BMT-nin İnkişaf Proqramı (BMTİP)

BMT-nin İnkişaf Proqramı (BMTİP)

BMTİP-in Azərbaycandakı nümayəndəliyi 20 ildən çoxdur ki fəaliyyət göstərir. BMT İnkişaf sisteminin yenidən formalaşdırılması üzrə BMT Baş Assambleyasının 72/279 saylı qətnaməsinə uyğun olaraq, 2019-cu ildən etibarən BMT-nin digər üzv dövlətlərində olduğu kimi Azərbaycanda da BMTİP ayrıca Rezident Nümayəndə tərəfindən idarə olunur.

BMTİP-in Azərbaycandakı fəaliyyəti ilk illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır təsirinə məruz qalmış əhaliyə yardımı nəzərdə tutan erkən bərpa proqramlarının həyata keçirilməsi ilə başlamışdır. Hazırda BMTİP-in Azərbaycandakı rolu ölkəmizin artan ehtiyaclarına uyğun olaraq uzunmüddətli sosial-iqtisadi inkişaf məsələlərinə yönəlmişdir və onun Azərbaycandakı əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Mükəmməl idarəçilik və davamlı inkişaf, o cümlədən gənclərin təşviq olunması və qadınların hüququ;
  • Elektron hökumət proqramının təşviq olunması;
  • Davamlı enerji və ətraf mühit: bərk tullantıların idarə olunması, davamlı enerji, bərpa olunan enerji, ekoloji qiymətləndirmə və iqlim dəyişikliyinə qarşı mübarizə, daşqına meylli ərazilərdə iqlim dəyişikliyi risklərini aradan qaldırılması;
  • İqtisadi idarəçiliyin təkmilləşdirilməsi: məşğulluq bacarıqlarının inkişaf etdirilməsi, davamlı inkişafda özəl sektorun iştirakının dəstəklənməsi və ticarətin inkişafı üçün inteqrasiya olunmuş sərhəd idarəçiliyinin yaradılması;
  • Gender bərabərliyi və gənclərə səlahiyyətlərin verilməsi: iqtisadi və sosial həyatda kənd və rayonlarda yaşayan qadınların iştirakı, dövlət siyasətində qadınların ehtiyaclarının təmsil olunması üçün milli iştirakçıların bacarıqlarının artırılması, inkişaf məsələlərinin gələcəyi haqqında gənclərin biliklərinin artırılması üçün Azərbaycanın ali təhsil ocaqlarında insan inkişafı kurslarının tədris olunması, qərarvericilik prosesində iştirak və ətraf mühitin dayanıqlığı məqsədlərinə nail olunmasına töhfələrini vermək üçün gənclərin səfərbər edilməsi;
  • Azərbaycanın böyük təcrübəsi olduğu təqaüd islahatları, ərazilərin minalardan təmizlənilməsi və vətəndaşlara xidmət sahələrindəki biliyin bölüşülməsi üçün Cənub-Cənub əməkdaşlığına ölkəmizin töhfəsinin dəstəklənməsi;
  • Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində Azərbaycan Hökumətinin gördüyü işlərə töhfə verilməsi.

BMTİP-in ölkədəki hazırkı fəaliyyəti 2016-2020-ci illər üçün Azərbaycan üzrə ölkə proqramı sənədi əsasında həyata keçirilir.

Arxiv üzrə axtarış

xin diplomatic service