Türkmənistan

Waving Flag of Turkmenistan (Animated Gif)

Türkmənistan

 

Prezident: Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədov (Prezident eyni zamanda

Nazirlər Kabinetinin sədridir)

Məclisin (parlamentin) Sədri: xanım Gülşat Məmmedova

Xarici İşlər naziri: cənab Rəşid Meredov

Azərbaycan Respublikasının Türkmənistandakı səfiri: cənab Həsən Zeynalov

Türkmənistanın Azərbaycan Respublikasındakı səfiri: cənab Mekan İşanquliyev

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.ashgabat.mfa.gov.az 

 

İkitərəfli münasibətlər

Azərbaycan Respublikası ilə Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 8 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır. 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibəti ilə dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində qarşılıqlı təbrik məktubları göndərilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan, Türkmənistanın Məclisində Türkmənistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.

2017-ci ildə Türkmənistan Prezidentinin Azərbaycan Respublikasına rəsmi səfəri zamanı dövlət başçıları tərəfindən Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır.

İki ölkə çoxtərəfli formatda da əməkdaşlıq edir. Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda əməkdaşlıq edir. Bu formatda artıq dörd görüş keçirilmişdir.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Türkmənistana səfərləri: 28-29 noyabr 2008-ci il, 21-22 noyabr 2018-ci il

Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan Respublikasına səfərləri: 19-20 may 2008-ci il, 18 noyabr 2010-cu il, 12 iyun 2015-ci il, 8-9 avqust 2017-ci il

Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədovun Türkmənistana səfəri: 17-18 sentyabr 2017-ci il

Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədovun Türkmənistana səfərləri: 30-31 may 2019-cu il, 11-12 avqust 2019-cu il

Azərbaycan  Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Türkmənistana səfərləri: 23 may 2007-ci il, 11 dekabr 2010-cu il, 31 yanvar 2018-ci il

Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini və Xarici İşlər naziri cənab Rəşid Meredovun Azərbaycan Respublikasına səfərləri: 5 mart 2008-ci il, 2-3 aprel 2014-cü il, 25-26 may 2014-cü il, 29 yanvar 2015-ci il, 19 iyul 2017-ci il, 18 oktyabr 2018-ci il

                                                         

Humanitar sahədə əməkdaşlıq

Azərbaycan və Türkmənistan mədəniyyət, elm-təhsil və idman sahələrində dövlət orqanları, elmlər akademiyaları, ali təhsil məktəbləri arasında sıx əməkdaşlıq mövcuddur. 2016-cı ildə böyük türkmən şairi Məxtumqulu Fəraqinin Azərbaycanda tapılmış əlyazması üç dildə nəfis şəkildə nəşr olunmuşdur.

2017-ci ildə Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında Türkmənistanı İdman Komitəsinin sədrinin rəhbərlik etdiyi 160 idmançı təmsil etmişdir.

2019-cu ildə Bakıda Türkmənistan xalçalarının təntənəli sərgisi baş tutmuşdur.

Azərbaycanın ali məktəblərində yüzlərlə Türkmənistan vətəndaşı təhsil alır.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası və Türkmənistan arasında 89 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Türkmənistan arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, energetika, əczaçılıq və turizm sahələrində əməkdaşlıq edilir. 2008-ci ildən etibarən iki ölkə arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya fəaliyyət göstərir.

2017-ci ildə Azərbaycan, Türkmənistan, Əfqanıstan, Gürcüstan və Türkiyə arasında Nəqliyyat və tranzit üzrə əməkdaşlıq Sazişi (Lapis Lazuli Marşrutu Sazişi) imzalanmışdır.

Həmçinin, 2019-cu ildə Azərbaycan, Türkmənistan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri arasında “Qara dəniz-Xəzər dənizi” beynəlxalq nəqliyyat marşrutunun yaradılması üzrə ilk xüsusi görüşü baş tutmuş və bəyannamə qəbul edilmişdir.

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service