Asiya İnkişaf Bankı (AİB)

Asiya İnkişaf Bankı (AİB)

Azərbaycan 1999-cu ildən etibarən AİB-nin üzvüdür. Azərbaycanın AİB-in səhmlərində payı 0.447%-dir. Azərbaycanın AİB-in Rəhbərlər Şurasında rəhbəri Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov, alternativ rəhbəri isə iqtisadiyyat naziri Şahin Mustafayevdir. AİB-in Azərbaycanda Rezident Missiyası 2004-cü ildə açılmışdır.

1999-cu ildən etibarən Azərbaycan Respublikası AİB-dən ümumi dəyəri 4,2 milyard olan kredit, qrant və texniki yardımlar əldə etmişdir. Bu layihələr əsasən maliyyə, dövlət sektorunun idarə edilməsi, kənd təsərrüfatı, enerji, səhiyyə, su idarəçiliyi və nəqliyyat sahələrindədir.

AİB-in yardımı ilə məcburi köçkünlər üçün layihə çərçivəsində 400-dən artıq məcburi köçkün ailəsinin yaşayış şəraiti yaxşılaşmış, 4 məktəb bərpa edilmiş, məcburi köçkünlərə əksəriyyəti qadınlar olmaqla kiçik kreditlər verilmişdir. Daşqınlarla mübarizə layihəsi çərçivəsində 240000-dən artıq əhali daşqınların təsirindən müdafiə olunmuşdur. Təxminən 200 kilometr yeni və təkmilləşdirilmiş magistral və kənd yolları salınmış, ikinci dərəcəli şəhərlərdə yaşayan təxminən 350 000 əhali yüksək keyfiyyətli və etibarlı içməli su ilə təchiz olunmuşdur.

2015-ci ilin 1-5 may tarixlərində AİB-in Rəhbərlər Şurasının 48-ci illik toplantısı Bakıda keçirilmişdir.

Azərbaycan AİB-in Mərkəzi Asiya üzrə Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının da üzvüdür və bu proqram vasitəsi ilə nəqliyyat, enerji, ticarət danışıqları və digər sahələr üzrə AİB tərəfindən Azərbaycana yardım göstərilməkdədir.

AİB ilə tərəfdaşlıq 2014-2018-ci illəri əhatə edən 5 illik ölkə tərəfdaşlıq strategiyası ilə tənzimlənir. Sözügedən sənəd AİB 2020 strategiyasından irəli gəlir və “Azərbaycan 2020 baxış” milli səviyyədə müəyyən edilmiş prioritetlər nəzərə alınmaqla hazırlanmışdır. Növbəti dövr 2019-2023-cü illəri əhatə edən strategiya 2019-cu ildə təsdiqlənməsi gözlənilir.

Arxiv üzrə axtarış

xin diplomatic service