Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunmasına üzrə Müqavilə Təşkilatı (CBCTO)

Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunmasına üzrə Müqavilə

Azərbaycan Respublikası nüvə tərki-silahı konsepsiyasını və bu yolda mühüm bir nailiyyət olan Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması üzrə Müqaviləni (NSHQM) tam dəstəkləyir. NSHQM nüvə sınaqlarının bütün formalarını qadağan etmək və nüvə silahlarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi imkanlarını azaltmaqla yeni və daha dağıdıcı gücə malik olan silahların istehsalının qarşısını almağa xidmət edir.

Azərbaycan qlobal nüvə tərki-silahının və yayılmama rejiminin əsas elementlərindən biri olan NSHQM-i 1997-ci il 28 iyul tarixində imzalamış, 1998-ci il 1 dekabr tarixində isə onu ratifikasiya etmiş və 1999-cu il 1 fevral tarixində müvafiq ratifikasiya instrumentini BMT Baş katibinə təqdim etmişdir. Azərbaycan Şərqi Avropa ölkələri arasında sözügedən müqaviləni ratifikasiya edən üçüncü ölkədir (1996-cı ilin 24 sentyabr tarixindən etibarən NSHQM-i imzalanmaq üçün açıq elan olunmuşdur).

12 sentyabr 2019-cu il tarixinə kimi NSHQM 184 dövlət tərəfindən imzalanmış (sonuncu Tuvalu) və 168 dövlət tərəfindən ratifikasiya (sonuncu Zimbabve) olunmuşdur. Müqavilənin bu günə kimi qüvvəyə minməməsinin əsas səbəbi “2-ci Əlavə” dövlətləri adlanan və nüvə potensialına malik 44 dövlətdən yalnız 36-nın ona qoşulmasıdır. Hazırda “2-ci Əlavə” dövlətlərindən 3-ü – Şimali Koreya, Pakistan və Hindistan - müqaviləni imzalamamış, 5-i – İsrail, Misir, Çin, İran və ABŞ - isə imzalasa da ratifikasiya etməmişdir. NSHQM-nin 14-cü maddəsinə əsasən, müqavilə sözügedən 44 dövlətin hamısı tərəfindən ratifikasiya edildikdən 6 ay sonra qüvvəyə minəcək.

Azərbaycan sözügedən müqavilənin 14-cü maddəsi çərçivəsində onun qüvvəyə minməsinin sürətləndirilməsi ilə əlaqədar çağırılan konfransları və “NSHQM-nin dostları qrupu” (Almaniya, Avstraliya, Kanada, Finlandiya, Yaponiya və Niderland) tərəfindən iki ildən bir təşkil olunan nazirlər görüşündə mütəmadi əsasda iştirak edir.

Azərbaycan sözügedən müqavilənin ratifikasiya edilməsi və qüvvəyə minməsinin sürətləndirilməsi istiqamətində edilən beynəlxalq səyləri dəstəkləyir və sözügedən müqaviləni imzalamayan və ya imzalayıb ratifikasiya etməyən dövlətləri mümkün qısa müddət ərzində müvafiq addımları atmağa çağırır.

2000-ci il 30 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu nəzdində NSHQMT-nin Milli Məlumat Mərkəzi yaradılmış, habelə 2000-ci il 15 iyul tarixində Xarici İşlər Nazirliyi NSHQMT ilə əməkdaşlıq üzrə Milli Əlaqələndirici orqan təyin olunmuşdur.

Azərbaycan Respublikası NSHQMT üzrə fəaliyyət göstərən Milli Məlumat Mərkəzinin təchiz edilməsində NSHQMT üçün Hazırlıq Komissiyası tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirir.

2018-ci ilin ortalarında Komissiya ölkəmizdəki Milli Məlumat Mərkəzinə yenidən texniki yardım etmiş və orada olan avadanlıqlar təşkilatın hesabına dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir. Son olaraq, 2019-cu ilin 23-27 sentyabr tarixlərində NSHQMT mütəxəssisləri tərəfindən Milli Məlumat Mərkəzi üçün bacarıqların artırılması sahəsində təlim keçiriləcəkdir.

Arxiv üzrə axtarış

xin diplomatic service