Birləşmiş Krallıq

Waving Flag of the United Kingdom (Animated Gif)

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

 

Dövlət başçısı: Kraliça Ülyahəzrət II Elizabet (6 fevral 1952-ci ildən Kraliça elan edilmişdir)

Baş Nazir: cənab Boris Conson

Lordlar Palatasının Sədri: cənab Norman Fauler

İcmalar Palatasının Sədri: cənab Con Berkou

Xarici İşlər naziri: cənab Dominik Raab

 

İkitərəfli münasibətlər

Azərbaycan və Böyük Britaniya arasında əlaqələr tarixi və strateji xarakter daşıyir. Əməkdaşlıq hələ XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmışdır. XX əsrin ilk illərində ingilis şirkətləri tərəfindən Bakının neft müəssisələrinə böyük həcmdə kapital qoyulmuşdur. 1904-cü ildə İngiltərə ağ neftə olan tələbatının 47 faizini Bakının hesabına ödəmişdir.

Böyük Britaniya Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 mart 1992-ci ildə qurulmuşdur. Böyük Britaniyanın səfirliyi ölkəmizdə 1993-cü ilin sentyabr ayında açılmış, Azərbaycanın səfirliyi isə həmin ölkədə 1994-cü ilin yanvar ayından fəaliyyət göstərir. 18 noyabr 2014-cü ildə Azərbaycanın səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim etmişdir. Böyük Britaniyanın Azərbaycanda səfiri Ceyms Layl Şarpdır, yenicə təyin olunmuş və etimadnaməsini hələ ki təqdim etməmişdir.

Böyük Britaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi beynəlxalq hüquq prinsiplərinə əsaslanır, Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü tanıyır və münaqişənin həllinə nail olmaq yolunda ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir.

Azərbaycan-Böyük Britaniya münasibətləri və əməkdaşlığının əlamətdar göstəricisi kimi 22-25 fevral 1994-cü ildə və 19-24 iyul 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti, Ümummilli Lider Heydər Əliyevin, 13-14 dekabr 2004-cü ildə və 13-15 iyul 2009-cu ildə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniyaya rəsmi səfərlərini qeyd etmək vacibdir. Sözügedən səfərlər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı üçün mühüm sənədlər imzalanmışdır.

Azərbaycanla Böyük Britaniya arasında müxtəlif səviyyələrdə intensiv dialoq davam etdirilir və bununla ikitərəfli münasibətlərin inkişafına dəyərli töhfə verilir. Bu dialoqun yüksək səviyyəsinin göstəricisi kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin 11 aprel 2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra, 2018-ci ilin 26 aprel tarixində Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Böyük Britaniyada işgüzar səfərdə olmasını qeyd etmək olar. Belə ki, 18.04.2018 tarixində andiçmə mərasimi keçirilən İ.Əliyev 24 aprel tarixində ilk səfərini Türkiyəyə etmiş və Azərbaycana qayıtmayaraq oradan birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu səfər çərçivəsində ölkə başçısı Britaniyanın Baş naziri Tereza Mey, Britaniya XİN-in Avropa və Amerika üzrə dövlət naziri Alan Dankan, Beynəlxaq Ticarət və İnvestisiyanın Təşviqi üzrə dövlət naziri Baroness Rona Feyrhed, Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının çoxsaylı nümayəndələri, BP şirkətinin rəhbəri Bob Dadli, eləcə də Buckingam sarayında York hersoqu Şahzadə Endryü ilə görüşlər keçirmişdir.

Həmçinin, Azərbaycan və Böyük Britaniyanın müvafiq nazirlik və dövlət qurumlarının yüksək rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilməkdədir.

İki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur və sonuncu siyasi məsləhətləşmələr 2018-ci ilin 24 oktyabr tarixində London şəhərində keçirilmişdir.

Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında ikitərəfli siyasi münasibətlərin inkişaf etdirilməsində və möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin xüsusi rolu var. Azərbaycan Milli Məclisində Böyük-Britaniya və Azərbaycan Parlamentlərarası işçi qrupu fəaliyyət göstərir və qrupun hazırkı sədri Cavanşir Feyziyevdir. Böyük Britaniya Parlamentində də Azərbaycan üzrə Parlament Qrupu mövcuddur. Qrupun sədri Mühafizəkarlar Partiyasından İcmalar Palatasının deputatı Bob Bləkməndir.

 

Ali və yüksək səviyyəli səfərlər

Dövlət başçıları: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Böyük Britaniyaya 2 rəsmi (13-14 dekabr 2004, 13-15 iyul 2009), 5 işgüzar səfəri (26-30 iyul 2012, 3-6 avqust 2012, 3-4 sentyabr 2014, 3-5 fevral 2016, 26 aprel 2018) baş tutmuşdur.

Xarici İşlər nazirləri: Nazir Elmar Məmmədyarovun Böyük Britaniyaya 4 işgüzar səfəri (18-19 sentyabr 2008, 27 yanvar 2010, 24-26 aprel 2012, 2-5 sentyabr 2013) həyata keçirilmişdir.

17 dekabr 2013 tarixində Britaniyanın o vaxtkı xarici işlər naziri Uilyam Heyq Azərbaycana işgüzar səfər etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin digər mühüm istiqamətlərindən biri təhsil, mədəni mübadilə və  xalqlar arasındakı təmaslardır. Bunun təməli 1994-cü ilin fevral ayında Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin imzalanması ilə qoyulmuşdur.

Britaniya universitetləri xarici ölkələrdə təhsil almağa yollanan Azərbaycanlı tələbələrin seçimləri arasında birincilik təşkil edir. 1993-cü ildən Bakıda fəaliyyət göstərən Britaniya Şurası, Azərbaycanda ingilis dillinin tədrisi və azərbaycanlı gənc mütəxəssislərin Britaniyada təhsillərini davam etdirməsi məqsədi ilə müxtəlif proqramlar həyata keçirir. Azərbaycan və Böyük Britaniyaya məxsus bir sıra universitetlər arasında həyata keçirilən müxtəlif mübadilə proqramları çərçivəsində Azərbaycanlı tələbələr Britaniyada, Britaniya tələbələri isə Azərbaycan universitetlərində təhsil ala bilirlər. 

Son illərdə əldə edilən nailiyyətlər sırasında, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın təşəbbüsü və ardıcıl fəaliyyəti nəticəsində Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (2013-cu il) və Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondunun (2016-ci il) təsis edilməsini vurğulamaq olar. 2018-ci ilin may ayının 23-də Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Oksford Universitetinin tərkibində daimi mövcudluğu haqqında müqavilə imzalanmışdır. Həmçinin, qeyd olunan müqaviləyə əsasən, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir. Sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çoxsayda mədəni və elmi tədbirlər keçirilir. 

2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu”nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi qeyd edilməlidir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblından ibarət nümayəndə heyətinin hər il sərgiləndirdiyi bənzərsiz şou-proqramlar və çıxışlar bu möhtəşəm tədbirin ayrılmaz hissəsi kimi qəbul edilir. 2019-cu ilin may ayında keçirilən tədbir üçün Azərbaycan nümayəndə heyəti tərəfindən xüsusi olaraq, "Azərbaycanın kəlağayısı və Qarabağ atları” adlı şou-kompozisiya hazırlanmışdır.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında bugünədək 25 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İqtisadi əlaqələr və enerji sahəsində əməkdaşlıq ikitərəfli əməkdaşlığın özəyini təşkil edir. 1994-cü ilin sentyabrında “Əsrin Müqavilə”si imzalanan vaxtdan Britaniyanın “BP” şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru olmaqda davam edir. Bu əməkdaşlığın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Sazış imzalanmışdır. Sazişin imzalanması tarixi bir hadisədir və ölkələrimiz arasındakı əlaqələrin möhkəmliyinin, qarşılıqlı etimadın və peşəkar investisiya layihələrinin uğurlu təzahürüdür.

Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Bugün bu rəqəm 27 milyard ABŞ dollarını keçmişdir. Hazırda qeyri-neft sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə də böyük diqqət verilməkdədir. Bu məqsədlə, 02 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum”u imzalanmış və 2015-ci ilin 10 avqust tarixində Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir. Komissiyanın üçüncü iclası 2019-cu ilin 22 may tarixində London şəhərində keçirilmişdir.

Bugün Azərbaycanda 500-ə yaxın Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda (mühəndislik, maliyyə, hüquq, audit xidmətləri, maşınqayırma, tikinti) fəaliyyət göstərənlərin sayı çoxdur. İndiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilmişdir.

Azərbaycan ilə ticarət dövriyyəsi (milyon ABŞ dolları ilə)

İl

İdxal

İxrac

Ticarət dövriyyəsi

Saldo

2015

553.33

10.67

564.00

-542.66

2016

495.22

57.24

552.46

-437.98

                 2017          

244.68

41.20

281.06

-198.66

2018

263.7

261.5

525.2

-2.2

 

Azərbaycanın ixrac etdiyi məhsullar: mis və sink əsaslı profillər, maye və qazların təzyiqlərinin ölçülməsi üçün cihazlar, boru kəməri armaturları, emal olunmuş qurğuşun və meyvə şirələri.

Azərbaycana idxal olunan məhsullar: yer və tunelqazan maşınların hissələri, minik avtomobilləri, vakuum nasosları, qoruyucu və boşaldıcı klapanlar, portativ hesablama maşınları və mexaniki qurğular.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

  1. Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya. London, 23 fevral 1994;
  2. Bütün dünyada Neft və Qaz ehtiyatlarının istismar edilməsi sahəsində əldə edilən təcrübə və praktikanın mübadilə edilməsi haqqında Britaniyanın Neft və Qaz Təchizatı Sənayesi adından hərəkət edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Ticarət və Sənaye Nazirliyini təmsil edən Neft və Qaz Layihələri və Təchizatı Ofisi ilə Azərbaycan Hökumətini təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azneftkimyamaş Şirkəti arasında Anlaşma Memorandumu. Bakı, 23 may 1995;
  3. Azərbaycan-Britaniya Ticarət və Sənaye Şurasının yaradılmasına dair Anlaşma Memorandumu. London, 29 noyabr 1995;
  4. Azərbaycan Respublikası Hökuməti və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında sərmayələrin təşviqi və qorunması haqqında Saziş. 04 yanvar 1996;
  5. Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandumu. Bakı, 02 mart 2015.

 

Arxiv üzrə axtarış

xin diplomatic service