BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq

BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlıq

Azərbaycan BMT ilə Azərbaycan Respublikasının Nyu-Yorkdakı Daimi Nümayəndəliyi  və Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi vasitəsilə səmərəli fəaliyyətini davam etdirir. Lakin BMT ilə insan hüquqları sahəsində həyata keçirilən əməkdaşlıq daha çox Cenevrədə cəmləşib. Burada ölkəmiz BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi ilə sıx əməkdaşlıq edir.

2006-cı ilin 15 mart tarixində BMT Baş Assambleyasının (BA) 60/251 saylı qətnaməsi ilə əsası qoyulan BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) BMT-nin insan hüquqlarına məsul aparıcı orqanıdır. Tərkibinə 47 üzv dövlətin daxil olduğu İHŞ il ərzində 3 sessiyaya toplaşır (yaz, yay, payız). Lakin insan hüquqlarının pozulması və fövqəladə məsələlər yarandıqda, İHŞ-nin xüsusi sessiyalarının da keçirilməsi mümkündür. Bunun üçün xüsusi sessiyanın keçirilməsinə dair müraciətin İHŞ üzv dövlətlərinin üçdə birinin dəstəyi tələb olunur. Azərbaycan 2006-cı ildə İHŞ-ə seçilən ilk dövlətlərdən biri olmuşdur.

İHŞ-nin hər ilin fevral –mart aylarında keçirilən sessiyası zamanı (4 həftə davam edir) təşkil olunan yüksək səviyyəli seqmentə Azərbaycan Xarici İşlər Naziri və ya müavini ilə təmsil olunur. Hər sessiya zamanı Cenevrədəki Daimi Nümayəndəlik müxtəlif mövzular üzrə keçirilən tədbir və görüşlərdə iştirak edir, müxtəlif təşəbbüslərlə çıxış edir, ölkəmizin maraqlarına cavab verən qətnamələrə həm-müəllif kimi qoşulur

Azərbaycan BMT-nin insan hüquqları mexanizmləri ilə çox sıx əməkdaşlıq edir. BMT-nin insan hüquqları mexanizmləri ilk növbədə insan hüquqları üzrə BMT konvensiyaları əsasında təsis edilmiş müqavilə qurumları (komitə və alt-komitələr) və eləcə də BMT İnsan Hüquqları Şurasının (İHŞ) xüsusi prosedur mandat daşıyıcılarından ibarətdir. Hazırda Azərbaycan Respublikasından olan mütəxəssislər insan hüquqları üzrə BMT-nin mexanizmlərindən yalnız ikisində (BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə komitəsi və Miqrant işçilər üzrə komitə. 2019-cu ilin məlumatına əsasən) təmsil olunur.

Azərbaycan bütün əsas insan hüquqları üzrə qanuni vasitələrə tərəfdir. Burada qeyd etmək lazımdır ki, ölkəmiz vaxtı vaxtında müqavilə qurumlarına öhdəliklərin yerinə yetirilməsi üzrə dövri hesabatları təqdim edir və bu səbəbdən, 2017-ci ildə İHŞ-nın növbəti iclasında Azərbaycan müqavilə qurumlarına zamanında hesabatları təqdim edən 34 dövlət arasında yer almışdır.

Bununla yanaşı, Azərbaycan 2013-cü ildə İHŞ-nin xüsusi prosedur mandat daşıyıcılarına (xüsusi məruzəçilər) açıq dəvət ünvanlamışdır. Bu o deməkdir ki, xüsusi məruzəçilərin ölkəyə səfərlərinə heç bir məhdudiyyət qoyulmur, sadəcə onlar bir müddət öncə müraciət edərək səfərin tarixlərini Azərbaycan Hökuməti ilə razılaşdırmalıdırlar. Burada qeyd etmək lazımdır ki, 2018-ci ildə İHŞ-nin növbəti sessiyasında ölkəmiz son beş ildə 5 mandat daşıyıcısının səfərini təşkil etmiş 19 ölkənin sırasına daxil olmuşdur.

Xarici İşlər Nazirliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Cənubi Qafqazdakı Ofisinin İnsan hüquqları üzrə baş müşaviri (Tbilisidə oturur) və onun Azərbaycandakı Nümayəndəsi ilə sıx əməkdaşlıq edir. Mütəmadi olaraq onun Azərbaycana baş tutan səfərləri çərçivəsində XİN-də keçirilən görüşlərdə sözügedən qurum və Azərbaycan arasında əməkdaşlıq və mümkün layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılır. Ölkəmiz BMT-nin İnsan hüquqları üzrə Ali Komissarının Ofisi ilə əməkdaşlığa, eləcə də qurumun dünya üzrə göstərdiyi fəaliyyətə önəm verərək, Ofisə mütəmadi olaraq maliyyə tövhəsi də ayırır.

Arxiv üzrə axtarış

xin diplomatic service