Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı məlumat

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən: (10-cu maddə, ikinci hissə)

Xarici dövlətdə yaşayan və xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) yazılı məlumat verməlidirlər.

(Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anketi dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.)

Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən (Maddə 318-2) xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

Şəxs müvafiq yazılı məlumatı aşağıdakı sənədlərə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdəki Səfirlik və ya Baş Konsulluqlarına təqdim etməlidir:

  1. Ərizə anket; (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş)
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  3. Vətəndaşlığını əldə etmiş xarici ölkənin bu barədə verdiyi müvafiq sənədin surəti.

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına daxil olan belə ərizələr əlavələri ilə birlikdə Xarici İşlər Nazirliyi vasitəsilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir. Eyni zamanda, ərizəçiyə xarici ölkənin vətəndaşlığını qəbul etməsi ilə bağlı Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında yazılı məlumatlandırmasını təsdiq edən arayış verilir.

Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, o cümlədən xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”  Azərbaycan Respublikasının Qanunu maddə 18).


                                                                                                                                                         Müvafiqdir: 30.12.2018