Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ)

Azərbaycan Respublikası 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuş və ölkənin BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.

BTİ-nin baş katibi cənab H.Ture təşkilata rəhbərliyi dövrü ərzində bir neçə dəfə (2011, 2012, 2013 və 2014-cü illər) Azərbaycana səfər etmişdir. Bu səfərlər zamanı ölkə rəhbərliyi baş katibi qəbul etmiş, onunla ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğunu nümayiş etdirmişdir.

20 oktyabr - 7 noyabr 2014-cü il tarixlərində Koreya Respublikasının Busan şəhərində keçirilmiş BTİ-nin növbəti səlahiyyətli konfransı çərçivəsində baş tutmuş seçkilərdə Azərbaycan 94 səs toplayaraq ilk dəfə olaraq 4 il müddətinə Şərqi Avropa və Şimali Asiya regionundan BTİ Şurasına üzv seçilmişdir.

29 noyabr – 2 dekabr 2016-cı il tarixlərində BTİ-nin baş katibi H.Zhao Bakı şəhərində keçirilmiş Bakutel 22-ci Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmiş və ölkəmizə səfəri çərçivəsində ölkə rəhbərliyi tərəfindən qəbul olunmuşdur.     

Azərbaycanın işğal olunmuş ərazilərində informasiya və kommunikasiya texnologiyaları sahəsində qeyri-qanuni çalışan şirkətlərin fəaliyyətlərinə xitam verilməsi üçün BTİ üzv ölkələri arasında təmimi əsasda yayılması məqsədilə 2017-ci ildə Azərbaycan Respublikası Xarici İşlər naziri adından BTİ-nin hazırkı baş katibinə müvafiq məktub ünvanlanmışdır. Nəticədə, 1 iyul 2017-ci il tarixində dərc edilmiş BTİ-nin operativ bülletenində Azərbaycan tərəfinin haqlı mövqeyi işıqlandırılmışdır.

BTİ ilə Azərbaycan arasında yüksək səviyyədə əməkdaşlıq, faydalı və işgüzar münasibətlər nəzərə alınaraq, 2015-ci ildə BTİ-nin 150-ci ildönümünü münasibətilə ölkəmiz təşkilatın 3 “Qızıl Tərəfdaş”ından biri seçilmişdir.

2018-ci ilin 5 noyabr tarixində BTİ-nin növbəti səlahiyyətli konfransı çərçivəsində baş tutmuş seçkilərdə Azərbaycan yenidən BTİ Şurasına 2019-2022-ci illər müddətinə üzv seçilmiş, həmçinin təşkilatın Radio Tənzimləmə Komitəsinə Azərbaycanın namizədi seçilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service