Humanitar və sosial məsələlər

Humanitar və sosial sahədə çoxtərəfli əməkdaşlıq

Humanitar sahədə Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini Ermənistanın ölkəmizə qarşı təcavüzündən uzun illər əziyyət çəkən soydaşlarımızın hüquqlarının beynəlxalq səviyyədə müdafiəsi üçün zəruri tədbirlərin görülməsi təşkil edir. Bu sahədə ölkəmiz Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlarla əməkdaşlıq edir.

Bu istiqamətdə ən mühüm təşəbbüslərimizdən biri BMT Baş Assambleyasının sessiyalarında hər iki ildən bir irəli sürülən “İtkin düşmüş şəxslər” adlı qətnamənin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Münaqişə nəticəsində Azərbaycan tərəfindən hələ də 3888 nəfərin itkin düşmüş şəxs olduğunu nəzərə alaraq, ölkəmiz bu problemin beynəlxalq ictimaiyyətin diqqətində saxlanılmasını vacib hesab edir. Qətnamədə dövlətlərarası silahlı münaqişələr zamanı itkin düşmə probleminin müxtəlif aspektlərinə toxunmaqla dövlətləri beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikləri yerinə yetirməyə, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsinə, bu sahədə səmərəli preventiv tədbirlərin həyata keçirilməsinə, itkin düşmüş uşaqlar probleminə xüsusi həssaslıqla yanaşılması və s. işlərin aparılmasına çağırır.

Bu istiqamətdə həyata keçirilən digər mühüm addım BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasında ölkəmizin əsas müəllifliyi ilə iki ildən bir irəli sürülən “Hərbi münaqişələr zamanı, sonradan həbs olunanlar da daxil olmaqla, girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamə layihəsinin BMT üzvləri tərəfindən qəbul edilməsidir. Qətnamədə, qadın və uşaqların münaqişələr zamanı işgəncəyə məruz qalması, əsir götürülməsi, öldürülməsi və insan alverinə məruz qalma halları pislənir, müvafiq preventiv işlərin həyata keçirilməsi tələb olunur.

Ermənistanın təcavüzündən ən çox əziyyət çəkən insanların məcburi köçkünlər olduğunu nəzərə alaraq, onların hüquqlarının müdafiəsi istiqamətində Xarici İşlər Nazirliyi tərəfindən mütəmadi olaraq iş aparılır. Nazirliyinin müvafiq beynəlxalq tərəfdaşlarla keçirdiyi bütün görüşlərdə və beynəlxalq tədbirlərdə onların öz evlərinə könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi qaldırılır. BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilən müvafiq qətnamələrdə məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququ təsbit olunmuşdur. Bu sahədə ən son sənədlərdən biri 2018-ci ildə Avropa Şurası Parlament Assambleyasında qəbul edilmiş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” qətnaməsi və tövsiyəsi olmuşdur. Qətnamədə beynəlxalq hüquqi sənədlərə əsasən işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı gücün öz əhalisini bu yerlərə köçürməsinin müharibə cinayəti olması qeyd olunmuş, tövsiyədə isə AŞPA təşkilatın Nazirlər Komitəsinə məcburi köçkünlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını yerinə yetirməyən ölkələrə qarşı Avropa İnsan Hüquqları Konvensiyasının 46.4 maddəsinin tətbiq edilməsi tövsiyə edilmişdir.   

Məcburi köçkünlərlə bağlı statistik məlumatların dəqiqləşdirilməsi, onların problemlərinin müəyyənləşdirilməsi və həlli, eləcə də Azərbaycan hökumətinin məcburi köçkünlərin sosial və məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Azərbaycan Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzi ilə əməkdaşlıq edir. Bundan əlavə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd təsərrüfatının inteqrə edilmiş inkişafı” adlı layihə çərçivəsində görülən işlər hazırda bu sahədə beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə həyata keçirilən əsas layihələrdən biridir.  

Erməni girovluğunda saxlanılan soydaşlarımızın azad edilməsi istiqamətində səylər də Xarici İşlər Nazirliyinin bu sahədə əsas fəaliyyət istiqamətini təşkil edir. Dünya ictimaiyyətinin diqqətinin Ermənistanın bu qanunsuz əməllərinə cəlb edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər naziri adından BMT Baş katibi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti, ATƏT Baş katibi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Şurası Baş katibi və Avropa Şurasının insan hüquqları komissarına məktublar ünvanlanmış, Xarici İşlər Nazirliyi və səfirliklərimiz tərəfindən məsələ ilə  bağlı mətbuat üçün bəyanatlar yayılmış, səfirliklərimiz tərəfindən akkreditə olunduqları ölkələrin xarici işlər nazirliklərinə diplomatik notalar göndərilmiş və mətbuat orqanlarında məqalələr nəşr etdirilmiş, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Baş katibinə ünvanlanmış məktub BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının A/72/940-S/2018/738 saylı sənədi kimi yayılmışdır. Münaqişə ilə əlaqədar hər iki tərəfdə saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı şəkildə azad edilməsi məsələsi Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq müvafiq beynəlxalq təşkilatların və ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşlər zamanı qaldırılır və bu istiqamətdə səylər davam etdirilir. Bu məsələdə neytral vasitəçi rolunu oynayan BQXK ilə mütəmadi görüşlər keçirilərək soydaşlarımızın erməni girovluğundakı vəziyyəti müzakirə olunur. 

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycanın xarici siyasətinin humanitar sahədə prioritetlərindən biridir. Bu sahədə fəaliyyət aşağıdakı istiqamətlərdə qurulmuşdur: 1) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) başda olmaqla miqrasiya proseslərinin tənzimlənməsində iştirak edən beynəlxalq qurumlar ilə əməkdaşlığın genişləndirilməsi; 2) Azərbaycan Respublikası və Avropa İttifaqı (Aİ) arasında imzalanmış sadələşdirilmiş viza rejimi və icazəsiz yaşayan şəxslərin readmissiyasi haqqında sazişlərin icrasının monitorinqi; 3) Aİ ilə Azərbaycan arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlığa dair Birgə Bəyannamənin implementasiyasının davam etdirilməsi; 4) miqrasiya proseslərinin idarə edilməsində ölkənin imkanlarının inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təşkilatların texniki və məşvərətçi dəstəyindən yararlanmaq; 5) qlobal və regional səviyyədə miqrasiya proseslərinin tənzimlənməsinə həsr olunmuş müzakirələrdə ölkəmizin iştirakının təmin edilməsi.

Qeyd edək ki, bu sahədə Aİ-nın maliyyə dəstəyi ilə sərhəd idarəçiliyinin və miqrasiya proseslərinin idarə edilməsinin təkmilləşdirilməsinə yönəlmiş bir sıra layihələr həyata keçirilməkdədir və ölkəmiz bu istiqamətdə  BMqT və Aİ ilə yanaşı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə də sıx əməkdaşlıq edir.

Qeyd edək ki, son illərdə miqrasiya sahəsində həyata keçirilmiş ən mühüm beynəlxalq təşəbbüslərdən biri 2018-ci ilin sonunda BMT Baş Assambleyası tərəfindən “Təhlükəsiz, qanuni və nizamlı miqrasiya üzrə Qlobal Pakt” və “Qaçqınlar üzrə Qlobal Pakt”ın qəbul edilməsi olmuşdur. Səsvermə ilə qəbul hər iki sənədə ölkəmiz dəstək nümayiş etdirmişdir.

Azərbaycan miqrasiya sahəsində Almatı, Budapeşt və Praqa prosesləri çərçivəsində də Avropa və Asiya ölkələri ilə əməkdaşlıq edir.

 Ölkəmiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMTQAK) İcraiyyə Komitəsinin üzvü olaraq bu təşkilatla sıx əməkdaşlıq edir. Bu təşkilatla əməkdaşlığımız uzun illər münaqişə nəticəsində məcburi köçkün düşmüş insanlara humanitar yardımlar və sosial dəstək layihələri üzərində qurulmuşdu. Hazırda isə BMTQAK əsasən Azərbaycana digər ölkələrdən gəlmiş sığınacaq axtaran və qaçqın statusu almış şəxslərə yardım sahəsində fəaliyyət göstərir. Təşkilat tərəfindən həyata keçirilən “Şərqi Avropa və Cənubi Qafqazda sığınacaq sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda sığınacaq sisteminə dair milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün tədbirlər görülməkdədir.

Təhsilin cəmiyyətimizin inkişafındakı əhəmiyyətini nəzərə alaraq, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə Avropa İttifaqı ilə bu sahədə əməkdaşlıq humanitar sahədə beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birini təşkil edir.  “Azərbaycanda Ali Təhsil Sisteminə Dəstək Proqramı” vasitəsilə Aİ ölkəmizdə ali təhsil və peşə təhsilinin müasirləşdirilməsinə yardım edir. Aİ tərəfindən peşə təhsilinin islahatına verilən dəstəyin nəticəsi olaraq bu sahədə regionlarda pilot layihələrin həyata keçirilməsinə başlanılmışdır. Bundan əlavə, Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq davam etdirilir və ölkəmiz Aİ-nin TAİEX və Twinning alətlərindən yararlanır.

Azərbaycanın multikulturalizm ənənələrinin dünyaya tanıdılması və mədəniyyətlər və dinlər arasına dialoqun təşviqi də Azərbaycanın xarici siyasətində önəmli yerlərdən birini tutur. Xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı üçün Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi” çoxsaylı beynəlxalq tədbirlər və layihələr vasitəsilə sivilizasiyalar və dinlər arasında güclü və həqiqi dialoqun inkişafına böyük töhfələr verməkdədir və bu BMT Baş katibinin 72/488 saylı “Dünyanın rifahı naminə sülh mədəniyyətinin, dinlərarası və mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və əməkdaşlığın təşviqi” adlı məruzəsində də öz əksini tapmışdır. 2016-cı ilin aprelində BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi bu prosesin uğurlarından biridir. Bakıda bu sahədə keçirilən beynəlxalq miqyaslı tədbirlər sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və Beynəlxalq Humanitar Forumlarının xüsusi yeri vardır.

Humanitar sahədə əməkdaşlıqda Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisi (UNDRR), BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) və Beynəlxalq Mülki Müdafiə Təşkilatı (ICDO) ilə təmaslar da önəmli yer tutur.

Sosial sahədə beynəlxalq əməkdaşlıq isə əsasən bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlar, xüsusilə də Beynəlxalq Əmək Təşkilatı (BƏT),  Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, BMT-nin Uşaq Fondu (UNİCEF), BMT-nin Əhali Fondu (UNFPA) və s. ilə münasibətlərin inkişafına yönəlmişdir.

Azərbaycan 1992-ci ilin may ayından BƏT-in tam hüquqlu üzvüdür və onun 58 Konvensiyasına qoşulmuşdur. Təşkilatla ölkəmizin əməkdaşlığı 3 əsas istiqamət üzrə aparılır: sosial dialoq sisteminin təkmilləşdirilməsi; institutsional islahatlara dəstək; praktiki əməkdaşlıq tədbirlərinin həyata keçirilməsi.

BƏT-lə əməkdaşlıq ölkəmiz üçün beynəlxalq təcrübəyə əsaslanaraq əmək qanunvericiliyi normalarının işlənib hazırlanması, əmək bazarının təkmilləşdirilməsi və tənzimlənməsi, təhlükəsiz əmək şəraitin yaradılması və sosial müdafiənin gücləndirilməsi və məşğulluq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının yeni Məşğulluq Strategiyasının (2017-2030) hazırlanmasında BƏT tərəfindən aktiv texniki dəstək göstərilmişdir.

2016-cı ildə Azərbaycan Respublikası ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlığın hüquqi çərçivəsini müəyyən edən “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanmışdır.

Azərbaycan Respublikası 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına üzv seçilmişdir.

Ölkəmiz sosial sahədə beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olaraq bu istiqamətdə mühüm təşəbbüslərin də müəllifidir. İnkişaf etmiş ölkələrdə məşğulluq problemlərinin həlli, yoxsulluğun azaldılması, dayanıqlı sosial təminat və layiqli əməyin təmin olunmasına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2013-cü ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzinin yaradılması təşəbbüsü irəli sürülmüşdür. Mərkəzin nizamnaməsi 2016-cı ildə təsdiqlənmişdir. Əmək Mərkəzinin fəaliyyətə başlaması üçün İƏT-in 10 üzvünün sənədi imzalaması tələb olunur.

Azərbaycanın əməkdaşlıq etdiyi mühüm beynəlxalq təşkilatlardan biri də BMT-nin Uşaq Fondudur (UNİCEF). Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində UNİCEF tərəfindən ölkəmizdə həyata keçirilən Azərbaycan üzrə 2016-2020-ci illər üzrə Ölkə Proqramının icrasına dəstək göstərməkdədir. Bu proqram BMT-nin Uşaq hüquqları Konvensiyasında təsbit olunmuş əsas uşaq hüquqlarının və Azərbaycanın müxtəlif inkişaf strategiyalarında uşaqlarla bağlı əks olunmuş müddəaların yerinə yetirilməsində, o cümlədən əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və inklüziv təhsil kimi sahələrdə ölkəmizə dəstək göstərilməsini nəzərdə tutur.

Azərbaycan BMT-nin Əhali Fondu (UNFPA) ilə də sıx əməkdaşlıq etməkdədir. Bu əməkdaşlıq UNFPA-nın 2016-2020-ci illər üçün Ölkə Proqramı üzrə Fəaliyyət Planına uyğun olaraq üç istiqaməti əhatə edir: cinsi və reproduktiv sağlamlıq; əhalinin dinamikası; gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması.  

Sosial sahədə beynəlxalq əməkdaşlığın mühüm hissəsi olan səhiyyə istiqamətində əməkdaşlıqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətlər xüsusi önəm daşıyır. 2018-ci ilin iyulunda ÜST-ün yeni Baş direktoru T.A.Ghebreyesusun Azərbaycana səfəri çərçivəsində “Dayanıqlı inkişaf məqsədlərinin icrası kontekstində səhiyyə islahatları” adlı beynəlxalq konfransda iştirak etməsi və ÜST ilə Azərbaycan Hökumətinin birgə bəyanatının imzalanması təşkilatla münasibətlərimizin inkişafına öz müsbət təsirini göstərmişdir.

Səhiyyə sahəsində ölkəmiz qərargahı Cenevrədə yerləşən HİV, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondla da səmərəli əməkdaşlıq qurmuşdur. Fond 2005-ci ildən ölkəmizdə HİV, vərəm və malyariyaya qarşı mübarizə üçün müxtəlif layihələri maliyyələşdirir.

Arxiv üzrə axtarış

xin diplomatic service