Kimyəvi Silahların Qadağan olunması Təşkilatı və Azərbaycan (OPCW)

Kimyəvi Silahların Qadağan olunması Təşkilatı və Azərbaycan

KSQT-nin yaranma tarixi

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) Kimyəvi silahların istehsalı, hazırlanması, toplanması, kimyəvi silahlardan istifadənin qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiyanın qüvvəyə minməsi ilə əlaqədar olaraq 29 aprel   1997-ci ildə təsis edilmişdir.

Məqsədləri

Konvensiyanın əsas məqsədi kimyəvi silahların istifadəsini tamamilə qadağan etmək və müvafiq nəzarət mexanizmini yaratmaqdır. KSQT sözügedən konvensiyanın effektiv şəkildə icrasını təmin edir. 

Əsas orqanları

KSQT-nin əsas orqanları Tərəf Dövlətlərin Konfransı, İcraiyyə Şurası və Texniki Katiblikdir. 

Mənzil-qərargahı

Təşkilatın mənzil-qərargahı Niderland Krallığının Haaqa şəhərində yerləşir.

Üzv dövlətləri

Konvensiyaya tərəf olan hər bir dövlət KSQT-nin üzvü statusunu qazanır. Hal-hazırda 193 ölkə konvensiyanı ratifikasiya etmişdir. İsrail, Misir, Şimali Koreya və Cənubi Sudan konvensiyaya qoşulmaması səbəbindən təşkilata üzv deyil.

Azərbaycanın KSQT-yə üzvlüyü

Azərbaycan Respublikası 1993-cü ilin 13 yanvar tarixində Kimyəvi Silahlar Konvensiyasını ilk imzalayan dövlətlərdən biri olmuşdur. Qeyd olunan konvensiya  2000-ci ilin 29 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş və bununla ölkəmiz Konvensiya ilə təsis olunmuş KSQT-nin tam hüquqlu üzvü olmuşdur.

Konvensiya müddəalarına uyğun olaraq, Təşkilat ilə əlaqələrin koordinasiyası məqsədilə ölkə üzrə milli əlaqələndirici orqan təsis edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2000-ci il 473 saylı Sərəncamı ilə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilmişdir.

Azərbaycan Respublikası Konvensiyaya qoşularkən kimyəvi silahlara malik olmamış və ölkəmizin ərazisində kimyəvi silahların istehsalı üzrə ixtisaslaşan müəssisələr olmamışdır. Ölkəmizdə Konvensiya ilə bəyan edilməsi nəzərdə tutulan bəzi üzvi kimyəvi maddələrin istehsalı həyata keçirilir və bu barədə illik əsasda Təşkilata müvafiq məlumatlar təqdim olunur.

Azərbaycan Təşkilatın Texniki Katibliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi, Təşkilat çərçivəsində mövcud olan proqramlardan istifadə edilməsi, aidiyyəti sahələr üzrə milli kadr hazırlığı və kadrların peşəkarlığının daha da artırılması, Azərbaycan Respublikasının da daxil olduğu Şərqi Avropa Regional Qrupunun fəaliyyətində aktiv iştirakın təmin olunması, Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində müvafiq fəaliyyət həyata keçirir.

Ölkəmizin təşkilata üzvlüyü zamanı görülmüş işlər sırasına ilk dəfə olaraq KSQT İcraiyyə Şurasına 2017-2019-cu illər üçün üzv seçilməyimizi, Qoşulmama Hərəkatına sədrliyimiz ilə əlaqədar KSQT-nin “Qoşulmama Hərəkatı və Çin” qrupuna 2019-2021-ci illər ərzində sədrliyimizi, 22-26 aprel 2013-cü il tarixlərində Bakıda “Konvensiya çərçivəsində Şərqi Avropa regionunda kimyəvi maddələrin transferinin xüsusiyyətləri” barədə regional təlim kursu, 29 yanvar – 2 fevral 2007-ci il tarixlərində “Milli qanunvericilik və bəyannamə məsələləri”nə həsr olunmuş milli seminar və 24-28 noyabr 2003-cü il tarixlərində aidiyyəti dövlət qurumlarımızın nümayəndələri üçün ilk milli seminarın keçirilməsini daxil etmək olar.

Bununla yanaşı, təşkilat ilə münasibətlərdə qarşılıqlı yüksək səviyyəli səfərlərin təşkili də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 11 iyun 2012-ci ildə Niderland Krallığına səfər zamanı xarici işlər naziri Elmar Məmmədyarov KSQT-nin o zamankı baş direktoru Əhməd Üzümçü ilə görüşmüş və qarşı tərəfi ölkəmizə dəvət etmişdir. Ə.Üzümçü 25-26 aprel 2013-cü il tarixlərində Azərbaycana səfər etmiş və bir sıra yüksək səviyyəli görüşlər keçirmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service