Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı haqqında

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısı haqqında

Tarixi

Bakı-Tbilisi-Qars (BTQ) 30 Oktyabr 2017-ci ildə istismara verilmiş dəmir yolu layihəsidir. Dəmir yolu xətti Azərbaycanın Ələt limanından Gürcüstanın Tbilisi və Axalkalaki şəhərləri üzərindən Türkiyənin Qars şəhərinə gedir. Bu dəmir yolu AzərbaycanlaTürkiyəni, beləliklə Mərkəzi Asiya və Çini Avropa ilə birləşdirir. 

Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı layihəsi barədə danışıqlara hələ 26-29 iyul 1993-cü ildə Ankara şəhərində keçirilmiş Türkiyə-Gürcüstan arasında Qarışıq Nəqliyyat Komissiyasının iclasında başlanılıb. 20-21 iyul 2002-ci ildə Türkiyənin İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında bu layihənin həyata keçirilməsi barədə imzalanmış protokolda layihə üzrə hazırlıq işlərinin görülməsi nəzərdə tutulub. Layihə üzrə ilk dəfə rəsmi müzakirələr isə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev 14 iyun 2004-cü ildə Gürcüstana rəsmi səfəri zamanı baş tutub.

 

Texniki məlumat

BTQ dəmir yolunun ümumi uzunluğu 838,6 km-dir. Bunun 503 km-i Azərbaycan Respublikası ərazisindən keçir, Azərbaycan-Gürcüstan sərhədindən Gürcüstanın Axalkalaki bölgəsinə qədər 230 km, Axalkalaki ərazisində Türkiyə sərhədi (Kartsaxiyə) qədər 26,3 km, oradan (Kartsaxidən) Qarsa qədər məsafə isə 75,6 km təşkil edir. Gürcüstan-Türkiyə sərhədində 4450 metr uzunluğunda tunel tikilmişdir. Xətt ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.

BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin (Axalkalaki-Marabda xətti) tikinti, reabilitasiya və rekonstruksiyasının maliyyələşdirilməsinə Azərbaycan Respublikası tərəfindən 775 milyon ABŞ dolları (Tranş A üzrə 25 illik olmaqla 200 milyon, Tranş B üzrə 25 illik olmaqla 575 milyon) kredit vəsaiti ayrılmışdır.

 

Ticarət potensialına gözlənilən təsiri

BTQ təkcə üç ölkənin deyil, eyni zamanda, həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələr arasında daha sıx nəqliyyat əlaqələrinin qurulmasına böyük imkanlar yaradacaqdır. Layihənin həyata keçirilməsi və Bosfor boğazının altından keçən dəmir yolu tunelinin inşası Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini, yük və sərnişinlərin Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə, birbaşa Avropa və Asiyaya çıxarılmasını təmin edir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi ilə konteyner qatarlarının Çindən birbaşa Avropaya və Aralıq dənizi ölkələrinə getməsi mümkün olmuşdur. Şimali Afrika limanlarında, İtaliyanın Triyest, Genuya, İspaniyanın Valensiya kimi iri dəniz limanlarında yaranan ticarət həcmləri Türkiyənin Mersin və digər dəniz limanlarına qədər böyük logistika axını təşkil edir ki, bu yüklərin də əks istiqamətdə - Asiyaya doğru nəqli üçün BTQ xəttindən istifadə etmək mümkündür. Bundan başqa, Mərkəzi və Şərqi Avropadan Türkiyə istiqamətində daşımalar üzrə fəaliyyət göstərən yükdaşıyıcılar öz ticarət həcmlərinin yeni dalğasını artıq BTQ-in yaratdığı logistikadan faydalanaraq Asiyaya doğru nəqletmə imkanlarını qazanmışdırlar.

Təsadüfi deyildir ki, BTQ üzərindən ilk yük Qazaxıstanın Kokşetau şəhərindən Türkiyənin Mersin dəniz limanına göndərilmiş 82 konteynerdən ibarət olmuşdur. Bu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) BTQ dəmir yoluna ilk töhfəsidir. Çinin yükdaşıma və ticarət-logistika sahəsində fəaliyyət göstərən şirkətlərin TBNM və BTQ-nin logistika imkanları barədə məlumatlandırılmaları istiqamətində iş davam etdirilir. Artıq istismara verildiyi vaxtda bu dəmir yolunun logistika imkanlarına bir çox Avropa və Asiya ölkələri maraq göstərir. Vyetnam–Çin yükdaşımaları xətti də TBNM + BTQ logistka marşrutu ilə ciddi maraqlanır. Təkcə Çinin əsas yük həcmləri  yaradan 4-5 vilayəti (ixrac yönlü sənaye qovşaqları) BTQ-yə maraq göstərərək öz yüklərini daimi bu xətlə Avropaya göndərərsə, bu tranzit rejimində həyata keçiriləcək ticarət axınlarında sıçrayışa səbəb olacaqdır. 

Bu xəttin illik yük ötürmə gücü birinci fazada 3-5 milyon ton, sonrakı mərhələlərdə isə 17 milyon tona qədərdir. Dəmir yolu ilə həmçinin, 3 milyon sərnişin daşınması gözlənilir.

 

Yekun

BTQ dəmir yolu bağlantısı layihəsini reallığa çevirməklə Azərbaycan gələcəyə hesablanmış daha bir vacib addım atmışdır. Gətirə biləcəyi bütün iqtisadi faydalarla yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən amil kimi çox önəmlidir. Bu, hər üç ölkənin, eyni zamanda həmin nəqliyyat dəhlizinin xidmətlərindən istifadə etmək marağında olan başqa ölkələrin sıx nəqliyyat əlaqələri qurması üçün geniş imkanlar açacaqdır. İstənilən prizmadan baxılarsa, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi çox vacibdir. Bu nəqliyyat arteriyasına qoşulmaqla, Azərbaycan Çindən tutmuş Avropa ölkələrinə qədər müxtəlif dövlətlərdən yüklər qəbul edə və ya göndərə biləcəkdir.

Arxiv üzrə axtarış

xin diplomatic service