İslam Əməkdaşlıq Təşkilatı (İƏT)

Image result for oic flag

İslam Əməkdaşlıq Təşkilatı (İƏT)

Təsis edilib: 25 September 1969

Qərargahı: Ciddə, Səudiyyə Ərəbistanı Krallığı

BaşKatib: Dr. Yusifbin Əhməd Əl-Oseymin (29 November 2016)

Üzv dövlətlər: Təşkilata 4 qitədən 57 üzv ölkə daxildir. Fələstin istisna olmaqla 56 ölkə BMT-nin üzvüdür.

Azərbaycan, Albaniya, Birləşmiş Ərəb Əmirlikləri, Benin, Burkina Faso, Bəhreyn, Banqladeş, Bruney, Əlcəzair, Əfqanıstan, Cibuti, Çad, Fildişi Sahili, Fələstin, İndoneziya, İran, İraq, İordaniya, Küveyt, Kamerun, QayanaQəmər Adaları, Qətər, Qazaxıstan,  Qırğızıstan, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Liviya, Livan, Misir Ərəb Respublikası,  Mali, Mavritaniya, Mərakeş, Mozambik, Malayziya, MaldivNiger, Nigeriya, PakistanSeneqal, Serra Liona, Səudiyyə  Ərəbistanı Krallığı, Suriya[1]Somali,  SudanSurinam,Toqo, Tunis, Uqanda,Oman,TacikistanTürkiyə, TürkmənistanYəmən, Özbəkistan.  

 

Məqsədləri:

Üzv dövlətlər arasında qardaşlıq və həmrəylik əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi; ümumi maraqların qorunması və mühafizəsi, eləcə də üzv dövlətlərin haqlı mövqelərinin dəstəklənməsi, həmçinin beynəlxalq aləmdə və xüsusilə İslam aləmində üzləşdikləri problemlərə münasibətdə üzv dövlətlərin səylərinin birləşdirilməsi və əlaqələndirilməsi; təcavüz nəticəsində işğala məruz qalmış hər bir üzv dövlətin ərazi bütövlüyünün və tam suverenliyinin bərpa olunmasına beynəlxalq hüquqa əsaslanmaqla və müvafiq regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməklə dəstək vermək; ümumi maraqları təmin etmək naminə üzv dövlətlərin qlobal siyasət, iqtisadi və sosial qərar qəbul etmə prosesində aktiv iştirakını təmin etmək; Fələstin xalqını öz müqəddəratını təyin etmə hüququndan istifadə etmək və Əl-Quds əl-Şərif paytaxt olmaqla öz suveren dövlətini qurmaq, şəhərin tarixi və İslami xüsusiyyətlərini, həmçinin müqəddəs məkanlarını qorumaq işində dəstəkləmək və  gücləndirmək; ümumi İslam Bazarının yaradılması məqsədilə iqtisadi inteqrasiyaya nail olmaq üçün İslam dövlətləri arasında iqtisadi və ticarət əməkdaşlığının gücləndirilməsi; mötədillik və dözümlülüyə əsaslanan İslam dəyərləri və təlimlərinin mühafizəsi, təşviq edilməsi və yayılması, İslam mədəniyyətinin təşviq edilməsi və İslam irsinin qorunması; İslamın ləkələnməsinə qarşı mübarizə aparmaq, sivilizasiyalar və dinlərarası dialoqu təşviq etmək.

 

Təşkilatın yaranmasının qısa tarixçəsi

1969-cu ilin avqust ayında Qüds şəhərində yerləşən Əl-Əqsa məscidinin yandırılmasından bir neçə gün sonra, 14 müsəlman ölkəsinin xarici işlər nazirləri Qahirə şəhərində fövqəladə görüş keçirərək, Yaxın Şərqdəki vəziyyətin müzakirəsi ilə əlaqədar İslam dövlətlərinin Zirvə Konfransının keçirilməsi haqqında Səudiyyə Ərəbistanı Krallığının irəli sürdüyü təklifi qəbul etmişlər.

1969-cu ilin 25 sentyabr tarixində Rabat şəhərində (Mərakeş Krallığı) müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında qəbul edilmiş qərara əsasən İslam Konfransı Təşkilatı (İKT) yaradılmışdır. Həmin sammit zamanı qəbul edilmiş bəyanat görüşdə iştirak edən dövlətlər arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq və qarşılıqlı yardım üzrə məşvərətlərin keçirilməsi, öz aralarında yaranacaq problemlərin BMT-nin məqsəd və prinsipləri əsasında həll edilməsi barəsində öhdəlikləri əks etdirir.

Bu tarixi hadisədən altı ay sonra, 1970-ci ilin mart ayında Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirlərinin I konfransında İƏT Baş Katibliyi təsis edilmişdir. 

İKT-nin ilk nizamnaməsi Rabat görüşündən üç il sonra - 1972-ci ilin mart ayında Ciddə şəhərində keçirilmiş Xarici İşlər Nazirlərinin Konfransında qəbul olunmuşdur. Nizamnaməyə əsasən, dövlət və hökumət başçılarının Rabat zirvə toplantısında, xarici işlər nazirlərinin Kəraçi (1970-ci il) və Ciddə (1972-ci il) konfranslarında iştirak etmiş və həmin sənədi imzalamış hər bir dövlət bu təşkilatın üzvü hesab olunmuşdur. 2008-ci ilin 13-14 mart tarixlərində Dakar şəhərində (Seneqal) İKT-nin 11-ci zirvə toplantısında isə yeni nizamnamə qəbul edilmişdir.

28-30 iyun 2011-ci il tarixlərində Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 38-ci sessiyası zamanı İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

Hazırda 57 dövlət İƏT-ə üzvdür. Bəzi dövlətlər, müsəlman icmaları, habelə bir sıra beynəlxalq və regional təşkilat İƏT yanında müşahidəçi statusa malikdir. Əhalisinin əksəriyyəti müsəlman olan BMT-yə üzv hər bir dövlət İƏT Nizamnaməsinə əməl etmək arzusunu əks etdirən ərizə ilə müraciət etməklə Təşkilata qoşulmaq hüququna malikdir. Bunun üçün İƏT XİN Şurasının qəbul etdiyi meyarlar nəzərə alınmaqla, Şurada konsensus təmin edilməlidir.

İƏT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. BMT Baş Məclisinin 36-cı sessiyasında "BMT ilə İƏT arasında əməkdaşlıq haqqında" qətnamə qəbul edilmiş və İƏT 1975-ci ildən etibarən BMT yanında müşahidəçi statusa malikdir. Eyni zamanda, Cenevrədə və Nyu-Yorkda İƏT-in Daimi müşahidəçi missiyaları fəaliyyət göstərir.

2013-cü ilin iyun ayından etibarən İƏT-in Avropa İttifaqı yanında daimi müşahidəçi missiyası fəaliyyətə başlamışdır. 

Səudiyyə Ərəbistanın sabiq sosial işlər naziri, İƏT-də Baş məsləhətçi və kabinetin Baş direktoru vəzifəsini tutan Yusif bin Əhməd Əl-Oseymin 17 noyabr 2016-cı iltarixindən etibarən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinin icrasına başlamışdır.

Təşkilatın sonuncu Zirvə Toplantısı 2019-cu ilin 31 may tarixində Məkkə şəhərində keçirilmiş və İslam Zirvə Konfransının sədrliyi Türkiyə Respublikasından Səudiyyə Ərəbistanı Krallığına keçmişdir.

 

Azərbaycan və İƏT münasibətləri

Azərbaycan Respublikasının İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir.

Həmin dövrdə, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İslam Konfransı Təşkilatının (İKT) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdur. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdır. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdır.

1992-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində “Ermənistan-Azərbaycan münaqişəsinə dair” müvafiq maddə salınmışdır. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnamə qəbul edilmişdir.

1994-cü ilin may ayından etibarən ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanmışdır.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırmışdır.

Ümummilli Liderin İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı nəticəsində “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnamə həmin ildən etibarən ənənəvi olaraq qəbul edilir. Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: “Azərbaycan Respublikasına iqtisadi yardım” (İKT XİN XXII konfransı, 1994-cü il Kasablanka və İKT VII Zirvə konfransı, 1994-cü il Kasablanka) və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” (İKT XİN XXVI konfransı, 1999-cü il Uaqaduquda və İKT IX Zirvə konfransı, 2000-ci il Doha) adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilmişdir.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı altında qətnamənin ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynamışdır. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə toplantılarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirak etmiş və dövlət başçısının təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransı keçirilmişdir.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları – İSESKO,  İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s. ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman Əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim etmişdir. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim etmişdir. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.

Bundan əlavə Azərbaycan Respublikasının təşəbbüsü ilə İslam Konfransı Gənclər Forumu (hazırda İslam Əməkdaşlığı Gənclər Forumu adlanır), onun Avrasiya Regional Mərkəzi (İƏGF ARM) və İƏT Əmək Mərkəzi kimi qurumlar yaradılmışdır. İƏGF-nin Avrasiya Regional Mərkəzi 2010-cu ildə təsis edilmiş və artıq Bakı şəhərində fəaliyyət göstərir.İƏT Əmək Mərkəzinin nizamnaməsi isə üzv ölkələr tərəfindən ratifikasiya mərhələsindədir.    

İslam Əməkdaşlığı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın aktiv fəaliyyətini də xüsusi olaraq qeyd etmək lazımdır. Məhz onun təşəbbüsü ilə 2009-cu ildə başlanan “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası dünyanın 50-dən artıq ölkəsində həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı “soyqırımı aktı” və “insanlığa qarşı cinayət” kimi tanınmışdır.

2013-cü ilin fevral ayında İƏT-in Qahirə şəhərində keçirilmiş Zirvə Toplantısında qəbul edilmiş Yekun Kommünikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə ilk dəfə olaraq “Xocalıya Ədalət”  beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan Respublikası hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi “soyqırım aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanınır. Sözügedən bəndə əsasən üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır.

Azərbaycanın 2011-2013-cü illərdə BMT TŞ-yə sədrliyi dövründə, daha dəqiq olaraq  2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü ilə BMT tarixində ilk dəfə olaraq “BMT ilə İƏT arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclas təşkil edilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyanın ikinci ən böyük hökumətlərarası təşkilatı olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gecləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. 

2016-cı ilin aprel ayında “Ədalət və sülh naminə birlik və həmrəylik” şüarı altında İstanbul şəhərində keçirilmiş 13-cü İslam Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirin Yekun Kommünikesində Ermənistanın ölkəmizə qarşı təcavüzü, 2016-cı ilin aprel ayının əvvəlində işğalçı ölkə tərəfindən gərginliyin qəsdən artırılması, habelə “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı Təcavüzünə dair İƏT Təmas Qrupu”nun yaradılması haqqında təfərrüatlı bəndlər (16-cı və 17-ci bəndlər) yer almışdır. Təmas Qrupuna 8 ölkə daxildir (Türkiyə Respublikası, Mərakeş Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Pakistan İslam Respublikası, Malayziya, Qambiya İslam Respublikası, Cibuti Respublikası, Somali Respublikası).

2017-ci ilin iyulunda Kotd’İvuarın Abican şəhərində keçirilmiş İƏT XİN Şurasının 44-cü iclasında ilk dəfə olaraq “1992-ci ilin Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə qəbul edilmiş və Xocalı qırğını “müharibə cinayətləri”, “insanlığa qarşı cinayət” və “genosid” kimi tanınaraq, qətiyyətlə pislənilmişdir.

Xocalı soyqırımının tanıdılması istiqamətində İƏT-in digər bir orqanı Parlament İttifaqı (İslam Konfransı Parlament İttifaqı) ilə əməkdaşlıq  mühüm yer tutur. Belə ki, 2010-cu ildən başlayaraq bu qurum tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinin təqdim etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair” və “1992-ci ilin Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması” adlı qətnamələr qəbul olunur.  

2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 dekabr 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli sərəncamları ilə İƏT və Qoşulmama Hərəkatına üzv ölkələrin tələbələri üçün öz təhsillərini Azərbaycanın aparıcı ali təhsil müəssisələrində davam etdirməyə təqaüd ayrılmışdır. 

 

Rəsmi səfərlər və yüksək səviyyəli görüşlər:

3-5 iyun 2012-ci il tarixlərində İƏT Baş katibi E.İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti AR xarici işlər naziri E.Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev, Milli Məclisin Sədri O.Əsədov, xarici işlər naziri E.Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

25-26 aprel 2013-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı keçirilmişdir. Bu toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən “Çərçivə Sənədi” qəbul edilmişdir. Konfransda qəbul edilmiş ən mühüm qərarlardan biri isə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olmuşdur. Azərbaycan Respublikasının İƏT Əmək Mərkəzinə ev sahibliyi etməyə hazırlığı və Mərkəzin uğurla fəaliyyət göstərməsi üçün hər cür köməklik göstərəcəyi vurğulanmışdır.

2013-cü ilin 25 noyabr tarixində vəzifə müddətinin başa çatması ilə əlaqədar olaraq,  İƏT Baş katibi cənab E.İhsanoğlu Azərbaycan Respublikasına rəsmi vida səfəri etmişdir. Səfər zamanı cənab  E. İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş, AR xarici işlər naziri cənab E. Məmmədyarov, Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə ilə görüşmüşdür.

2014-cü ilin 5-7 mart tarixlərində İƏT Baş katibi İyad Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Baş katib AR Prezidenti cənab İlham Əliyev, xarici işlər naziri E.Məmmədyarov, mədəniyyət və turizm naziri  Ə. Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

24-25 avqust 2015-ci il tarixlərində İƏT Baş katibinin ölkəmizə işğüzar səfəri baş tutmuşdur. Səfər çərçivəsində cənab İ.Ə.Mədəni AR Xarici İşlər Naziri tərəfindən qəbul edilmişdir.

24 avqust 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanda işgüzar səfərdə olan İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osaymini qəbul etmişdir. Baş katib Azərbaycanın təşkilatın çox mühüm üzvü olduğunu vurğulayaraq, ölkəmizin dünyada sülhün və təhlükəsizliyin, o cümlədən müsəlman aləmində İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə verdiyi töhfəsinin əhəmiyyətini qeyd etmişdir.    

[1] Üzvlüyü dayandırlıb.

Arxiv üzrə axtarış

xin diplomatic service