Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu

Marşrutun tarixi

Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu layihənin həyata keçirilməsi, 2014-cü ilin 20 fevral tarixində “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin birgə iştirakı ilə keçirilmiş Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə Əlaqələndirmə Komitəsinin təsis olunması ilə başlamışdır.

TBNM marşrutu üzrə "Şıxezi (Çin)-Dostık-Aktau-Ələt marşrutu" üzrə hərəkət edən ilk "Nomad ekspress" sınaq konteyner qatarı 2015-ci il avqustun 3-də yola salınmışdır.

2016-ci ilin yanvarında Bakıda keçirilmiş görüşdə TBNM çərçivəsində yük daşımalarına əlverişli tariflərin tətbiqi barədə razılıq əldə edilmişdir. Əlaqələndirmə Komitəsinin tərkibinə “Azərbaycan Dəmir Yolları” QSC, “Gürcüstan Dəmir Yolları” SC, “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Aktau Beynəlxalq Dəniz Ticarəti Limanı” Milli Şirkəti SC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və “Batumi Dəniz Limanı” MMC kimi şirkətlərdən başqa Ukraynanın “Dəmir Yolu Nəqliyyatı Dövlət Administrasiyası (Ukrzaliznytsia)” SC, “Ukrferri” MMC və Rumıniyanın “Translogist SRL” şirkətləri daxil olmuşlar. Həmin ilin iyul ayında Varnada keçirilmiş TBNM üzrə Əlaqələndirmə Şurasının növbəti görüşündə TBNM-in tərkibinə tez bir zamanda Bolqarıstanın Dəniz Donanması Gəmiçiliyinin, eləcə də Bolqarıstan Dəmir Yolları Yük Daşımaları şirkətlərinin qoşulacağı elan edilmişdir.

2016-cı ilin 12 aprelində TBNM üzrə Konsorsiumun yaradılmasına dair müqavilə imzalanmış və bununla da, marşrutun institusional əməkdaşlıq çərçivəsi artıq müəyyən edilmişdir.

 

Marşrutun xüsusiyyətləri

Marşrutun məqsədi Çin, Orta Asiya, Xəzər Dənizi və Qara Dəniz hövzələri və Avropa ölkələri arasında yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən hər iki istiqamətdə artırmaq və onun  rəqabət qabiliyyətliliyini gücləndirməkdir. TBNM yük daşımalarının coğrafiyası Çin-Qazaxıstan sərhədindən (Altınkoy və Dostık keçid məntəqələri) başlayaraq, Azərbaycan (Bakı-Ələt-Böyük Kəsik) və Gürcüstandan (Batumi və Poti) keçməklə Qara dəniz hövzəsi ölkələri (Türkiyə, Ukrayna, Rumıniya və Bolqarıstan) üzərindən Avropaya qədər uzanır. TBNM tərəfindən bütün marşrut boyu vahid keçid tarifləri müəyyən olunur və “bir pəncərə” prinsipi tətbiq edilir.

Bununla yanaşı, TBNM-in coğrafiyasının yaxın gələcəkdə Bolqarıstan, Macarıstan, Slovakiya və digər potensial tərəfdaşlar ilə genişlənməsi ilə bağlı müvafiq işlər aparılmaqdadır. Hal-hazırda Azərbaycan dəmir yollarının buraxma/daşıma qabiliyyətinin təqribən “üçdə-bir” gücü ilə işlədiyini nəzərə alaraq, bu genişmiqyaslı layihənin Azərbaycan üçün olduqca strateji əhəmiyyət daşıması nöqteyi-nəzərindən TBNM-in səmərəli multimodal dəhlizə çevrilməsi ölkəmizin qarşısında duran əsas vəzifələrdən biridir.

Bu marşrutla yüklərin orta hesabla 12 günə Çindən Avropaya çatdırlmasına nail olunması hədəf kimi təyin olunmuşdur.

 

Cari vəziyyət və perspektivlər

Marşruta yeni yükləri sövq etmək məqsədilə bəzi məhsul çeşidləri üzrə güzəştli tarif siyasəti tətbiq edilir. 2020-ci ilə qədər marşrut vasitəsilə daşınacaq yüklərin artımının 300-400 min konteynerdən çox (təxminən 6-8 milyon ton) təşkil edəcəyi proqnozlaşdırılır. Regionun logistika bazarında maye yüklərin daşınmasına xüsusi yer ayrılması səbəbindən TBNM marşrutu ümumiyyətlə ildə 15 milyon tondan artıq yük daşımaq potensialına malikdir.

Marşrutun adı TBNM olsa da, onun bünövrəsi təkcə Xəzər dənizi deyil və dəyər zəncirinin mühüm komponentləri Qazaxıstan-Çin sərhədi və Qara Dəniz sahilində yerləşən limanlardır (Qazaxıstan-Çin sərhədində yerləşən logistika infrastrukturunun illik nominal yükaşırma qabiliyyəti təxminən 20 milyon ton yük təşkil edir).

Bakı-Tiflis-Qars dəmir yolu xətti və Ələtdə yeni Bakı Limanının tezliklə tam yükaşırma gücünə (ildə 15 milyon tona) çatması bu marşrutun yükaşırma qabiliyyətinin artırılmasına xidmət edəcəkdir. Bu halda yüklərin Avropa bazarına çatdırılma vaxtı qısalacaq və marşrut boyu özünəməxsus logistikanın əlverişliyi TBNM marşrutuna diqqəti artıracaq, Avropa ilə Asiya bazarlarından ona əlavə yükləri cəlb edə biləcəkdir.

Qazaxıstanın Kurık limanının istismara verilməsindən sonra Xəzər dənizi üzərindən yükdaşımalarının həcmi təxminən 40% artmışdır. Kurık limanının gələcəkdə tam gücü ilə işləməsi TBNM marşrutuna daha böyük yük axınını cəlb edəcəkdir. Bundan əlavə, Gürcüstanın Anakliya şəhərində yeni ticarət limanının istifadəyə verilməsinin də bu yük həcmlərinin əhəmiyyətli dərəcədə artırılmasına təsir edəcəyi gözlənilir.

Qazaxıstan, Azərbaycan və Gürcüstanda dəniz limanlarının tam güclə işləməsi TBNM marşrutu daxilində yükdaşımalar logistikasında ahəngliliyi və beləliklə də, uzun müddət ərzində onun rəqabətliliyini təmin edəcəkdir.

Hal-hazırda TBNM marşrutu “TBNM Beynəlxalq Assosiasiyası” Hüquqi Şəxslərin Birliyi korporativ - təşkilatı formasını alıb. Assosiasiyanın qərargahı Almatı şəhərində yerləşir. Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukraynanın dəmir yolları, liman və gəmiçilik şirkətləri həmin təşkilatın üzvüdürlər.

TBNM marşrutunun təbliği və TBNM Assosiasiyasının fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir çox tədbirlər keçirilir. Belə tədbirlərdən biri kimi, keçən il “KAZAKH EXPO” sərgi-konfrans zamanı İpək Yolunun inkişafı üzrə təşkil edilmiş forumda “Çin Dövlət Dəmir Yolları” və müxtəlif yükdaşıyıcı – logistika şirkətlərinin iştirakı ilə TBNM üçün ayrıca tədbirin keçirilməsi olmuşdur. Bundan başqa, TBNM marşrutu həmçinin, keçən ilin iyun ayında ABŞ-da “Trans-Xəzər Forumu: Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” adlı konfransda da geniş təbliğ olunmuşdur.

Arxiv üzrə axtarış

xin diplomatic service