Azərbaycan Respublikasında milli azlıqların sayının, dilinin və sıx yaşayış yerlərinin struktur tərkibi  

Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.

Milli azlıq Sayı Dili Sıx yaşadığı ərazi
Ləzgilər 178000 Qafqaz dillərinin Dağıstan qrupuna aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri Azərbaycanın şimal bölgələri
Ruslar 141700 Şərqi-slavyan qrupuna aid olan rus dili Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri
Ermənilər 120700 Hind-avropa dil ailəsinə aid olan erməni dili Dağlıq Qarabağ, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə baxmayaraq məlumata görə, 30 minə yaxın erməni Dağlıq Qarabağdan kənar, eləcə də Bakıda yaşayır
Talışlar 76800 Hind-avropa dil ailəsinin İran qrupuna aid olan talış dili, eləcə də Azərbaycan dili Cənub bölgələri
Avarlar 50900 Qafqaz dillərinin Dağıstan qrupuna aid olan avar dili, eləcə də Azərbaycan dili Şimal bölgələri
Məhsəti türkləri 43400 Azərbaycan dili Şimal və aran bölgələr
Tatarlar 30000 Türk dil ailəsinə aid olan tatar dili, eləcə də rus dili Azərbaycanın şəhərləri
Ukraynalılar 29000 Şərqi-Slavyan dil ailəsinə aid olan Ukrayna dili, eləcə də rus dili Bakı
Saxurlar 15900 Qafqaz dillərinin Dağıstan qolunun cənub-şərq qrupuna aid olan saxur dili, eləcə də Azərbaycan dili Zaqatala rayonu
Gürcülər 14900 Qafqaz dillərinin Kartvelian qrupuna aid olan gürcü dili Qax rayonu
Kürdlər 13100 İran dil qrupuna aid olan kürd dili Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq, köçürülmüşdürlər.
Tatlar 10900 İran dil qrupuna aid olan tat dili Şimal bölgələri
Yəhudilər: Avropa (Aşkenazi), dağ və gürcü yəhudilərinə bölünür 8900 Semit dil ailəsinə aid Semit qrupuna daxil olan yəhudi dili Quba rayonu və Bakı şəhəri
Udinlər 4100 Qafqaz dil ailəsinin Dağıstan qrupuna aid olan udin dili Şimal bölgələri

Qanunvericilik

1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir. Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.

Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinə əsasən, Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən və mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqların bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

Konstitusiyasının 44-cü maddəsinə əsasən, «hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ vardır. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz».

«Mədəniyyət» haqqında Qanunun 11-ci maddəsində milli mədəniyyətin inkişafına və qorunub saxlanılmasına yardım nəzərdə tutulur. Dövlət Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına və qorunub saxlanılmasına, eləcə də Azərbaycan Respublikasının ərazisində yaşayan bütün milli azlıqların mədəni kimliyinə təminat verir.

1992-ci il oktyabrın 7-də qəbul olunmuş «Təhsil» haqqında Qanunun 6-cı maddəsi və «Dövlət dili» haqqında Qanunu 3-cü maddəsinə əsasən təhsil milli azlıqların müxtəlif dillərində verilə bilər.

«Azərbaycanda yaşayan milli azlıqlar və etnik qrupların hüquq və azadlıqlarının qorunması, həmçinin dilinin və mədəniyyətinin inkişafına dövlət yardımı» haqqında Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 16 sentyabr tarixli Fərmanı milli azlıqlar arasında əlaqələrin yaxşılaşdırılması və hüquqi dövlətin yaradılmasına onların cəlb olunmasının səviyyəsinin artırılması məqsədini daşıyır.

Daxili qanunvericiliyin bu müddəaları ilə yanaşı, Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixində qoşulduğu İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, Aparteidin qarşısının alınması və onun cəzalandırılması və Genosidin qarşısının alınması və onun cəzalandırılması haqqında BMT Konvensiyaları kimi beynəlxalq sənədlərin müddəaları da tətbiq olunur.

2000-ci ilin iyun ayında Azərbaycan Respublikası Avropa Şurasına üzv olmamışdan çox-çox əvvəl Avropa Şurası Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına qoşulmuşdur. Konvensiyanın 25-ci maddəsinə əsasən Azərbaycan 2002-ci il iyunun 4-də milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının qorunmasına dair vəziyyət barədə milli hesabatını təqdim etmişdir. Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitə sözügedən hesabatın baxılması məqsədilə xüsusi işçi qrupu tərtib etmişdi. Bu qrup Dövlət hesabatını yoxlamaq məqsədilə 2003-cü il martın 29-dan aprelin 4-ə qədər Azərbaycana səfər etmişdir. Bu tədbirlər Azərbaycanın milli azlıqlara yönəlmiş siyasətinin beynəlxalq standartlara cavab verməsinin əyani göstəricisidir.

2005-ci il dekabr ayının 19-da Bakıda ölkəmizdə Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsində əldə edilmiş nailiyyətlərin nəzərdən keçirilməsi və Məşvərətçi Komitəsinin qərarları, həmçinin Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş Qətnamənin nəticələrinin yerinə yetirilməsi üzrə atılmış addımların müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir (follow-up seminar). Seminarda Avropa Şurasından Çərçivə Konvensiyasının Məşvərətçi Komitəsinin Prezidenti Ozborn Ayde (Norveç), Milli azlıqlarla və dini qurumlarla iş üzrə Dövlət Müşaviri Hidayət Orucov, dövlət qurumları nümayəndələri və milli azlıq təmsilçiləri iştirak etmişdir.

2007-ci il yanvar ayının 10-da Azərbaycan Respublikası Milli azlıqların qorunması haqqında Çərçivə Konvensiyasına ikinci dövrü hesabatını təqdim etmişdir. Məşvərətçi Komitə ölkə hesabatındakı, eləcə də 2007-ci il sentyabr ayının 10-14-də Bakı və Lənkərana baş tutmuş səfər zamanı əldə edilmiş məlumatlar əsasında 2008-ci ilin yanvar ayında Azərbaycana dair ikinci rəyini hazırlamışdır.

Bununla yanaşı, 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.

Bundan savayı, ölkəmiz Avropa Şurasının “Hamı fərqlidir-hamı bərabərdir”: Müxtəliflik, insan hüquqları və iştirak üçün Avropa Gənclər Kampaniyasına qoşulmuşdur. Bununla əlaqədar, qeyri-hökumət təşkilatları, dövlət qurumları, kütləvi informasiya vasitələri və s. nümayəndələrindən ibarət Milli Kampaniya Komitəsi yaradılmışdır. Komitənin məqsədi Avropa Şurası ilə əməkdaşlıqla kampaniya çərçivəsində keçiriləcək tədbirlər planının tərtib edilməsi və həyata keçirilməsindən ibarətdir. 2006-cı il noyabr ayının 26-dan 30-dək Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası İctimai Birliyi Avropa Şurasının Avropa Gənclər Fondunun maliyyə dəstəyi ilə “Hamı fərqlidir-hamı bərabərdir” kampaniyası çərçivəsində təlim kursları keçirmişdir. Kurslarda Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev çıxış edərək, gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Azərbaycan ATƏT kimi başqa beynəlxalq təşkilatlarla da milli azlıqlar məsələsində əməkdaşlıq edir. ATƏT-in Milli azlıqlar üzrə Ali komissarının siyasi müşaviri milli azlıqların hüquqlarının qorunmasına dair vəziyyətə müşahidə etmək məqsədilə Azərbaycana bir neçə dəfə səfər etmişdir.

Milli azlıqlar öz milli mədəni mərkəzlərini, assosiasiyalarını və digər qurumlarını yaratmaq hüquqlarından tam istifadə edirlər.

Hal-hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında «Birlik» cəmiyyəti, Rus icması, Slavyan mədəniyyət mərkəzi, Azərbaycan-İsrail icması, Ukrayna cəmiyyəti, Kürd mədəni mərkəzi «Ronai», «Samur» ləzgi milli mərkəzi, Azərbaycan-Slavyan mədəniyyət mərkəzi, Tat mədəniyyət mərkəzi, Azərbaycan-tatar cəmiyyəti, Tatar mədəniyyət cəmiyyəti «Turqan-tel», Tatar mədəniyyət mərkəzi «Yaşlıq», Krım tatarları cəmiyyəti «Krım», gürcü cəmiyyəti, Azərbaycan gürcülərinin humanitar cəmiyyəti, İngiloy icması, Çeçen mədəniyyət mərkəzi, Axısxa türklərinin «Vətən» cəmiyyəti, Axısxa türk qadınlarının «Sona» cəmiyyəti, Talış mədəniyyət mərkəzi, Avar cəmiyyəti, Dağ yəhudilərinin icması, Avropa yəhudiləri (Aşkenazi) icması, Gürcü yəhudi icması, Yəhudilərin qadın humanitar assosiasiyası, «Kapelhaus» alman mədəniyyət icması, Udin mədəniyyət mərkəzi, Polyak mədəniyyət mərkəzi «Polonia», Beynəlxalq Talış assosiasiyası «Mada», Talış assosiasiyası «Avesta», Udin mədəniyyət mərkəzi «Orain», «Buduq» mədəniyyət mərkəzi, Saxur mədəniyyət mərkəzi. Milli azlıqların sıx yerləşdiyi ərazilərdə həvəskar cəmiyyətlər, milli və dövlət teatrları, həvəskar assosiasiyalar və maraq qrupları fəaliyyət göstərir. Məsələn, Qusar rayonunda Ləzgi, Qax rayonunda isə Gürcü Dövlət teatrları, Astara və Lənkəran rayonlarında Talış folklor qrupları fəaliyyət göstərir.

Dövlət bu qurumları imkanı dairəsində ölkə büdcəsindən və Prezident fondunun hesabına maliyyə yardımı ilə təmin edir və mənşəyindən, mədəniyyətindən, dilindən və dinindən asılı olmayaraq, bütün şəxslər arasında qarşılıqlı anlaşma, dözümlülük və hörməti gücləndirməyə yardım göstərir. Milli azlıqların cəmiyyətin həyatında, eləcə də ölkə səviyyəsində keçirilən birgə tədbirlərdə fəal iştirakları Azərbaycanda mövcud olan qarşılıqlı hörmətin əyani göstəricisidir. İslam, Ortodoks və Yəhudi dini konfessiyalarını birləşdirən «Üç qardaş» təşkilatı artıq qeydiyyatdan keçmiş və hazırda ölkədə fəaliyyət göstərir. «Links» təşkilatının (Böyük Britaniya) rəhbərliyi altında milli azlıqların Resurs mərkəzi də Azərbaycanda fəaliyyət göstərir.

Milli azlıqların dillərində onlarla qəzet və jurnallar nəşr olunur. Hər gün onların dillərində radio və televiziya proqramları yayımlanır.

Dövlət Radio stansiyası tərəfindən mütəmadi olaraq, kürd, ləzgi, talış, gürcü, rus və erməni dillərində Dövlət büdcəsindən maliyyələşdirilən verilişlər yayımlanır. Balakən rayonunda avar dilində, Xaçmaz rayonunda isə ləzgi və tat dillərində, Qusar və Xaçmaz rayonlarında yerli televiziyada ləzgi dilində verilişlər yayımlanır. Bakı da rus, kürd, ləzgi və talış dillərində qəzetlər nəşr olunur. Məsələn, «Samur» və «Dəngi Kürd» ləzgi və kürd dillərində nəşr olunur, Yəhudi cəmiyyəti «Soxnut» isə «Əziz» qəzetini nəşr edir.

Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar. Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur. Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Milli Məclisdə, Nazirlər Kabineti, Konstitusiya məhkəməsi, Mərkəzi seçki komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır. Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi Daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.