Özbəkistan

Waving Flag of Uzbekistan (Animated Gif)

Özbəkistan Respublikası

 

Prezident: Zati-aliləri cənab Şavkat Mirziyoyev

Baş Nazir: cənab Abdulla Aripov

Ali Məclisin Senatının Sədri: cənab Niqmatulla Yuldaşev

Qanunverici Palatanın Sədri: cənab Nurdinjon İsmoilov

Xarici İşlər naziri: cənab Əbdüləziz Kamilov           

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri: cənab Hüseyn Quliyev

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Şerzod Fayziyev

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin rəsmi internet saytı: http://www.tashkent.mfa.gov.az/en

 

İkitərəfli münasibətlər

Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradılmışdır.

1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.

İki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. 27 may 1996-cı ildə Bakıda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, 1997-ci ildə Daşkənddə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında Bəyannamə”, 23 mart 2004-cü ildə Daşkənddə  “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” və 12 oktyabr 2012-ci ildə Bakıda “Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyanatı” imzalanmışdır.

Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

2002-ci ildən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Hazırda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti uğurla fəaliyyət göstərir. Cəmiyyət Özbəkistan Nazirlər kabineti yanında Xarici ölkələrlə beynəlxalq münasibətlər və dostluq əlaqələri üzrə Komitənin nəzdində fəaliyyət göstərir və hər il Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbirlər, layihələr həyata keçirir. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripovdur.

İki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində fəaliyyət aparılır. 4 - 5 fevral   2019-cu il tarixlərində Səfirliyimizin dəstəyi ilə və Özbəkistan Respublikasının investisiya və xarici ticarət nazirliyinin təşkilatı ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi 33 nəfərdən ibarət nümayəndə heyəti Daşkənd şəhərində rəsmi səfərdə olmuşdur. 19-22 fevral 2018-ci il tarixlərində Daşkənd şəhərində ilk Özbəkistan-Azərbaycan biznes-forumu təşkil edilmişdir.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafında xüsusi rol oynayır. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2010-cu ildə 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri (indiki prezident) cənab Şavkat Mirziyoyev tərəfindən açılışı olmuşdur. Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda Səfirliyimizin humanitar sahədə, mədəniyyət, elm, təhsil sahəsində siyasətini həyata keçirir. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru cənab Samir Abbasovdur. Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində ulu öndər Heydər Əliyevin büstü ucalır, Mərkəzdə  4 muzey (Heydər Əliyev Muzeyi, Azərbaycan tarixi və dövlətçiliyi muzeyi, Azərbaycan-Özbəkistan Dostluq Muzeyi, Azərbaycan xalçaları Muzeyi), Azərbaycan Milli Libasları adlı daimi Sərgi Salonu, Kitabxana, Lütfizadə adına İnformasiya-Resurs Mərkəzi, habelə kurs və dərnəklər fəaliyyət göstərir. Xarici ölkələrdə ilk dəfə olaraq 2013-cü ildən Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində Azərbaycan dili kursları fəaliyyətə başlamış və kurslar Azərbaycandan dəvət edilmiş tanınmış pedaqoq tərəfindən aparılır. Ötən illərdə (2013-2019) Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Özbək dilində Özbəkistanda Azərbaycan dövlətçiliyi, tarixi, mədəniyyəti, ədəbiyyatı, turizminə dair 60-dan çox adda kitabların, musiqi diskləri nəşr edilmişdir.  Mərkəzin uzun illər həyata keçirdiyi işin nəticəsi olaraq tarixdə ilk dəfə olaraq hər iki ölkənin Milli Elmlər Akademiyasının Dilçilik İnstitutlarının alimlərinin iştirakı ilə “Azərbaycan-Özbəkcə, Özbək - Azərbaycanca lüğəti” tərtib edilmiş, habelə dahi Azərbaycan şairi Nizami Gəncəvinin bütün irsi - 5 əsəri Özbək dilinə tərcümə olunmuş, Daşkənddə nəşr edilmiş, geniş təqdimat mərasimləri keçirilmişdir.

Mədəniyyət Mərkəzinin nəzdində yaradılmış xüsusi işçi qrup "Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında  Azərbaycana dair (Azərbaycan tarixi, Qarabağ, onun tarixi, abidələri, erməni işğalı, turizmimiz, ədəbiyyatımız və s.) Özbək dilində yüzlərlə bölmə yaratmış, İnternet istifadəçilərinə təqdim etmişdir. Hazırda bu iş uğurla davam etdirilir.

Mərkəzin sifarişi ilə Azərbaycan-Özbək xalqı arasında ən qədim dövrlərdən başlayaraq müasir dövrə qədər dostluq əlaqələrini, ölkələrimiz arasında strateji partnyorluq münasibətlərini özündə əks etdirən “Dostluq riştələri” adlı sənədli film (Özbək və Azərbaycan dillərində) hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir.

Məhz Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihəyə əsasən Özbəkistanda yaşayıb yaratmış tanınmış azərbaycanlıların, diaspora fəallarının (heykəltaraş Eynulla Əliyev, pedaqoq, tərcüməçi Seyid Rza Əlizadə, rəssam Yusif Hüseynov, şair İxtiyar Rza, Azərbaycanın Özbəkistandakı birinci səfiri Aydın Əzimbəyov) irslərinin əbədiləşdirilmişdir. Bu məqsədlə onların yaşadıqları evlərinin üzərində barelyefləri vurulmuş, Mərkəzdə fəaliyyət göstərən “Azərbayca-Özbəkistan, Dostluq Muzeyi”ndə onların büstləri qoyulmuş, sözügedən şəxsiyyətlərə həsr olunmuş yaradıcılıq tədbirləri (fərdi sərgilər) təşkil olunub və ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyevin Daşkənddə adını daşıyan küçədə onun xatirə löhvəsinin (barelyef) açılışı olub.

Azərbaycan Mədəniyyət Mərkəzi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dünya ictimaiyyətini məlumatlandırmaq, Azərbaycanın işğala məruz qalması, ölkəmizin haqq işini dünyaya çatdırmaq məqsədi ilə Özbək gənclərinin iştirak etdiyi “Azərbaycan, Qarabağ, sülh üçün oxu” adlı xüsusi layihə həyata keçirmişdir. Layihə nəticəsində  Özbəkistanın 42 tanınmış, habelə həvəskar musiqiçiləri və müğənniləri  Azərbaycan, Qarabağ üçün oxuyaraq, işğala son və sülhə çağırış etmişlər. Klip disk formasında Daşkənddə buraxılıb və ictimaiyyət arasında geniş rezonans yaradıb.

Ötən müddət ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə hər il Özbəkistanda yerli mətbuatda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, milli mədəniyyətimiz, ədəbiyyatımız, ölkəmizin turizm gözəlliklərinə dair yüzlərlə məqalələr dərc olunur  və bu mövzuda onlarla kitab işıq üzü görüb. Məhz, Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri nəticəsində Azərbaycan və Özbəkistanın elm, təhsil, mədəniyyət müəssisələri arasında əməkdaşlığa dair çoxsaylı Memorandumlar imzalanmış, qarşılıqlı səfərlər reallaşdırılmışdır.

Mədəniyyət Mərkəzinin iştirakı və təşkilatçılığı ilə hər il Özbək mətbuatının nümayəndələrinin Azərbaycana “Mediatur”u təşkil edilir və layihə nəticəsində Özbəkistanın televiziya kanallarında, saytlarında Azərbaycana dair çoxsaylı materiallar nümayiş etdirilir.

Mərkəz milli mədəniyyətimizin, sənətimizin, ədəbiyyatımızın təbliği məqsədi ilə hər il Daşkənd, Səmərqənd, Buxara, Xivə şəhərlərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri, həftəliyini, təqdimatlarını təşkil edir. 

Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində Nizami adına Elmi Tədqiqat Mərkəzi, Ə.Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzi, Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Qara Qarayev adına “Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzi”, Özbəkistan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyov adına Özbəkistan-Azərbaycan Musiqi Mədəniyyəti Mərkəzi, Səmərqənd Dövlət Universitetində isə Seyid Rza Əlizadə adına Özbəkistan-Azərbaycan Dostluq Mərkəzi yaradılmışdır.

Sözügedən Mərkəzlər daimi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindənilə əlaqəli şəkildə fəaliyyət göstərir, daim iki xalq arasında dostluq, əməkdaşlığa həsr olunan birgə layihələr həyata keçirilir.

 

Yüksək səviyyəli səfərlər

Xarici işlər naziri cənab Elmar Məmmədyarovun Özbəkistana səfəri: 18-19 oktyabr 2016

 

 

Müqavilə-hüquq bazası 

Azərbaycan və Özbəkistan arasında 131 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi (mln ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

61.51

37.90

23.61

2015

17.04

10.87

6.17

2016

15.35

3.41

11.94

2017

30.6

3.95

26.3

2018

43.94

9.35

34.59

AR Gömrük Komitəsinin məlumatı

 

Əsas idxal məhsulları: qurudulmuş üzüm, televiziya rabitəsi üçün rəngli təsvirlə qəbuledici aparatlar, mis məftili, pambıq lifi, qabığı təmizlənmiş qoz, qurudulmuş meyvələr.

Əsas ixrac məhsulları: ilkin formalı polietilen, lak və boyaq maddələri, kerosin yanacağı, şokolad və ondan hazırlanan digər məmulatlar.

 

İki ölkə arasında 18 iyun 1997-ci ildən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

 

Komissiyanın həmsədrləri

Azərbaycan tərəfindən –Yaqub Eyyubov (Baş nazirin birinci müavini)

Özbəkistan tərəfindən – Alişer Sultanov (prezidentin müşaviri)

Komissiyanın indiyədək keçirilmiş iclaslarının sayı - 10

Sonuncu iclas 9 oktyabr 2012-ci ildə Bakıda keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service