Gender məsələləri

Azərbaycan Respublikasında gender bərabərliyinin təşviqi haqqında

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası  qadın hüquqlarının qorunması üzrə demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası  BMT-nin “Qadınların siyasi hüquqları” üzrə konvensiyasına, 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” üzrə konvensiyasına, 2000-ci ildə isə onun Əlavə Protokoluna qoşulmuşdur.

Azərbaycan Hökuməti gender siyasəti sahəsində müəyyən nailiyyətlər əldə etmişdir. Gender siyasətinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır (2006-cı il fevralın 6-dan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi). Komitənin əsas məqsədləri - qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi həyatında onların iştirakının artırılmasıdır.

2000-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi” üzrə fərman imzalamışdır. Bu sənəd Respublikamızın bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin olunmasını, müvafiq dövlət proqramlarının hazırlanması ilə qaçqın və məcburi köçkün qadınların işlə təmin olunması, gender nöqteyi-nəzərindən qanunvericiliyə yenidən baxılmasını nəzərdə tutur. Sözügedən fərmanı həyata keçirmək üçün hökumət strukturlarına gender məsələsi üzrə məsul şəxslər təyin olunmuşlar. Fərmana əsasən Azərbaycanın bütün bölgələrində icra hakimiyyəti başçılarının müavinlərindən biri qadınlardan təyin olunmalıdır. Bu fərman artıq bir sıra bölgələrdə həyata keçirilməkdədir.

2000-ci ilin iyun ayında  Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul etmişdir. Bu proqram milli prioritetləri nəzərə alaraq, Pekin Strategiyası əsasında hazırlanmışdır. Proqram siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Milli Fəaliyyət Planının müddəalarını həyata keçirmək üçün qurumlararası qrup yaradılmışdır. Milli Fəaliyyət Planının həyata keçirilməsində həm dövlət strukturlarının, həm də QHT-lərin iştirakı nəzərdə tutulmuşdur.
Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB, AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Hal hazırda, Bakıda və Azərbaycanın digər bölgələrində qadınların siyasətə cəlb olunmaları və qərar qəbul etmə proseslərində iştirakı sahəsində müxtəlif layihələr həyata keçirilməkdədir.

Gender bərabərliyinin təşviqi sahəsində ölkəmizin yaxından əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də BMT-nin Qadınlar üçün İnkişaf Fondudur (UNİFEM). Ölkəmizin UNİFEM-lə əməkdaşlığı “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” (I mərhələ: 2001 – 2004; II mərhələ: 2004 - 2007) adlı regional layihə çərçivəsində həyata keçirilmişdir. Layihə əsasən hökumətlər, qadın koalisiya və şəbəkələri ilə tərəfdaşlıq şəraitində həyata keçirilmiş və gender bərabərliyi və qadınların səlahiyyətlərinin genişləndirilməsi məqsədi daşımışdır.

Layihənin I mərhələsinin (2001-2004) əsas fərqləndirici cəhətlərindən biri ölkəmizdə yerli səviyyədə mövcud olan dəstəyin – yəni qadın təşkilatları, fəallar, liderlər və gənclərin –gender bərabərliyi, sülh quruculuğu və münaqişələrin qarşısının alınması məsələləri ətrafında səfərbər edilməsi olmuşdur. Bu yolla, layihə milli və regional səviyyələrdə qadın şəbəkələri və koalisiyalarının yaradılmasına kömək etmiş, habelə münaqişələrin qarşısının alınması və sülh quruculuğu sahəsində maarifləndirmə və təhsil səylərinə dəstək vermişdir. II mərhələdə isə göstərilən təşəbbüslər indiyə qədər nail olunan nəticələrin təkmilləşdirilməsinə yönəldilir və bu zaman sülh quruculuğunun və qadın hüquqlarının təşviqi və müdafiəsi üçün Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyadan (CEDAW) və BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı Qətnaməsindən (BMTTŞQ 1325) bir istiqamətləndirici çərçivə kimi istifadə edilir. Bu məqsədlə, UNİFEM CEDAW, BMTTŞQ 1325, Minilliyin İnkişaf Məqsədləri və Pekin Fəaliyyət Platforması çərçivəsində gender bərabərliyinə dair götürülən öhdəliklərin monitorinqi və icrası sahəsində hökumətlə milli səviyyədə daha yaxın tərəfdaşlıq qurur. Bundan başqa, UNİFEM hökumətdə və vətəndaş cəmiyyətindəki gender bərabərliyi müdafiəçiləri arasında bu məsələlər ətrafında daha mükəmməl əlaqələrin qurulmasına dəstək verir.

Azərbaycan gender bərabərliyinin təşviqi sahəsində ATƏT-in Bakı Ofisi və Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu ilə də yaxından əməkdaşlı edir. Son illərdə DTİHB tərəfindən Azərbaycanda qadınların ictimai –siyasi fəallığının artırılması məqsədilə bir sıra layihələr (“Qadın liderliyi və siyasi iştirakçılığı”, “Qadınlara qarşı zorakılığın qarşısının alınması”) həyata keçirilmişdir. DTİHB tərəfindən həyata keçirilən layihələr nəticəsində nazirliklər, Konstitusiya və Ali məhkəmələr, Bakı şəhər icra hakimiyyətini əhatə edən dövlət qurumlarında çalışan qadınların şəbəkəsi yaradılmışdır. Şəbəkənin bir sıra dəyirmi masa və seminarları keçirilmişdir.

Qadın hüquqlarının qorunması sahəsində Azərbaycan Avropa Şurası ilə də bir neçə ildir ki, əməkdaşlıq edir. Ölkəmiz AŞ–nın tövsiyələri əsasında qanunvericiliyin gender nöqteyi-nəzərdən təkmilləşdirilməsinə çalışır, o cümlədən AŞ-nın müxtəlif qurumlarının genderin təşviqi sahəsindəki fəaliyyətində yaxından iştirak edir. Hazırda Azərbaycan nümayəndəsi Avropa Şurasının Qadınlar və kişilər arasında bərabərlik üzrə Rəhbər Komitəsinin (CDEG) Sədri vəzifəsini yerinə yetirir. Azərbaycanın yüksək səviyyəli nümayəndə heyəti 2002-ci il iyunun 20-21-də Skopyedə Avropa Şurası ölkələrinin qadınlar və kişilər arasında bərabərlik məsələlərinə cavabdeh nazirlərinin 5-ci, 2006-cı il iyunun 8-9-da isə Stokholmda keçirilən 6-cı  konfransında fəal iştirak etmişdir.

Azərbaycan torpaqlarının 20%-nın işğalı ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzü və keçid dövrünün çətinlikləri, iqtisadi və siyasi vəziyyətə zərər gətirən əsas səbəblərdir. Bu münaqişə 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə  səbəb olmuşdur. Onlardan 54%-i qadınlardır.
BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 1995-ci ildə keçirilmiş 39-cu sessiyasında, Azərbaycan “Hərbi münaqişələr zamanı, sonradan həbs edilənlər də daxil olmaqla girov götürülmüş qadın və uşaqların azad edilməsi” üzrə qətnamənin qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Bu qətnamə müvafiq olaraq 1996, 1997, 1998, 1999, 2000, 2001, 2003, 2004, 2006 və 2008-ci illərdə Komissiyanın sessiyalarında qəbul olunmuşdur.

Münaqişə ilə yanaşı, qadınların ölkənin sosial, siyasi və ictimai həyatında zəif iştirakının digər səbəbi isə cəmiyyətdə qadının rolunu daha çox ailə ilə  əlaqələndirən ənənəvi stereotiplərdir. Bu cür vəziyyət milli gender strategiyasında yeni yanaşmanın yaranmasını tələb edir. Hal-hazırda ölkədə gender strategiyasını inkişaf etdirmək üçün milli mexanizm yaradılır və hökumətin fəaliyyətinə gender aspektinin daxil edilir. Bununla əlaqədar olaraq, dövlət qurumlarında gender məsələləri üzrə məsul olan  şəxslər Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən və hər bir nazirlik çərçivəsində gender siyasətinin təkmilləşdirilməsi və bu sahədə görülən işlərin müzakirə edilməsi üçün işçi qrupuna daxil edilmişlər.

Ölkəmizdə gender bərabərliyinin təşviqi sahəsində atılmış mühüm addımlardan biri 2006-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi olmuşdur. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır.

Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə də xüsusi önəm verir. 2007-ci il yanvarın 23-də BMT-nin Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Komitəsində (CEDAW) ölkəmizin  Qadınlara qarşı ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya üzrə Azərbaycanın 2-ci və 3-cü dövrü hesabatına baxılmışdır. Hesabatın ingilis və rus dillərindəki versiyalarını və onunla bağlı bütün sənədləri aşağıdakı internet ünvanından əldə etmək mümkündür: www.un.org/womenwatch/daw/cedaw/
Hazırda Azərbaycan Hökuməti beynəlxalq səviyyədə də qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun göstəricisi olaraq, 2008-ci il iyunun 10-11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilmişdir.

Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzunun və qadın hüquqlarının təşviqinə dəstək verməsinin göstəricisi olaraq 2010-cu ildə Avropa Şurası ölkələrinin qadınlar və kişilər arasında bərabərlik məsələlərinə cavabdeh nazirlərinin 7-ci konfransının Bakıda keçirilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasında gender siyasətinin həyata keçirilməsinin milli qanunvericilikdə əsasları

Azərbaycan Respublikası Prezidentinin  “Azərbaycan Respublikasının Qadın Məsələləri üzrə Dövlət Komitəsinin yaradılması” üzrə 1998-ci il 14 yanvar tarixli fərmanı. Komitənin əsas məqsəd və vəzifələri qadınların hüquqlarının müdafiəsi, qadınların ölkənin sosial və siyasi həyatında iştirakının təşviq edilməsidir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi” haqqında 2000-ci il 6 mart tarixli fərmanı. Bu sənəd, bütün dövlət strukturlarında qadın və kişilər arasında bərabərliyin təmin edilməsini, müvafiq dövlət proqramları hazırlamaqla qaçqın və məcburi köçkün qadınların işlə təmin edilməsini, qanunvericiliyin gender nöqteyi-nəzərdən dəyişdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı” adlı qərarı. Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq Pekin Strategiyası əsasında hazırlanmışdır.

Milli Fəaliyyət Planı aşağıdakı sahələri əhatə edir:

Qadın və iqtisadiyyat;
Qadın və təhsil;
Qadın və sağlamlıq;
Qadın və zorakılıq;
Qadın və hərbi münaqişələr;
Qaçqın və məcburi köçkün qadınlar;
Qadın və kütləvi informasiya vasitələri;
Qadın və ətraf mühit;
Qız uşaqları;
Qadınların dövlət strukturlarında və qərar qəbul etmə prosesində iştirakı;
Beynəlxalq qadın təşkilatları ilə əməkdaşlığın inkişafı.
Planın müddəalarını həyata keçirmək məqsədi ilə qurumlararası işçi qrupu yaradılmışdır.

I. Gender siyasətinin gücləndirilməsi üzrə ölkə Prezidentinin fərmanı

Məqsədlər:

- Dövlət strukturlarında qadın siyasətinin həyata keçirilməsi və qadınların hökumətdə qərar qəbuletmə səviyyəsində iştirakının artırılması;
- Gender üzrə statistik məlumatın toplanılması;
- Mövcud olan qanunlara müvafiq düzəlişlər etmək və qadın hüquqlarının müdafiəsini gücləndirmək məqsədlə qanunvericiliyə yenidən baxılmasını təşkil etmək;
- Qaçqın və məcburi köçkün qadınlar üçün iş imkanlarının təmin edilməsi məqsədi ilə müvafiq proqramların hazırlanması və həyata keçirilməsi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti sözügedən fərmanı həyata keçirmək üçün səlahiyyətli orqandır.

II. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

2006-cı ilin dekabrında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanununun qəbul edilmişdir. Qanunun əsas məqsədi kişi və qadınların ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Qanun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətlərini və vəzifələrini müəyyən etmişdir.

III. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli fərmanı ilə yaradılmışdır. Bu komitə, Azərbaycanda ailə və uşaq məsələləri ilə yanaşı, gender siyasətini həyata keçirən və nazirliklərlə eyni statusa malik olan  yeganə hökumət orqanıdır.

Məqsədləri:

- Siyasi, iqtisadi və sosial sahələrdə qadınların hüquqlarının qorunması;
- Ölkənin sosial və siyasi həyatında qadınların fəal iştirakını təşviq etmək;
- Qadınların işlə təmin olunması üçün müvafiq milli siyasətin hazırlanması;
- Qadın problemlərini həll etmək, qadın hüquqlarını qorumaq, qadınların müvafiq dövlət strukturlarına işə cəlb etmək məqsədilə birgə tədbirlərin görülməsi;
- Dövlət strukturları ilə milli və beynəlxalq qadın təşkilatları arasında əməkdaşlığın inkişafı üçün tədbirlərin görülməsi;
- Azərbaycanda qadınların sosial və iqtisadi vəziyyətinə dair illik hesabatın hazırlanması;
- Qadın hüquqları üzrə qanunvericiliyin öyrənilməsi və yayılması;
- 2000-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qadın məsələləri üzrə Milli fəaliyyət planının həyata keçirilməsini əlaqələndirmək;
- Qaçqın və məcburi köçkün qadınlara və az təminatlı qadınlara sosial sahədə yardımın göstərilməsi;
- Gender siyasəti üzrə milli mexanizmin hazırlanması.

IV. Dövlət strukturlarında Gender məsələsinə məsul olan şəxslər

Hazırda gender məsələləri üzrə məsul şəxslər demək olar ki, bütün hökumət strukturlarında və Azərbaycanın bütün rayonlarının icra hakimiyyəti orqanlarında fəaliyyət göstərirlər.
Bir çox qurumlarda onlar mütəxəssis səviyyəsində, bəzilərində isə hətta Sədr/Nazir Müavini və Sədr/Nazir məsləhətçisi səviyyəsində fəaliyyət göstərirlər.   
Gender məsələləri üzrə məsul olan şəxslərin əsas vəzifələrindən biri   Qadın məsələləri üzrə Milli Fəaliyyət Planının müvafiq müddəalarını həyata keçirmək  və müxtəlif sənədlərin milli səviyyədə  qəbul olunması üçün işçi qruplar səviyyəsində  müzakirələrdə iştirak etməkdir.

Qadın hüquqlarının qorunması, onların ictimai-siyasi fəallığının artırılması, gender bərabərliyinin təşviqi xarici siyasətdə hər zaman önəm verilən məsələlərdən olmuşdur. 2010 və 2011-ci il ərzində bu sahədə işlər davam etdirilmişdir. Qadınlara həsr olunan bir sıra konfrans və görüşlərdə XİN əlaqələndirici qisimdə çıxış etmiş, eyni zamanda fəal iştirak etmişdir. 

Son yenilənmə tarixi: 09.04.2013

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ