2019-12-27

No:416/19, Xarici İşlər naziri Elmar Məmmədyarov Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüşdə tərəflər Azərbaycan və Sudan arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi apardılar.

Səfir Abbas Abdalla, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, bu görüşün Sudan-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğuladı.

Sonra səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

Tərəflər arasında, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik  məsələləri  ətrafında fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış

xin diplomatic service