Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası uçotu

Azərbaycan Respublikasının konsulluğu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası təyin edilmiş, xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyası uçotunu aparır, onların siyahısını tərtib edir və həmin siyahını ildə iki dəfə (martda və sentyabrda) Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi ərazi üzrə) göndərir. 

Azərbaycan Respublikasının konsulluğu xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına əmək pensiyasının təyin edilməsi məqsədilə onların ərizələrinin və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərin sürətlərini konsulluğun müşayiət məktubuna əlavə edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanına (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi ərazi üzrə) göndərilməsini təmin edir. Azərbaycan Respublikasının konsulluğunun müşayiət məktubunda vətəndaşa əmək pensiyasının təyin edilməsi üçün təqdim olunmuş sənədlərin adları sadalanır.

Azərbaycan Respublikasının konsulluğu müraciət edən vətəndaşa əmək pensiyası təyin olunduğu təqdirdə onun uçot vərəqəsinin 7-ci bəndində “əmək pensiyaçısı” sözünü qeyd edir, vətəndaşın əmək pensiyası hüququ olmadığı hallarda isə əmək pensiyasını təyin edən orqanın pensiya təyin olunmasından imtina edilməsi barədə qərarını bütün sənədlərlə birlikdə ərizəçiyə çatdırılmasını təmin edir.

Azərbaycan Respublikasının konsulluğu xaricdə daimi yaşayan və əmək pensiyası alan Azərbaycan Respublikası vətəndaşını uçotdan çıxardıqda, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanını (Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yerləşdiyi ərazi üzrə) məlumatlandırır.