Qətər

Waving Flag of Qatar (Animated Gif)

Qətər Dövləti

 

Dövlət başçısı (Əmir): Əlahəzrət Şeyx Təmim bin Həməd Əl Təni

Baş Nazir, Daxili İşlər naziri: Şeyx Abdullah bin Nasir bin Xəlifə Əl Təni

Parlament (Qətər Məşvərət Şurası) Sədri: cənab Əhməd bin Abdullah bin Zeyd Əl Mahmud

Baş Nazirin müavini, Xarici İşlər naziri: Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Təni

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri:  cənab Rəşad İsmayılov

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi saytı: http://doha.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 14 sentyabr 1994-cü il tarixində yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2002-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı Səfiri cənab E.Araslı Qətər Dövlətində Fövqəladə və Səlahiyyətli Səfir təyin edilmişdir.

7-10 dekabr  2014-cü il tarixlərində Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar  naziri   cənab Ə.Abbasov  Doha şəhərində keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının “İTU Telecom World 2014” sərgisində iştirak etmişdir.

16 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qətər Dövlətinin Nəqliyyat naziri cənab Cassim Saif Əhməd Al-Sulaitini qəbul etmişdir.

7-8 mart 2016-cı il tarixlərində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Təni Azərbaycana rəsmi səfər etmişdir. Səfər zamanı iki ölkə arasında 8 sənəd imzalanmışdır.

21-23 may 2016-cı il tarixlərində keçirilmiş “Hamı üçün sabitlik və tərəqqi” mövzusunda 16-cı Doha Forumunda Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov iştirak etmişdir.

19 iyul 2016-cı il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim Əl-Muavidəni ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

13 dekabr 2016-cı il tarixində Qətər Mülki Aviasiya Administrasiyasının sədri  cənab Abdulla Nasser Turki Al-Subayın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmiş və səfər çərçivəsində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti cənab Cahangir Əsgərovla görüş keçirmişdir.

30-31 yanvar 2017-ci il tarixlərində Qətər Dövlətinin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Təni Azərbaycana rəsmi səfər etmişdir.

27 fevral 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qətərdə rəsmi səfərdə olmuşdur. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Təninin təkbətək görüşü başa çatdıqdan sonra geniş tərkibdə görüş olmuşdur. Səfər zamanı iki ölkə arasında 6 sənəd imzalanmışdır.

30 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə səfərdə olan Qətər Dövlətinin sabiq Baş Naziri, sabiq XİN başçısı Şeyx Həməd bin Casim bin Cabir Əl Tənini qəbul etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3649 saylı, 7 fevral 2018-ci il tarixli Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmiş və iclasın sonunda komissiyanın protokolu imzalanmışdır. Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərov Azərbaycan tərəfindən Komissiyaya rəhbərlik etmişdir.

11 aprel 2019-cu il tarixində Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Məhəmməd bin Əhməd Əl Misnəd Azərbaycanda səfərdə olmuşdur.

 

Humanitar sahədə əməkdaşlıq

4-5 aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Qətər Dövlətində səfərdə olmuşdur.

27 aprel 2016-cı il tarixində Qətər Dövlətinin Baş nazirinin müavini Ahmed bin Abdullah Al Mahmud BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək məqsədilə Azərbaycana səfər etmişdir. Ahmed bin Abdullah Al Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.

20 fevral 2017-ci il tarixində Qətərin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər etmiş və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş və təhsil naziri M.Cabbarov ilə görüş keçirmişdir.

 

Müqavilə və Hüquq bazası

Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 30 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan ilə Qətər arasında ticarət dövriyyəsi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2014

347.1

330.7

16.4

2015

501.64

484.33

17.31

2016

170.24

107.92

62.32

2017

4.726.12

4.702.10

24.2

2018

3.608.82

3.325.41

283.41

Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi

 

Azərbaycandan ixrac olunan məhsullar: meyvə və tərəvəz şirələri, reaktiv mühərriklər üçün kerosin yanacağı və digər məqsədlər üçün qazoyllar, sadə sellüloza efirləri, optik daşıyıcılar və s.

Qətərdən idxal olunan məhsullar: qeyri-elektrik kürələrin hissələri, qoruyucu baş geyimləri, daxili yanma mühərrikləri üçün hava filtrləri və s.

 

Müştərək Komissiya

Adı: Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiya

Yaranma tarixi: 8 mart 2016-cı il.

Sonuncu iclasın tarixi: 20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilmişdir.

 

Arxiv üzrə axtarış

xin diplomatic service