Cənub-Qərb nəqliyyat dəhlizi

Cənub-Qərb nəqliyyat dəhlizi

Tarixi

Dəhlizin yaranma tarixi 2016-cı ilin əvvəlinə təsadüf edir. Cənub-Qərb Nəqliyyat dəhlizi  Fars Körfəzi/Hindistan – İran – Azərbaycan – Gürcüstan – Ukrayna – Avropa (və ya Türkiyə – Avropa) coğrafi marşrut üzrə fəaliyyət göstərir. Dəhliz “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-in təşəbbüsü ilə yaradılmışdır. Marşrutun təqdimatı 12 yanvar 2016–cı il tarixində Bakıda keçirilmiş və elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılmış, nəticədə dəhlizin inkişafına dair Protokol imzalanmışdır. Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı “Fars körfəzi – İran Astara və Xəzər dənizi – Qara Dəniz – Avropa” adı ilə təqdim olunur.

Mumbay – Bəndər Abbas – Qəzvin – Astara (İRİ) – Astara (AR) – Poti/Batumi marşrutu üzrə yükdaşımaların sonradan Ukrayna (Odessa – İliçevsk), Rumıniya (Konstansa) və Bolqarıstan (Burqas) limanlarına qədər uzadılması perspektivləri müzakirə olunmuş, istiqamətlər üzrə ilkin tariflər müəyyənləşdirilmişdir. 

Cənub – Qərb dəhlizinin digər alternativ marşrutlarla (xüsusilə, Süveyş kanalından keçməklə dəniz yolu ilə) müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və vaxtının təxminən üç dəfə az olmasıdır. Belə ki, əgər İran körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma (“oceanic freight”) təqribən 35-37 gün təşkil edirsə, Cənub – Qərb dəhlizi marşrutunda bu müddətin perspektivdə 10-12 gün təşkil edəcəyi nəzərdə tutulur.

Bu dəhliz İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən keçməklə Hindistandan (əsasən Mumbay və Nova Şeva dəniz limanlarından) Avropaya (Rotterdam, Baltik dənizi, Şimali Avropa, Rusiya istiqamətlərində) və əks istiqamətdə yüklərin daşınmasındakı vaxt itkisini azaldır. Cənub-Qərb dəhlizinin yaradılması yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql olunması üçün yeni imkanlar yaradacaqdır.

 

Perspektivlər

Cənub-Qərb yükdaşımaları marşrutu Avropa İttifaqı ölkələri və Ukrayna ilə Hindistan, İran və Fars körfəzi ölkələri arasındakı ticarət dövriyyələrinin müəyyən hissəsini təşkil edən yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb dəhlizinin inkişaf perspektivi İranın xarici ticarət dövriyyəsinin artırılmasına imkanlar yaradır. Fars körfəzində yerləşən İranın Bəndər-Abbas limanından başqa Oman körfəzi sahilində yerləşən bu ölkənin yeni Çabahar limanının tam gücü ilə istismara verilməsi Cənub-Qərb dəhlizinə əlavə yüklərin cəlb edilməsi üçün imkanlar yaradacaq. Azərbaycanın “ADY Express” şirkəti artıq bu nəqliyyat dəhlizi ilə də yükdaşımalara başlamışdır. Şimal – Cənub dəhlizinin tamamlanması üçün, eləcə də Cənub-Qərb dəhlizinin tam potensialının istifadəsi üçün çatışmayan bağlantı olan Rəşt-Astara və Qəzvin-Rəşt dəmir yolu xətlərinin mümkün qədər tez bir zamanda inşası Azərbaycan üzərindən keçəcək Cənub-Qərb dəhlizinə Hindistanın daha əlverişli şərtlərlə cəlb edilməsi baxımından həlledici rol oynaya bilər.

Arxiv üzrə axtarış

xin diplomatic service