Tofiq Nadir oğlu Zülfüqarov

Tofiq Nadir oğlu Zülfüqarov

(01.11.1959)

Nazir olduğu dövr

(05.03.1998 - 26.10.1999)

Tofiq Nadir oğlu Zülfüqarov 1 noyabr 1959-cu ildə Rusiya Federasiyasının Rostov-Don şəhərində anadan olmuşdur. 1961-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1966-1976-cı illərdə Bakıda 93 saylı orta məktəbdə oxumuşdur. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1981-ci ildə oranı bitirmişdir.

1981-ci ildə SSRİ Silahlı Qüvvələri sıralarına çağırılmış, Yəmən Xalq Demokratik Respublikasının paytaxtı Ədən şəhərində yerləşən Sakit okean hərbi-dəniz donanmasında xidmətə göndərilmiş, YXDR hərbi qüvvələrinin medalı ilə təltif olunmuşdur.

1984-1985-ci illərdə Bakı şəhəri Lenin rayonu Komsomol komitəsində işləmişdir. 1985-ci ildən 1990-cı ilədək Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəbşünaslıq şöbəsində işləmişdir.

1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmağa başlamışdır. 1991-ci ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun politologiya şöbəsində elmi işçi olmuşdur.

1992-ci ildən Xarici İşlər Nazirliyində işə qəbul olunmuş və Nazirlikdə şöbə müdiri, idarə rəisi vəzifələrində çalışmış və bu dövrdə əsasən Qarabağ probleminin həlli ilə məşğul olmuşdur. 1994-cü ilin iyun ayında Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini təyin olunmuşdur.

1998-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanı ilə Zülfüqarov Tofiq Nadir oğluna fövqəladə və səlahiyyətli səfir ali diplomatik rütbəsi verilmişdir. 1998-ci il martın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunmuşdur.

1999-cu ilin oktyabr ayının 25-də Tofiq Zülfüqarov Azərbaycana edilən təzyiqlərə etiraz olaraq istefa vermişdir. İstefadan sonra T.Zülfüqarov fəal ictimai-siyasi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinın həlli istiqamətində fəaliyyətini davam etdirmişdir.

T.Zülfüqarov 2005-2010-cu illərdə Azərbaycan Respublikasının Latviya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışmışdır.

2007-2015-ci illərdə Azərbaycan Respublikasının Estoniya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri olmuşdur.

Rus, ərəb, ingilis dillərini bilir.

Arxiv üzrə axtarış

xin diplomatic service