Çin

Waving Flag of China (Animated Gif)

Çin Xalq Respublikası

 

Çin Xalq Respublikasının Sədri: Zati-aliləri Si Cinpin

Çin Xalq Respublikasının Baş Naziri, Çin Xalq Respublikasının Dövlət Şurasının Sədri: cənab Li Kıçian

Çin Xalq Respublikasının Ümumçin Xalq Nümayəndələri Yığıncağının (Parlament) Sədri: cənab Li Canşu

Çin Xalq Respublikasının Dövlət Şurasının üzvü, Xarici İşlər naziri: cənab Van İ

Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri: cənab Əkrəm Zeynallı

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: www.beijing.mfa.gov.az

 

 ikitərəfli münasibətlər

Azərbaycan-Çin əlaqələrinin tarixi qədim “İpək Yolu”na qədər uzanır. Hələ 2500 il bundan öncə qədim “İpək Yolu” vasitəsilə xalqlarımız arasında ticari və mədəni əlaqələr mövcud olmuşdur. Xalqlarımız arasında olan tarixi bağlılıq dahi Azərbaycan şairi Nizami Gəncəvinin 12-ci əsrdə yazdığı əsərlərdə də öz əksini tapmışdır. Şair Nizami Çin xalqına olan hörmət və ehtiramını “Yeddi gözəl” poemasında “Çin gözəli”nin vəsfi ilə ifadə etmişdir. Tarixin dərin qatlarına uzanan bu əlaqələr sonrakı dövrlərdə də daim inkişaf etmiş və qarşılıqlı mənfəətli əməkdaşlıq münasibətləri kimi formalaşmışdır.

Azərbaycanın müstəqilliyinin 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən tanınması və 1992-ci il 2 aprel tarixində ikitərəfli diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoymuşdur. 1992-ci ildə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi, 1993-cü ildə isə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyi təsis edilmişdir.

Bu gün Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərinə xüsusi əhəmiyyət verir və bu münasibətlərin bütün sahələrdə dərinləşməsində və genişlənməsində maraqlıdır.

Hazırda Azərbaycan-Çin əlaqələri dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin mart ayında ÇXR-ə rəsmi səfəri ilə əsası qoyulmuş yüksək səviyyəli siyasi dialoq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də uğurla inkişaf etdirilmiş və ikitərəfli əlaqələrimizi  keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Məhz dövlət başçıları səviyyəsində təşəkkül tapmış, qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə müşahidə olunan hazırki yüksək inkişaf dinamikasının əsasını təşkil edir.

Azərbaycan və Çin bir-birinin milli maraqları üçün müstəsna əhəmiyyət kəsb edən məsələlərdə qarşılıqlı dəstək nümayiş etdirirlər. Belə ki, Azərbaycan Çinin “Vahid Çin” siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını dəstəkləyir. Çin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə müvafiq olaraq həllinə tərəfdardır.

İki ölkə arasında mövcud fəal siyasi dialoq nəticəsində energetika, iqtisadi-ticari, rabitə-kommunikasiya, nəqliyyat-logistika, turizm və humanitar sahələrdə ciddi nailiyyətlər əldə edilməkdədir.

Məmnuniyyətlə qeyd olunmalıdır ki, 2013-cü ildə Çin Xalq Respublikası tərəfindən irəli sürülümüş “Bir Kəmər Bir Yol” təşəbbüsü ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaratmışdır. Azərbaycan “Bir Kəmər Bir Yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verməkdədir. Belə ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırmış və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etmişdir.

İkitərəfli əlaqələrimizdə müşahidə edilən mövcud dinamika, yüksək səviyyəli təmasların intensivliyi, müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlıq münasibətləri, bu əməkdaşlıq nəticəsində əldə edilmiş ciddi nailiyyətlər yaxın gələcəkdə Azərbaycan-Çin ikitərəfli tərəfdaşlıq əlaqələrinin yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə - yüksəlməsini şərtləndirir.

 

Ali və yüksək səviyyəli səfərlər

1994-cü ilin yanvar ayında AR Xarici İşlər naziri Həsən Həsənov Çin Xalq Respublikasına səfər etmişdir.

1994-cü ilin 7-10 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ÇXR-ə rəsmi səfər etmişdir.

1996-cı ilin aprelində Çin Xalq Respublikasının Xarici İşlər naziri Çiən Çiçen Azərbaycana səfər etmişdir.

1996-cı ilin dekabr ayında AR Milli Məclisinin Sədri Murtuz Ələsgərov ÇXR-ə səfər etmişdir.

2000-ci ilin oktyabr ayında AR Xarici İşlər naziri Vilayət Quliyev ÇXR-də səfərdə olmuşdur.

2000-ci ilin iyun ayında Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Li Pen Azərbaycan Respublikasına səfər etmişdir.

2002-ci ilin aprel ayında AR Milli Məclisinin Sədri Murtuz Ələsgərov ÇXR-ə səfər etmişdir.

2004-cü  ilin oktyabr ayında ÇXR Xarici İşlər naziri Li Caosin Azərbaycana səfər etmişdir.

2005-ci ilin  fevral ayında AR Xarici İşlər naziri  Elmar Məmmədyarov ÇXR-ə səfər etmişdir.

2005-ci ilin 17-19 mart tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ÇXR-ə rəsmi səfər etmişdir.

2008-ci ilin 8 avqust tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev XXIX Pekin Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün ÇXR-ə səfər etmişdir.

2010-cu ilin 17-19 maytarixlərində ÇXR Xarici İşlər naziri Yanq Cieçı Azərbaycana səfər etmişdir.

2014-cü ilin 20-21 may tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 4-cü Zirvə Görüşündə iştirak etmək üçün Çinə səfər etmişdir.

2014-cü ilin 30 iyun – 2 iyul tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çinə rəsmi səfər etmişdir.

2015-ci ilin 8-11 dekabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çində dövlət səfərində olmuşdur.

2016-cı ilin 14 mart tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çində işgüzar səfərdə olmuşdur.

2018-ci ilin 19-23 iyun tarixlərində Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına rəsmi səfər etmişdir.

2018-ci ilin 17-21 sentyabr tarixlərində  Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfər etmişdir.

2019-cu ilin 24-27 aprel tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti ikinci “Kəmər və Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə səfər etmişdir.

2019-cu ilin 22-23 may tarixlərində Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ Azərbaycana rəsmi səfər etmişdir.

 

İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

760.9

63.9

97.1

2015

565.1

53.2

511.9

2016

975.4

271.5

703.9

2017

1298.34

443.81

854.53

2018

1310.45

114

1196.87

2019

2 184 194.00

752 162.63

1 432 031.37

 

Azərbaycanın ixrac etdiyi məhsullar:

enerji daşıyıcıları (əsasən xam neft), ilkin formada etilen polimerləri, metanol, yod, tiofenləşmiş yağların sulfoturşuları, üzüm şərabları, biyan şirəsi və ekstraktı, qoyun yunu, iri buynuzlu heyvan dəriləri, meyvə şirələri, elektrikli qızdırıma avadanlıqları, qlükozidlər, onların duzları və efirləri

Azərbaycanın idxal etdiyi məhsullar:

mexaniki qurğular, onların hissələri, elektrik maşınları, aparatura və hissələri, qara metallar və onlardan məmulatlar, paltar və geyim ləvazimatları, plastik kütlələr və ondan məmulatlar, ayaqqabılar, avtomobil şinləri, quru nəqliyyat vasitələri və onların hissələri, azqiymətli metallardan alətlər və ləvazimatlar, sintetik saplardan parçalar, keramika məmulatları, оptik, tibbi, fotoqrafik və dəqiq cihazlar, lampalar, işıqlandırıcı avadanlıqlar və hissələri, şüşə və onlardan hazırlanan məmulatlar, mebel və onun hissələri, çamadanlar, portfellər, çantalar, alüminium və ondan məmulatlar, ətriyyat və gigiyenik vasitələr, qeyri-üzvi kimya məhsulları, pestisidlər, əczaçılıq vasitələri, digərləri

 

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service