Səyahət məlumatı

 

   

 

 
 
 

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq

 

Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfər etmək istəyən bütün xarici ölkələrin vətəndaşlarına xatırladır ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən davam edən işğal səbəbi ilə sözügedən ərazilər müvəqqəti olaraq Azərbaycan Respublikasının nəzarəti xaricindədir.

Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir.

Bununla əlaqədar olaraq, Nazirlik bütün xarici ölkə vətəndaşlarını Azərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır.

Nazirlik xatırladır ki, Azərbaycan Respublikasının icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqdır. Zəruri hallarda, bu kimi şəxlərə münasibətdə müvafiq hüquqi addımlar atılacaqdır.

 


Səyahət edənlərin sağlamlığı ilə bağlı

 

Dünyanın müxtəlif hissələrində baş verən və ehtimal olunan xəstəliklər, pandemiya və epidemiya təhlükələrindən qorunmaq məqsədilə xarici ölkələrə səyahət edən Azərbaycan Respublikası vətəndaşları, həmçinin Azərbaycan Respublikasına səyahət edən şəxslərin müvafiq peyvənd və tibbi müayinədən keçmələri tövsiyyə olunur.

Bununla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xüsusi poliklinika ayrılmışdır. Profilaktik tədbirlər və tibbi müayinənin həyata keçirilməsi üçün sözügedən şəxslər aşağıda göstərilmiş ünvana müraciət edə bilər:

Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küç., 22, 20 nömrəli poliklinika
Tel: (012) 462 53 72

 


Azərbaycan Respublikası vətəndaşları üçün Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş qaydaları

 

Hal-hazırda Ukrayna hakimiyyət orqanlarının Ukraynanın Krım Muxtar Respublikası ərazisində öz funksiyalarını yerinə yetirə bilməməsi ilə əlaqədar olaraq, Ukrayna Hökuməti xarici ölkə vətəndaşlarına Krıma səfər etməməyi israrla tövsiyə edir.

Nəzərə alınmalıdır ki, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Ukraynanın Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə girişi Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən verilən xüsusi icazə olduğu halda yalnız Ukraynanın müvafiq nəzarət buraxılış məntəqələrindən mümkündür. Xüsusi icazənin tərtibi şərtləri və nəzarət buraxılış məntəqələrinin siyahısı Ukrayna Nazirlər Kabinetinin 4 iyun 2015-ci il tarixli, 367 saylı qərarı ilə təsdiq edilmiş “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə giriş və oradan çıxış Qaydaları”nda müəyyən edilmişdir. Sözügedən qaydalar ilə http://zakon.rada.gov.ua/laws/show/367-2015-%D0%BF internet ünvanından tanış olmaq mümkündür.

Bildirmək istərdik ki, Ukraynanın rəsmi orqanları tərəfindən qabaqcadan verilmiş icazə olmadan Krım Muxtar Respublikası və Sevastopol ərazilərinə giriş və oradan çıxış qaydalarını pozan şəxslər Ukraynanın qüvvədə olan qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunacaqlar.

 


Gürcüstanın mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə səfərlər ilə bağlı xəbərdarlıq

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası vətəndaşlarını Gürcüstan Respublikası mərkəzi hökumətinin nəzarətində olmayan ərazilərə sözügedən ölkənin müvafiq qurumlarının icazəsi olmadan səfər etməməyə çağırır. Gürcüstan qanunvericiliyinə əsasən, bu cür səyahətlər qanunsuzdur və səfər edənlər müvafiq qaydada cəzalandırılacaqdır.

Gürcüstana səyahət etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına yuxarıda qeyd edilən məsələni nəzərə almaları tövsiyyə olunur.

 


Xorvatiya Respublikasına vizaların rəsmiləşdirilməsi barədə

 

Xorvatiya Respublikası ilə “VFS Global” beynəlxalq şirkəti arasında əldə olunmuş razılaşmaya əsasən, 31 iyul 2015-ci ildən etibarən sözügedən şirkətin Bakı şəhərində fəaliyyətə başlayan mərkəzi (http://www.vfsglobal.com/croatia/azerbaijan/) Azərbaycan Respublikası vətəndaşları və ölkəmizdə qanuni əsaslarla yaşayan üçüncü ölkə vətəndaşlarından Xorvatiya üzrə təkkeçidli vizalarla bağlı müraciətlərin qəbuluna başlamışdır. Vətəndaşlar qeyd olunan mərkəzin xidmətlərindən istifadə etməklə yanaşı, müraciətlərini Xorvatiya Respublikasının Ankara şəhərindəki diplomatik nümayəndəliyinə də ünvanlaya bilərlər.
 
 

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi prosesi ilə bağlı bəzi dəyişikliklər

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yalnız aşağıdakı hallarda viza alınması üçün ərizə ilə birbaşa Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər: 

1. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda; 

2. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin rəsmi dəvəti ilə Azərbaycan Respublikasına gəldikdə; 

3. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Baş prokurorunun, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi müdirinin, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi rəhbərliyinin, Qafqaz Müsəlmanları İdarəsi sədrinin, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici şirkət rəhbərlərinin Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə razılaşdırılmış rəsmi dəvəti əsasında Azərbaycan Respublikasına gəldikdə; 

4. Xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri, həmçinin əcnəbilər xüsusi diplomatik missiya ilə Azərbaycan Respublikasına gəldikdə; 

5. Fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak etmək məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi təqdimatı əsasında Azərbaycan Respublikasına gəldikdə; 

6. Azərbaycan Respublikasında yaşayan ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan Respublikasına gəldikdə (ailə üzvünün vəfatını təsdiq edən sənəd əsasında); 

7. Ərazisində Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, konsulluqları akkreditə olmayan və Azərbaycan Respublikası ilə birbaşa hava əlaqəsi olan xarici ölkələrin vətəndaşları Azərbaycan Respublikasına gəldikdə.

 

Arxiv üzrə axtarış

xin diplomatic service