BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO)

BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO)

Azərbaycan Respublikası 1993-cü ildə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) üzvü olmuşdur. Təşkilat tərəfindən Azərbaycanda bir sıra sahələrdə, o cümlədən enerji səmərəliliyinin artırılması, milli sənaye statistik proqramların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi, ətraf mühitin yaxşılaşdırılması və digər sahələrdə müxtəlif layihələr həyata keçirilir.

Azərbaycan Hökuməti ilə UNIDO arasında 2000-ci ildə "Sənaye inkişafı sahəsində əməkdaşlıq haqqında Memorandum", 2005-ci ildə isə "2005-2010-cu illər üzrə Əməkdaşlıq haqqında Çərçivə Proqramı" imzalanmışdır.

2010-cu ilin iyul ayında təşkilatın Baş direktoru Kandeh Yumkella Azərbaycana səfər etmiş, yüksək səviyyəli görüşlər keçirərək əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə etmişdir.

2012-ci ilin 17-18 aprel tarixlərində Azərbaycanda UNIDO-nun təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransı keçirilmişdir. Azərbaycanda elan edilmiş sənaye ili çərçivəsində görüləcək işlərin ümumi yekunu olaraq, UNIDO-nun yaxın iştirakı ilə 2014-cü ilin 26-27 noyabr tarixlərində Bakıda “XXI əsrdə sənaye siyasətinin əsas trendləri, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfrans təşkil olunmuşdur. Tədbir çərçivəsində Azərbaycanla UNIDO arasında əməkdaşlığa dair 2014-2018-ci illər üzrə növbəti Çərçivə Proqramı imzalanmışdır.

UNIDO Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə “Yeni İpək Yolu İqtisadi Kəmərində əhatəli və davamlı sənaye inkişafının sürətləndirilməsi: Azərbaycanda, Tacikistanda, Türkmənistanda və Özbəkistanda sənaye parklarının potensialından istifadə” adlı regional layihə həyata keçirir.

Azərbaycanın Təşkilatla əməkdaşlığının prioritetlərini və əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək Əməkdaşlıq üzrə yeni Çərçivə Proqramının icra müddətinin növbəti 4 ilə uzadılması ilə bağlı tərəflər arasında danışıqlar aparılır.

Arxiv üzrə axtarış

xin diplomatic service