Ümumi müddəalar

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı məsələləri Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Q/07-12 saylı, 12 sentyabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı Qaydaları” tənzimlənir.

 

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 13-cü və 58-ci maddələrinə, Azərbaycan Respublikasının 1994-cü il 08 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”nin 25-ci və 39-1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”nin 8.34-cü bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının konsulluqları (yəni, səfirliyin konsulluq şöbəsi, baş konsulluq, konsulluq, vitse konsulluq və konsulluq agentliyi) xarici ölkələrdə konsulluq dairəsində daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının uçotunu və xarici hüquqi və ya fiziki şəxslərin birbaşa dəvəti, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslərin vasitəçiliyi ilə və ya fərdi qaydada, xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra: xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları) qeydiyyatını aparırlar.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə aparılır.

Xarici ölkələrdə daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı onların hüquqlarının dövlət tərəfindən müdafiəsinin tam şəkildə təmin edilməsi, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır. 

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatıödənişsiz yerinə yetirilir. 

Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması zamanı onların pasportlarında heç bir qeyd aparılmır. Vətəndaş arzu etdiyi təqdirdə onun konsulluq uçotuna alınması və ya uçotdan çıxarılması barədə konsulluq tərəfindən arayış verilir. Arayışda vətəndaşın adı, atasının adı, soyadı, təvəllüdü və şəxsiyyətini təsdiq edən sənədinin nömrəsi, arayışın verilmə səbəbi, arayışı verən orqanın adı, arayışın verilmə tarixi və arayışı verən vəzifəli şəxsin adı və soyadı qeyd olunur.