BMT-nin Ətraf Mühit Proqramı (UNEP)

BMT-nin Ətraf Mühit Proqramı (UNEP)

Azərbaycan Respublikası ilə UNEP arasında əməkdaşlıq əsasən aşağıdakı fəaliyyət istiqamətləri üzrə həyata keçirilir: Xəzər Dənizi (Tehran Konvensiyası); Karpatlar; ətraf mühitin yaxşılaşdırılması vasitəsilə yoxsulluğun aradan qaldırılması; ətraf mühit və təhlükəsizliyin əlaqələndirilməsi (ENVSEC); məlumatlandırma; Cenevrə Ətraf Mühit Şəbəkəsi; biomüxtəliflik şəbəkəsi; Şərqi Avropa və Cənubi Qafqazda Davamlı Enerji Planlaşdırılması; Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadiyyatlarının yaşıllaşdırılması.

Azərbaycan Respublikasında “Ekologiya ili” elan olunan 2010-cu ildə UNEP tərəfindən İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı Azərbaycanın Bakı şəhəri də Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün əsas üç şəhərdən biri elan edilmişdir.

2010-cu ilin 5-7 iyul tarixlərində Qəbələdə UNEP-in və Azərbaycan tərəfinin təşkilatçılığı ilə biomüxtəliflik mövzusuna həsr olunmuş Avropa Ətraf Mühit Nazirlərin yüksək səviyyəli Konfransı keçirilmiş, müzakirələrin yekunu olaraq Qəbələ Bəyannaməsi qəbul olunmuşdur. 2012-ci ilin 16 noyabr tarixində Bakıda Avropanın Ətraf Mühit və Səhiyyə üzrə Nazirlər Şurasının 3-cü iclası keçirilmişdir.

UNEP-in müraciətinə əsasən 2014-cü il 29 aprel tarixində Proqramın Etimad Fonduna Azərbaycan tərəfindən 40 min ABŞ dolları məbləğində könüllü ianə formasında ödəniş edilmişdir.

Azərbaycan Respublikası UNEP ilə o cümlədən “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” üzrə fəaliyyət çərçivəsində əməkdaşlıq edir. Konvensiya və onun dörd Protokolunun inkişaf etdirilməsində UNEP Azərbaycana köməklik göstərir. 2011-ci ildə UNEP tərəfindən Xəzər Dənizinin Ətraf Mühitinin Vəziyyəti barədə ilk hesabat hazırlanmışdır. Eyni zamanda, UNEP sözügedən Konvensiyanın Katibliyinə himayəlik edir və onun regional Katibliyinin təsis edilməsi üçün çalışır. 2014-cü il 30 may tarixində “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın 5-ci Tərəflər Konfransında qəbul edilmiş Nazirlər Bəyannaməsinə əsasən, Katibliyin ingilis dili əlifbasına uyğun olaraq rotasiya əsasında Azərbaycan Respublikasında yerləşdirilməsinə dair qərar qəbul edilmişdir. Hazırda bu məsələnin Xəzəryanı ölkələrin xarici işlər nazirlikləri və UNEP arasında müzakirəsi davam edir.

Azərbaycan Respublikası UNEP çərçivəsində qəbul edilmiş bir sıra beynəlxalq konvensiyalara tərəfdir və onları ratifikasiya etmişdir: "Ozon qatını dağıdan maddələr üzrə” Vyana Konvensiyasının Monreal Protokolu, “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya (CITES), “Səhralaşma ilə mübarizə üzrə” Konvensiya, “Bioloji müxtəliflik haqqında” Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyası, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyası. Həmin Konvensiyalar çərçivəsində müvafiq öhdəliklərə uyğun olaraq müntəzəm olaraq UNEP-in dəstəyi ilə hesabatlar, milli fəaliyyət planları hazırlanaraq təqdim olunur və potensialın artırılması məqsədilə seminarlar və görüşlər keçirilir.

Arxiv üzrə axtarış

xin diplomatic service