İnsan haqları

 

1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya ölkəmizdə əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin «Əsas insan və vətəndaş hüquqları və azadlıqları» adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.

Azərbaycan Respublikasında ictimai həyatın bir çox sahələrində dərin islahatlar həyata keçirilmişdir. Ölkənin demokratikləşdirilməsi sahəsində aparılan islahatların sırasında Azərbaycanın hüquqi sisteminin Avropa İnsan hüquqları Konvensiyası və digər vacib beynəlxalq sənədlərdə təsbit edilmiş beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması istiqamətində atılan addımlar mühüm yer tutmuşdur.

Azərbaycan Respublikasının Mülki, Mülki-Prosessual, Ailə, Əmək, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcra edilməsi haqqında, Gömrük və Vergi Məcəllələri, Yığıncaq azadlığı, Kütləvi informasiya vasitələri, Qeyri-hökumət təşkilatları (ictimai birlik və fondlar) və Vəkillik haqqında mühüm əhəmiyyətə malik olan qanunları qəbul edilmişdir.

İşgəncələr və digər qəddar, qeyri-insani hərəkətlərin, yaxud ləyaqəti alçaldan rəftarın qarşısının alınması üçün beynəlxalq təşkilatlar tərəfindən təklif edilmiş tövsiyələrin Azərbaycan Respublikası tərəfindən yerinə yetirilməsi üçün konkret tədbirlər görülmüş, yeni Cinayət Məcəlləsinə işgəncəyə görə ciddi cinayət məsuliyyəti nəzərdə tutan müvafiq maddə daxil edilmiş, təhqiqat, ibtidai istintaq dövründə və ya cəza çəkilərkən, habelə hərbi xidmət dövründə vəzifəli şəxslər tərəfindən vətəndaşların və ya, həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin işgəncə və ləyaqəti alçaldan qeyri-insani rəftar və cəza növlərinə məruz qalmaları cinayət qaydasında cəzalandırılmalı əməllər kimi müəyyənləşdirilmişdir.

Penitensiar sistemdə islahatlar sahəsində də böyük işlər görülmüşdür. Avropa Şurası qarşısında götürülmüş öhdəliyə uyğun olaraq, Azərbaycan hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bağlanılmış sazişə əsasən, BQXK nümayəndələri azadlıqdan məhrumetmə yerlərinə baş çəkə bilərlər.

Azərbaycan Respublikasında 1993-cü ildə ölüm hökmünün icrasına moratorium qoyulmuş, 1998-ci ilin fevral ayının 10-da isə tamamilə ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçmiş SSRİ məkanında ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin tabeçiliyində olan ilkin həbs saxlama yerləri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.

Məhkəmə və hakimlər haqqında qanun bütün şəxslərin məhkəmə qarşısında bərabərliyi, müstəqil məhkəmələr tərəfindən ədalət mühakiməsinin ədalətlə və maneəsiz həyata keçirilməsi, təqsirsizlik prezumpsiyası, məhkəmə baxışının açıq, çəkişmə qaydası əsasında həyata keçirilməsi kimi ədalət mühakiməsi prinsiplərini müəyyənləşdirmişdir.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində beynəlxalq təşkilatlar qarşısında Azərbaycan tərəfindən götürülmüş geniş miqyaslı və spesifik öhdəliklər ölkədə yeni bir mühit yaratmış və Hökumətin gündəliyinə yeni vəzifələr daxil etmişdir. Bu baxımdan, öhdəliklərin yerinə yetirilməsinə nəzarət və implementasiya tədbirlərinin birləşdirilməsi prosesi siyasi öhdəliklərin hüquqi qaydalara və dövlətçilik təcrübəsinə çevrilməsinə töhfə vermişdir. Müstəqillik qazandıqdan sonra qısa bir müddətdə demokratik institutların yaradılması və möhkəmləndirilməsi, insan hüquqları dəyərlərinin müdafiəsi və təşviqi daxili və xarici siyasətin əsas komponentlərinə çevrilərək cəmiyyətin şüuruna təsir göstərmiş, vətəndaşlar üçün yeni imkanlar və dövlət qurumları üçün isə ciddi öhdəliklər yaratmışdır.

İnsan hüquqlarının təmin edilməsi sahəsində mühüm addımlardan biri də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının qəbul edilməsi olmuşdur. Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra dövlət qurumlarının təklifləri əsasında hazırlanmış Milli Fəaliyyət Planı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli 1889 saylı Sərəncamı ilə təsdiq edilmişdir.

2007-2008-ci illər ərzində Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının İcrası və İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmin edilməsi, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində bir sıra tədbirlər görülmüşdür. Bu istiqamətlər üzrə həyata keçirilməsi planlaşdırılan tədbirlərə gəlincə, Ombudsman aparatının təklifi ilə İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının (MFP) internet saytının yaradılmışdır. Saytda MFP-nin icrasının vəziyyətinə dair məlumatlar, dövrü hesabatlar, işçi qrupların görüşləri barədə məlumatların və digər informasiyanın əks etdirilir.

27 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilmişdir. Konseptual və miqyaslı xarakter daşıyan həmin Proqramda Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq müqavilələrə qoşulması prosesinin davam etdirilməsi, yeni qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin insan hüquqları sahəsində ixtisaslaşan qurumlar, Qaçqınlar üzrə Ali Komissarlıq, YUNESKO, YUNİSEF, Dünya Bankı, habelə Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər regional təşkilatlar ilə birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, habelə korrupsiya ilə mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, əhaliyə göstərilən elektron xidmətlərin inkişaf etdirilməsi sahəsində fəaliyyətin vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda davam etdirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT , Avropa Şurası və Avropa İttifaqı mühüm yer tutur.

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycan hökuməti ilə BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığı arasında səmərəli əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq ilkin olaraq 1998-ci ildə imzalanmış və müddəti 2000-ci ilədək müəyyən edilmiş “İnsan hüquqlarının təşviqi və müdafiəsi üçün imkanların və infrastrukturun gücləndirilməsi” (Strengthening Capacities and Infrastructure for the Protection and Promotion of Human Rights in Azerbaijan) adlı texniki əməkdaşlıq sənədinə əsasən həyata keçirilmişdir. Məsələnin aktuallığı nəzərə alınaraq, keçirilən proqramların davam etdirilməsi məqsədilə 2001-ci ilin dekabrında Ofislə Azərbaycan hökuməti arasında yeni layihə sənədi imzalanmışdır. Layihə çərçivəsində insan hüquqları sahəsində müxtəlif tədbirlər (seminar, treninq, təcrübə mübadiləsi, hüquqi ədəbiyyatın nəşri və s.) keçirilmişdir. Layihənin həyata keçirilməsində Azərbaycan tərəfindən əlaqələndirici qurum kimi Ədliyyə Nazirliyi çıxış etmişdir. 2005-ci il dekabrın 5-7-də Bakıda müqavilələrin implementasiyası üzrə nəzarət qurumlarına dövrü hesabatların təqdim edilməsi mövzusuna həsr edilmiş seminar, 2006-cı ildə isə layihə çərçivəsində hakimlər və prokurorlar üçün ikinci seminar təşkil olunmuşdur. 2006-cı ildə Azərbaycanın insan hüquqları sahəsində əldə etdiyi mühüm nailiyyətlərdən biri ölkəmizin BMT-nin yeni yaradılmış İnsan Hüquqları Şurasına üzv seçilməsi olmuşdur. 

2012-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmal üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının 1-ci məruzəsinə dair yekun rəyində  verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi aidiyyəti üzrə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurasına təqdim edilmişdir. Eyni zamanda, Universal Dövri İcmal üzrə ölkəmizə münasibətdə verilmiş tövsiyələrin həyata keçirilməsi prosesi ilə bağlı tədbirlər və buradan irəli gələn digər məsələlər haqqında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və İnsan Hüquqları Şurası mütəmadi olaraq məlumatlandırılmışdır.   

27 fevral – 23 mart 2012-ci il tarixində keçirilmiş BMT-nin İnsan Hüquqları Şurasının 19-cu sessiyası çərçivəsində “Milli, etnik, din və dil azlıqlarının hüquqları üzrə bəyannamənin qəbul olunmasının 20-ci ildönümünün qeyd edilməsi” adlı panel müzakirə edilmişdir. Sessiyada Azərbaycan tərəfinin fəal iştirakı təmin olunmuşdur. Panel müzakirələr Bəyannamənin həyata keçirilməsi, əldə olunmuş nailiyyətlər, ən yaxşı təcrübələr və mövcud problemlərə həsr olunmuşdur.  

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Azərbaycan Respublikası Prezidenti tərəfindən 2011-ci ilin dekabr ayında təsdiqlənmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq məqsədilə Milli Fəaliyyət Proqramı”nın həyata keçirilməsinə dəstək verilməsinə hazır olduğunu bildirmişdir.  

27 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırmaq sahəsinə Milli Fəaliyyət Proqramı” və BMT-nin İnsan Hüquqları Şurasının Universal Dövri İcmalı üzrə İşçi Qrupunun Azərbaycan Respublikasının birinci məruzəsinə dair yekun rəyində verilmiş tövsiyələrin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Hökumətinin aralıq məruzəsi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim edilmişdir. 

Fiziki və əqli sağlamlığın mümkün olan ən yüksək standartlarından istifadə hüququ üzrə xüsusi məruzəçisi Anand Qrover regionlarda səhiyyə sahəsində mövcud vəziyyətlə tanış olmaq məqsədilə 16-23 may 2012-ci il tarixlərində Azərbaycana səfər etmişdir.

2012-ci ilin 18 iyun - 6 iyul tarixlərində BMT-nin İnsan Hüquqları Şurasının 20-ci sessiyası çərçivəsində Azərbaycanda təhsil hüququ, qadınlara qarşı ayrıseçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində milli institutların fəaliyyəti, məcburi köçkünlərin insan hüquqları və internetdə insan hüquqlarının müdafiəsi üzrə qətnamələrin hazırlanması prosesində iştirak etmiş və bu sənədlərə həmmüəllif qismində qoşulmuşdur.

Azərbaycan Respublikasının 2001-ci ildə Avropa Şurasına üzv olmasından sonra, ölkədə insan hüquqlarının təmin edilməsi, qanunun aliliyinin gücləndirilməsi və demokratikləşdirmə məsələlərinə istər hökumətin, istər vətəndaş cəmiyyətinin, istərsə də dünya ictimaiyyətinin diqqəti artmışdır. Bu, bir tərəfdən ölkəmizin öz iradəsi ilə Avropa Şurası qarşısında üzərinə müvafiq öhdəliklər götürməsindən irəli gəlirsə, digər tərəfdən həyatın müxtəlif sahələrinə aid daim təkmilləşən və özünü müxtəlif sənədlərdə əks etdirən Avropa standartlarına uyğunlaşma tələbi ilə bağlıdır.

Azərbaycan Avropa Şurası ilə demokratik dövlət quruculuğu, insan hüquqlarına hörmət və ölkədə qanunun aliliyinin tam təmin edilməsi sahəsində hərtərəfli əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan məhkəmə sisteminin islahatı, vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə, ictimai televiziyanın fəaliyyətə başlaması istiqamətində mühüm tədbirlər görmüşdür.

İnsan hüquqları məsələlərinə Avropa İttifaqı ilə genişlənməkdə olan əməkdaşlıq kontekstində ayrıca diqqət yetirilir. Bu baxımdan, xüsusilə 2006-cı il noyabrın 14-də qəbul olunmuş, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmin edilməsi və eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. Digər tərəfdən, Avropa İttifaqının bu Fəaliyyət Planın icrasının dəstəklənməsinə yönələn 2007-2010-ci illər üçün Azərbaycan üzrə Milli İndikativ Proqramında insan hüquqları sahəsində konkret əməkdaşlıq fəaliyyətlərinin müəyyən edilməsini nəzərdə tutmuşdur.

Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə və standartlara uyğunluğunun təmin edilməsi istiqamətində Avropa Şurasının müvafiq qurumları ilə, xüsusilə də Venesiya Komissiyası ilə əməkdaşlığın inkişaf etdirilmiş, Azərbaycan Respublikasının defamasiya haqqında qanun layihəsinin hazırlanmasında ölkəmizə köməklik göstərilməsinə razılıq əldə edilmişdir.

8 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiyasına 15 may 2013-cü il tarixli Əlavə Protokolu”imzalamışdır.    

14 may 2012-ci il tarixində Azərbaycan Respublikası Avropa Şurasının Ekstradisiya haqqında Konvensiyasının Üçüncü Əlavə Protokolunu imzalamışdır.   

2012-ci ilin oktyabr ayının 29-31 tarixlərində, Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Draqoni-Battaininin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfər etmişdir. Səfər zamanı, Avropa Şurasının Azərbaycan üzrə 2013-2015 illər üçün Fəaliyyət Planının əsas mövzuları ətrafında Azərbaycanın müvafiq dövlət qurumları ilə fikir mübadiləsi aparılmışdır. 

2012-ci ilin dekabr ayının sonunda Avropa Şurası tərəfindən Fəaliyyət Planının layihəsi hazırlanaraq Azərbaycan hökumətinə rəy və təkliflər üçün təqdim edilmişdir..   

İnsan hüquqlarının təşviqi və müdafiəsi sahəsində Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də ATƏT-dir. 1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Bakı Ofisinin dəstəyi ilə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, fikir və ifadə azadlığının təşviqi, gender bərabərsizliyi və qadınlara qarşı zorakılıqla mübarizə, işgəncələrin qarşısının alınması, insan hüquqları üzrə maarifləndirmə, azad və ədalətli seçkilər sahələrində mühüm layihələr və tədbirlər həyata keçirilmişdir. 2002-2005-ci illərdə ATƏT-in DTİHB Avropa Komissiyası ilə birlikdə Cənubi Qafqaz ölkələrində 3 illik “Münaqişələrin qarşısının alınması və insan hüquqları sahəsində imkan quruculuğu” adlı proqram həyata keçirmişdir. Proqram penitensiar sistemin islahatı və penitensiar sistem işçilərinin treninqi, insan hüquqları sahəsində yerli QHT-ləri treninqi, insan alverinə qarşı mübarizə sahəsində QHT-lərə dəstək göstəriməsini əhatə etmişdir.

ATƏT insan hüquqları sahəsində maarifləndirmə istiqamətində də ölkəmizdə əhəmiyyətli tədbirlər görmüşdür. 2005-ci ilin sentyabr-dekabr aylarında ATƏT sədrliyi çərçivəsində Uşaq Hüquqları Konvensiyasına əsaslanan 10-12 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş “İnsan Hüquqlarının Tədrisi üzrə Xüsusi Pilot Layihə” həyata keçirilmişdir. Layihənin tətbiqinə başlamazdan öncə Sloveniya Xarici İşlər Nazirinin müşaviri, ATƏT məsələlərinə məsul Blanka Yamnişek 2005-ci il sentyabrın 20-22-də ölkəmizə səfərdə olmuşdur. Səfər çərçivəsində B.Yamnişek bir sıra dövlət rəsmiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri ilə görüşlər keçirmişdir. Layihə 5 məktəb, 14 müəllim və 476 şagirdi əhatə etmişdir.

Azərbaycan çoxmillətli ölkədir və burada yaşayan etnik qruplar müxtəlif din və məzhəblərə etiqad edir. Ölkədə bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərdən başqa pravoslav kilsələri, erməni apostol kilsələri, yəhudi, gürcü, malakan, protestant, krişna və bəhai dini cəmiyyətləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda din dövlətdən ayrıdır.

2012-ci ilin 8-12 oktyabr tarixlərində ATƏT-in hazırkı sədrinin üç din (müsəlman, xristian və yəhudi)  üzrə xüsusi nümayəndələri Azərbaycana səfər etmiş və aidiyyəti üzrə dövlət qurumları, dini icmaların rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirmişlər.

Bu gün Azərbaycanda 600-dən artıq informasiya agentlikləri və qəzetlər rəsmi olaraq dövlət reyestrində  qeydiyyata alınmışdır. Siyasi partiyaların əksəriyyəti öz qəzetlərini nəşr etdirirlər. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsinin Ofisi və Azərbaycan Hökuməti arasında aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin inkişafına dövlət dəstəyi fondunun maliyyə dəstəyi, ATƏT-in KİV azadlığı üzrə nümayəndəsinin ofisinin və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 2012-ci ilin noyabr ayında Azərbaycanda iki layihə həyata keçirilmişdir. Sözügedən layihələr “İctimai nümayişlərdə KİV nümayəndələrinin təhlükəsizliyi üzrə təlim seminarı” və “Azərbaycandan olan jurnalistlər və dövlət qurumlarının mətbuat katibləri üçün hökumətin malik olduğu informasiyaya çıxışına dair seminar” adlı layihələr idi. Hər iki layihənin ümumi büdcəsi təxmini 36 515 avro təşkil etmişdir. ATƏT-in KİV azadlığı üzrə Nümayəndəsi D.Miyatoviç 2012-ci il noyabrın 6-9-da Bakıda keçirilmiş “İnternet idarəçiliyi Forumu”na qatılaraq sözügedən layihələrdə iştirak etmiş, habelə Azərbaycanın müvafiq dövlət qurumlarında görüşlər keçirmişdir. 

“Ekstremal şəraitdə polis və jurnalist münasibətləri” mövzusunda Bakıda və ölkənin bir sıra digər regionlarında ATƏT və respublika Mətbuat Şurası tərəfindən birgə tədbirlər təşkil edilmişdir. Hazırda ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin səmərəli təşkili, polis-cəmiyyət, polis-vətəndaş münasibətlərinin etibarlı qurulması, habelə hüquq qaydasının təmin olunmasında vətəndaşların könüllü köməyindən istifadə etmək məqsədilə respublikanın bir sıra şəhər və rayon polis orqanlarında eksperiment qaydasında “İctimai polis” layihəsi həyata keçirilir. Bu layihə çərçivəsində ATƏT-in təşəbbüsü ilə polis orqanlarının bir sıra əməkdaşları mart ayında bəzi Avropa ölkələrində təcrübə keçmişlər. 

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi haqda 2007-ci il, 27 iyul tarixli və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması haqda 2007-ci il, 13 dekabr tarixli Fərmanları bunu göstərir. 2008-ci ilin martında Azərbaycan Respublikasının Prezidenti yanında qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına QHT-lər tərəfindən namizədlərin seçilməsi il əlaqədar iclaslar keçirilmiş, bu iclaslarda Şuraya seçilmək üçün QHT-lər tərəfindən 24 nəfərin namizədliyi irəli sürülmüşdür. 2008-ci il, 18 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqda sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq 3 üzvü dövlət orqanları, 8 üzvü isə QHT-lərin təklif etdiyi nümayəndələrindən olmaqla Şuranın 11 üzvü təyin edilmişdir. Aprelin 21-də Şuranın ilk iclası keçirilərək, onun sədri, sədr müavini və katibi seçilmiş və Şura artıq fəaliyyətə başlamışdır. 2012-ci ildə Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycanın və Hindistanın insan hüquqları sahəsində araşdırmalar aparan 7 elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlıq qurulmuşdur.

 

Son yenilənmə tarixi: 26.02.2013

 

 

DİPLOMATİYA ALƏMİ JURNALİ