Xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqda, təyinat ölkələrinə gəldikdən sonra bir ay müddətində Azərbaycan Respublikasının həmin ölkədəki konsulluğunda qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat zamanı, xarici ölkədə daimi və ya müvəqqəti yaşayan vətəndaş üçün nəzərdə tutulmuş müvafiq uçot vərəqəsi doldurulur və həmin ölkədə işləməsi barədə rəsmi sənəd əlavə olunur.

Azərbaycan Respublikasının konsulluğu xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatları (uçot vərəqəsinin və işləmək barədə rəsmi sənədin surəti) bir ay müddətində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə verir və həmin idarə bu məlumatları ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir.