Latviya

Waving Flag of Latvia (Animated Gif)

Latviya Respublikası

           

PrezidentZati-aliləri Eqils Levits

Baş Nazircənab Krişyanis Karinş

Parlament Sədri: cənab İnara Murnietse  

Xarici İşlər naziri: cənab Edqars Rinkeviçs

Azərbaycan Respublikasının Latviya Respublikasındakı səfiri: cənab Cavanşir Axundov

Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Daynis Qarançs

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://riga.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Latviya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə  qurulmuşdur. Azərbaycan Respublikasının Latviyadakı səfirliyi 2005-ci ildə, Latviya Respublikasının Azərbaycanda səfirliyi isə 2006-ci ildə açılmışdır.  2018-ci ildə hər iki ölkə öz dövlət müstəqilliyinin 100-cü ildönümünü qeyd etmişdir.

Azərbaycan və Latviya arasında əlaqələr bütün sahələrdə intensiv şəkildə inkişaf edir. Təkcə son 3 ildə ölkələrimizin prezidentləri, parlament sədrləri, xarici işlər nazirləri, ədliyyə nazirləri və digər mühüm dövlət rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, iki ölkə arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair əhəmiyyətli qərarlar qəbul edilmiş və mühüm sazişlər imzalanmışdır. Xüsusilə, 2017-ci 16-18 iyul tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Latviya Respublikasına səfəri zamanı iki ölkə arasında nəqliyyat, tikinti və təhsil sahələrində əməkdaşlığa dair sazişlər ilə yanaşı, “Strateji Tərəfdaşlığın Yaradılması Haqqında birgə Bəyannamə”nin imzalanması ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Ümumilikdə, indiyə qədər ölkələrimiz arasında 43 sənəd imzalanmışdır. Həmçinin, ölkələrimiz arasında Avropa strukturları, Şərq Tərəfdaşlığı və digər beynəlxalq platformalarda da sıx əməkdaşlıq həyata keçirilir. Xüsusilə, Latviya tərəfinin xarici siyasət prioriteti olaraq Şərq Tərəfdaşlığı təşəbbüsünə verdiyi önəm və bu xüsusda Latviya xarici işlər naziri cənab E. Rinkeviçin müvafiq bəyanatları yüksək qiymətləndirilir.

İki ölkənin XİN rəhbərləri arasında görüş və müzakirələr, davamlı siyasi məsləhətləşmələr də müntəzəm xarakter daşıyır. 2019-cu ilin 9 iyul tarixində Latviya Xarici İşlər naziri E. Rinkeviçs AR Xarici İşlər nazirinin müvafiq Əmri ilə AR diplomatik xidmət orqanlarının “100 illik yubiley medalı” ilə təltif edilmişdir.

Latviya tərəfi istər ikitərəfli, istərsə də beynəlxalq platformalarda Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə öz dəstəyini ifadə etmişdir. Məsələn, BMT Baş Assambleyasının 2018-ci ildə keçirilmiş iclasında Latviya Respublikasının xarici işlər naziri cənab Edqars Rinkeviçs öz çıxışı zamanı Ukrayna, Moldova və Gürcüstanla bir sırada Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə etmişdir. Həmçinin, 2018-ci ildə il Avropa Parlamentində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanat Avropa Parlamentinin Latviyadan olan deputatı – Azərbaycan Səfirliyi ilə əməkdaşlıq edən Andrey Mamikinsin təşəbbüsü ilə qəbul edilmişdir.

Həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Latviya Seyminin Xarici əlaqələr komitəsinin sədri  Rihards Kols Latviya Parlamentinin Latviya XİN ilə eyni mövqedən çıxış edərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını söyləmişdir (Bu fikir Səfir C. Axundovun R. Kols ilə görüşündə - 2019-ci ilin 5 fevral tarixində səslənmişdir).

İki ölkənin parlamentləri arasında da yaxın işçi və dost münasibətləri yaranmışdır. 2016-cı ilin oktyabr ayında Latviya Seyminin Sədri xanım İ.Murnietse Azərbaycan Respublikasına, 2017-ci ilin may ayında isə AR Milli Məclisinin Sədri cənab O. Əsədov Latviya Respublikasına səfər etmişdir. 2015-ci ilin 26 fevral tarixində Latviya Seyminin Azərbaycan Parlamenti ilə Əməkdaşlığın Təşviqi Qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilmişdir. Bəyanat Seymin 53 deputatı tərəfindən imzalanmışdır. Bəyanatda Xocalı faciəsi ilə əlaqədar Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı veriliş və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilmişdir. Hazırda hər iki ölkənin parlamentində əməkdaşlıq üzrə müvafiq işçi qruplar fəaliyyət göstərir.

İkitərəfli iqtisadi-ticari əlaqələrimiz də uğurlu inkişaf yolu keçmişdir.  Coğrafi məsafəyə baxmayaraq Latviya və Azərbaycanın paytaxtlarını Latviyanın “AirBaltic” və Azərbaycanın “Azal” şirkətləri tərəfindən birgə həyata keçirilən 6 aylıq mövsümi uçuşlar birləşdirir.  Bu isə öz növbəsində iki ölkə arasında sərnişin, tranzit yük daşımaları, ticarət və turizmin inkişafına öz təsirini göstərir.

Həmçinin, müasir logistika, tranzit və regional bazarlara çıxış imkanları baxımından əlverişli coğrafi məkanlarda yerləşən Azərbaycan və Latviya müvafiq olaraq Cənubi Qafqaz və Baltik regionunda strateji əməkdaşlığa böyük maraq göstərir. Xüsusilə, Latviya tərəfi ZUBR dəmir yolu xətti marşrutu (Latviya-Belarus-Ukrayna və əks istiqamət üzrə Baltik və Qara Dəniz limanlarını birləşdirir) vasitəsilə Şərq-Qərb nəqliyyat dəhlizinə qoşulmağa və bununla da Türkiyə, Qafqaz və Orta Asiya bazarlarına çıxmağa maraq göstərir.

Hazırda iki ölkə arasında  iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. Komissiya 28 fevral 2006-cı ildə yaradılmışdır. Komissiyanın indiyədək 7 iclası keçirilmiş və sonuncu iclas 2017-ci ilin 20 iyun tarixində Bakı şəhərində keçirilmişdir.

2018-ci ilin 23 iyul tarixində Latviyada Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun rəhbərlik etdiyi böyük nümayəndə heyəti və iki ölkənin tanınmış rəsmi və biznes dairələrinin nümayəndələri iştirak etmişlər. Bununla da yüksək keyfiyyətli Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında Latviya və regional bazarlara çıxarılması üçün geniş imkanlar açılmışdır. Hazırda, Latviya tərəfi Azərbaycanla əczaçılıq, yeyinti sənayesi, metal emalı, informasiya texnologiyaları, yaşıl texnologiyalar, kənd təsərrüfatı, tikinti, turizm, nəqliyyat və tranzit sahələrində əməkdaşlığa maraq göstərir.

Ötən dövr ərzində Azərbaycandan Latviyaya təqribən 164 milyon ABŞ dolları, öz növbəsində Latviya tərəfindən Azərbaycana təqribən 84 milyon ABŞ dolları həcmində sərmayə qoyulmuşdur.

Son dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində də ciddi artımlar müşahidə edilmişdir. Belə ki, təkcə 2017-ci ildə ticarət dövriyyəsi  72% artaraq 15 milyon ABŞ dolları və təkcə 2018-ci ilin 1-ci yarısında isə 3,6 dəfə artaraq 15,1 milyon ABŞ dolları olmuşdur. Bütün bu nailiyyətlər ötən dövr ərzində görülmüş məqsədyönlü işlər nəticəsində mümkün olmuşdur.

Elm, təhsil və mədəniyyət sahələrində də əlaqələrimiz uğurla inkişaf edir. Hazırda Latviya ali məktəblərində hər il orta hesabla 150 azərbaycanlı tələbə təhsil alır.

 

Ali və yüksək səviyyəli səfərlər

Dövlət başçiları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Latviyaya 1 dövlət səfəri (3-5.10.2006) və 2 rəsmi səfər (17.01.2011 və 16-18.07.2017) etmişdir.

Latviya dövlət başçıları - Vayra Vike-Freyberqa (3-4.10.2005); Valdis Zatlers (9-13.08.2009), Andres Berzinsin (24-25.04.2013) Azərbaycana rəsmi səfərləri, Raymonds Veyonisin (16-17.03. 2017) işgüzar səfəri həyata keçirilmişdir.

 Xarici İşlər nazirləri

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarovun Latviyaya 2 rəsmi (23-24.04.2008;14-15.04.2015) və 1 işgüzar səfəri (21-22.05.2015) baş tutmuşdur.

Latviya Xarici İşlər nazirləri tərəfindən Azərbaycana 5 rəsmi səfər həyata keçirilmişdir: İndulis Berzins (10-12.07.2001), Artis Pabriks (16-18.04.2007), Maris Riekstinş (16-17.04.2009), Edqars Rinkeviçs (23-25.02 2012, 13-14.02. 2017).

 

Humanitar sahədə əməkdaşlıq

2015-ci ilin 25 iyun tarixində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti Vayra Vike-Freyberqa Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilmişdir.  Latviya Respublikasının sabiq Prezidentləri - xanım Vayra-Vike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, cənab Valdis Zatlers isə Mərkəzin üzvüdür.

2016-cı ildə Latviya Respublikasının milli-mədəni mərkəzlərindən biri sayılan Latviya Universitetinin Akademik Kitabxanasında (http://www.acadlib.lu.lv/) Azərbaycan Mədəniyyət-İnformasiya Mərkəzi - “Azərbaycan guşəsi” açılmışdır. Guşədə  Azərbaycanın son iqtisadi nailiyyətləri, zəngin tarixi, mədəniyyəti, ədəbiyyatı və milli-mədəni irsinin təbliği və bu istiqamətdə təqdimat xarakterli silsilə tədbirlər həyata keçirilir.

 

Müqavilə hüquq bazası

 İki ölkə arasında 43 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Hazırda Azərbaycanda tikinti, xidmət, sənaye, rabitə, nəqliyyat, ticarət, bank və sığorta sahəsində 40-a yaxın Latviya şirkəti fəaliyyət göstərir. Əlaqələrin  sürətlə genişlənməsinə 2018-ci ilin 23 iyul tarixində Latviyada Azərbaycan Ticarət Evinin açılışı təkan vermişdir. 

 

 

Azərbaycan və Latviya arasında ticarət dövriyəsi (mln. ABŞ dolları)

İl

Ticarət

dövriyyəsi

İdxal

İxrac

Saldo

           2015

9142.5

8342

800.5

-7541.9

2016

8,7

7,9

      0,8

-7,1

2017

15,62

13,32

2,3

-11,29

2018

22,39

19,88

2,51

17,37

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

Azərbaycanın ixrac etdiyi məhsullar: kimya və neft-məhsulları, neft maşınqayırması və avadanlıqları, transformatorlar, meyvə və tərəvəz şirələri, tikinti materialları (sement, beton və s.).

Azərbaycana idxal olunan məhsullar: müxtəlif ərzaq malları, süd və balıq məhsulları,  müxtəlif avadanlıq, tikinti materialları (taxta).

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər:

  1. Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyi ilə Latviya Respublikasının Xarici Ticarət Nazirliyi arasında ticarət nümayəndəlikləri haqqında Saziş. Riqa, 30 noyabr 1992;
  2. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş. Bakı, 3 oktyabr 2005;
  3. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Latviya Respublikası Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006;
  4. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolu. Bakı şəhəri, 20 iyun 2017-ci il.

 

Hökumətlərarası Komissiya:  iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Komissiya 28 fevral  2006-cı ildə yaradılmışdır. Komissiyanın indiyədək 7 iclası keçirilmişdir. Sonuncu iclas 2017-ci ilin 20 iyun tarixində Bakı şəhərində keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service