2020-02-10

 No:028/20, Azərbaycan Respublikasının Xarici işlər naziri cənab Elmar Məmmədyarovun “Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi” konfransında çıxışı

Qeyri-rəsmi tərcümə

 Vyana, 10 Fevral 2020 il

 

Hörmətli həmsədrlər,

Zati-aliləri,

Xanımlar və cənablar,

İlk növbədə, mən Rumıniyanın Xarici işlər naziri cənab Boqdan Aureskuya və Panama Respublikasının Xarici işlər nazirinin müavini cənab Federiko Alfaroya bu mühüm konfransda bacarıqlı həmsədrliklərinə görə minnətdarlığımı bildirmək istərdim.

Biz, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş direktoru və bütün işçi heyətinə konfransın təşkilində səylərinə görə minnətdarıq.

Fürsətdən istifadə edərək bir daha cənab Rafael Mariano Grossini Baş direktor vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm və səlahiyyətlərinin icrası üçün onunla əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildirirəm.

 

Cənablar,

Azərbaycan nüvə təhlükəsizliyi sahəsində davam edən tendensiyaları yaxından izləyir. Biz mövcud nüvə təhlükəsizliyi təşəbbüslərini dəstəkləyirik və bu sahədə beynəlxalq çoxtərəfli mexanizmlərə xüsusi diqqət yetiririk. Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NSYM) nüvə silahsızlaşdırılması, yayılmama və nüvə enerjisindən dinc məqsədlərlə istifadə üçün qlobal rejimin dayağıdır. Nüvə təhlükəsizliyi, xüsusən nüvə silahlarının yayılması ilə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını bölüşən Azərbaycan, müstəqilliyini əldə etdikdən sonra NSYM-ni ratifikasiya etdi və 1995-ci ildə Müqavilənin müddətsiz uzadılmasını dəstəklədi.

Biz mövcud və meydana çıxan nüvə təhlükəsizliyi təhdidlərindən narahatıq və onları həll etməyə sadiqik. Mövcud təhlükəsizlik mühitində nüvə və ya digər radioaktiv materialdan zərərli məqsədlər üçün istifadə edilməsi istisna edilmir. Bu təhdidin qlobal mahiyyəti bütün dövlətlərdən razılaşdırılmış hərəkət tələb edir. NSYM çərçivəsində təminatlar haqqında sazişlərə əməl olunmaması, yayılmamaq rejiminin davamlılığına və üzv dövlətlərin təhlükəsizliyinə təhdid təşkil edir. Bu baxımdan AEBA təminatları beynəlxalq sülhə və təhlükəsizliyə misilsiz töhfədir.

BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnamələrinə uyğun olaraq, Agentliyin yoxlama və monitorinq fəaliyyətini alqışlayırıq. Biz çoxtərəfli danışıqların və diplomatiyanın uğurunu əks etdirən Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) əhəmiyyətini vurğulayırıq; burada etiraf olunur ki, BHFP-nin müvəffəqiyyətlə həyata keçirilməsi, bütün tərəflərin BHFP-də nəzərdə tutulan üstünlüklərdən tam istifadə etmələri üçün öhdəliklərin tam yerinə yetirilməsini tələb edir.

 

Cənablar,

Beynəlxalq əməkdaşlıq həmişə nüvə təhlükəsizliyi sahəsində səylərimizin mərkəzində olmuşdur. İnanırıq ki, bu sahədə əldə olunan irəliləyiş sülhü və təhlükəsizliyi möhkəmləndirir və etimadı artırır. Bu sahədə fəaliyyətlərimiz həmişə məqsədyönlü olmuşdur və qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda aparılmışdır.

Biz nüvə təhlükəsizliyi qaydaları və standartlarının hazırlanmasında AEBA-nın əsas rolunu tanıyırıq və qiymətləndiririk. Azərbaycan Agentlik ilə nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə uğurlu əməkdaşlığı inkişaf etdirib. Biz mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazırıq. Azərbaycan AEBA-nın İnsidentlər və Qeyri-qanuni Dövriyyə üzrə Məlumat Bazasına töhfə verməklə qanunsuz dövriyyə ilə bağlı beynəlxalq məlumat mübadiləsində iştirak edir.

AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2015-ci ildə Azərbaycan Respublikası və AEBA 2015-2020-ci illər üçün Ölkə Proqramının Çərçivə sənədini imzaladılar və o, normativ hüquqi infrastrukturun təkmilləşdirilməsi, radiasiya təhlükəsizliyi potensialı, nüvə materiallarının təhlükəsizliyi, radioaktiv tullantıların idarə olunması, həmçinin sərhəd və gömrük buraxılış məntəqələrinin radiasiya monitorinqi və nəzarəti sahələrində milli layihələrin əsasını təşkil edir.

Azərbaycan, həmçinin BMT-nin nüvə təhlükəsizliyinin gücləndirilməsi səylərini alqışlayır. Bu baxımdan Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin və sonrakı qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin təmin edilməsi nüvə, kimyəvi və bioloji silahların, eləcə də onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Azərbaycan Nüvə Terrorizmi ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün (NTMQT) tərəfdaş ölkəsi olandan bəri ölkənin nümayəndələri və milli ekspertləri NTMQT tədbirlərində və tematik təlimlərdə fəal iştirak edirlər. Bu forumlar Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi çərçivəsində həyata keçirdiyi tədbirləri haqqında məlumat mübadiləsini aparmağa bir fürsət yaratdı. Bundan əlavə, tərəfdaş ölkələrimizlə qanunsuz dövriyyəyə qarşı mübarizə, yayılmama və normativ hüquqi bazanın gücləndirilməsi sahəsində ikitərəfli əməkdaşlığı davam etdiririk.

Nüvə təhlükəsizliyi nüvə texnologiyalarının idarə edilməsində və nüvə və ya digər radioaktiv materialların istifadəsi və ya daşınması mümkün olduğu hallarında fundamental əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Azərbaycanda bu cür materialların qorunması və nəzarətini gücləndirmək və nüvə təhlükəsizliyi hadisələrinə effektiv reaksiya vermək üçün lazımi işlər görülür. Müvafiq tənzimləmə orqanlarının yaradılması, qanunvericilik və qaydaların təkmilləşdirilməsi və inkişafı, nəzarətə pilləli yanaşmanın tətbiqi, habelə müxtəlif beynəlxalq layihələrdə iştirak və beynəlxalq əməkdaşlığın inkişafı mövcud infrastrukturun inkişafına əvəzsiz töhfə verir.

Radiasiya təhlükəsizliyinə nəzarət haqqında qanunvericilik üzərində işimizi davam etdiririk. Artıq Azərbaycan nüvə və radiasiya tullantılarının ölkəyə gətirilməsini qəti qadağan edən normativ akt və qaydaları qəbul edib. AEBA-nın köməyi ilə nüvə və radioaktiv materialların qeydiyyatı və nəzarəti ilə bağlı Azərbaycanın qanunları və digər qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırılır.

Azərbaycan Nüvə Terrorizmi Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya və Nüvə Materialının Fiziki Mühafizəsi Konvensiyasına (NMFMK) qoşulmuş və bu Konvensiyaya Düzəlişi təsdiq etmişdir.

 

Cənablar,

Azərbaycan nüvə təhlükəsizliyinin qorunmasına və daha da gücləndirilməsinə böyük əhəmiyyət verir. Xüsusilə, bölgədəki radikal ekstremizm və terrorizm təhlükəsi qarşısında və coğrafi vəziyyətimizə görə, ərazimizin qanunsuz nüvə ticarəti üçün tranzit marşrutu kimi istifadə edilməsinin qarşısının alınmasına böyük əhəmiyyət veririk.

Beynəlxalq tərəfdaşlarımızla sıx əməkdaşlıq şəraitində beynəlxalq standartlara uyğun möhkəm qanunvericilik bazası ilə hərtərəfli milli ixrac nəzarəti sistemini işləyib hazırlamışıq. Ancaq ərazimizin iyirmi faizinin Ermənistan tərəfindən işğalının davam etməsi səbəbindən sərhədlərimizin əhəmiyyətli bir hissəsi boyunca lazımi nəzarəti təmin edə bilmirik. Bu vəziyyət qanunsuz fəaliyyət, o cümlədən nüvə qaçaqmalçılığı və nüvə terrorizmi üçün əlverişli şərait yaradır.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla regionda və dünyada nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi və nüvə və radioaktiv materialların qanunsuz dövriyyəsi nəticəsində yaranan təhdidlərin azaldılması istiqamətində əməkdaşlığı davam etdirmək əzmindədir və bu məsələdə AEBA-nın əməkdaşlığına və dəstəyinə arxalanır. Dünyanın nüvə təhlükəsizliyinin təşviqində bu konfransın əhəmiyyətini vurğulayaraq, Azərbaycan “Nüvə Təhlükəsizliyi: səylərin davam etdirilməsi və gücləndirilməsi” üzrə Beynəlxalq Konfransın Nazirlər Bəyannaməsini dəstəkləyir.

Təşəkkür edirəm.

Arxiv üzrə axtarış

xin diplomatic service