Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı

Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə (yerlərdə) daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı vətəndaş tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilən məlumatlar əsasında aparılır.

Uçot (qeydiyyat) zamanı xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş müvafiq uçot vərəqəsinin elektron forması doldurulur. Uçota (qeydiyyata) alınan vətəndaşın rəngli fotoşəkli (3,5 x 4,5 ölçülü),  həmin vətəndaşın şəxsiyyətini təsdiq edən sənədin surəti, xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən (yalnız xarici ölkələrdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) və həmin ölkədə işləməsi barədə rəsmi sənədlər (yalnız xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarına aiddir) skan olunaraq elektron formaya əlavə olunur.

Azərbaycan Respublikasının konsulluqları olmayan xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları bu Qaydaların 5-2.2-ci bəndində qeyd olunan sənədləri təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərməlidirlər.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə elektron qaydada göndərilmiş məlumatların düzgünlüyü və tələb olunan sənədlərin tamlığı Nazirliyin məsul əməkdaşı tərəfindən yoxlanıldıqdan sonra dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi vasitəsilə vətəndaşın yaşadığı yerə ən yaxın olan Azərbaycan Respublikasının konsulluğuna göndərilir.

Məlumatlar Azərbaycan Respublikasının konsulluğu tərəfindən yoxlanıldıqdan sonra uçota (qeydiyyata) alınan vətəndaşın elektron poçt ünvanına uçota (qeydiyyata) alınması barədə bildiriş göndərilir.