Nigeriya

 

Waving Flag of Nigeria (Animated Gif)

Nigeriya Federativ Respublikası

 

Prezident: Zati-aliləri cənab Muhammadu Buhari

Vitse Prezident: cənab Oluyemi "Yemi" Osinbajo

İki palatalı parlament: Senat (yuxarı palata)prezident cənab Əhməd İbrahim Lavan

Nümayəndələr palatası (aşağı palata)sədr cənab Femi Qbajabiamila

Xarici İşlər naziri: cənab Coffri Onyeama

Nigeriya Federativ Respublikasının Azərbaycan Respublikasında səfiri (iqamətgahı Tehran şəhərində olmaqla): cənab Hamzat İbrahim

 

İkitərəfli münasibətlər

Nigeriya Azərbaycanın müstəqilliyini 11 mart 1992-ci ildə tanımışdır. Həmin tarixdə ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur.

21-31 yanvar 2016-cı il tarixlərində Əddis-Əbəbə şəhərində keçirilmiş Afrika İttifaqının (Aİ) 26-cı Zirvə Görüşündə iştirakı zamanı səfir Elman Abdullayev Nigeriyanın Xarici İşlər naziri cənab Coffri Onyeama ilə görüş keçirmişdir. Görüş zamanı tərəflər arasında təmasların artırılmasının, iki ölkənin rəsmiləri arasında səfərlər mübadiləsinin həyata keçirilməsinin və hüquq-müqavilə bazasının qurulması üçün müvafiq addımların atılmasının vacibliyi qeyd edilmişdir.

7 fevral 2019-cu il tarixində Azərbaycan Respublikası Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Azərbaycan Respublikasında səfərdə olan Nigeriya Federativ Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Sadiq Baba Abubakarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanın və Nigeriyanın Hərbi Hava Qüvvələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

Humanitar sahədə əməkdaşlıq

2008-ci ildə Azərbaycan Respublikasının hökuməti Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi “Poliomielitə qarşı mübarizə” Proqramı üçün 10 min ABŞ dolları məbləğində yardım göstərmişdir.

4-22 may 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA), Kolumbiyanın Prezident yanında Beynəlxalq Əməkdaşlıq Agentliyi, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Azərbaycan Dövlət Neft Akademiyasının "Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya" Elmi Tədqiqat İnstitutu ilə birgə "Neft mühəndisliyi və neftin emalı metodları üzrə innovasiyalar" mövzusunda üçüncü ixtisasartırma kursu təşkil etmişdir. Sözügedən ixtisasartırma kursunda Nigeriya ilə yanaşı, Əlcəzair, Anqola, Kamerun, Çad, KotD`ivuar, Misir, Liviya, Mavritaniya, CAR və Sudan kimi neft-qaz sənayesinə malik Afrika ölkələrindən və Kolumbiyadan ümumilikdə 14 mütəxəssis iştirak etmişdir.

2017-ci ildə Azərbaycan tərəfindən AİDA vasitəsilə Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində yaranmış humanitar böhranla bağlı qida çatışmazlığından əziyyət çəkən insanlara BMT-nin xətti ilə 50 000 ABŞ dolları məbləğində yardım göstərilib.

2017-ci ildə baş vermiş humanitar böhran nəticəsində Somali, Yəmən, Cənubi Sudan və Nigeriyanın şimal-şərq hissəsində 20 milyondan çox insan, xüsusilə qadın və uşaqlar, qida çatışmazlığı ilə üzləşmişlər. Bu humanitar böhranın aradan qaldırılması məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən təcili humanitar yardımın göstərilməsi tələb olunurdu. BMT Baş katibi bu ölkədəki insanların aclıq təhlükəsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətə kömək üçün müraciət etmişdir. Buna cavab olaraq, AİDA həmin ölkələrdə fəaliyyət göstərən BMT qurumlarına maliyyə töhfəsi etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2017-ci il tarixli, 3457 nömrəli Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2018-ci il tarixli, 3567 nömrəli Sərəncamı ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramları təsis edilmişdir. 2018-2019-cu tədris ili üzrə həyata keçirilən təhsil qrantı proqramlarına qəbulun nəticələrinə əsasən, İslam Əməkdaşlıq Təşkilatı üzrə 14 ölkənin, Qoşulmama Hərəkatı üzrə isə 15 ölkənin ümumilikdə 40 vətəndaşı (hər proqram üzrə 20 nəfər olmaqla) Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanmışdır. Hazırda Nigeriyanın vətəndaşları təhsil qrantı proqramları çərçivəsində Azərbaycanda təhsil alırlar.

Arxiv üzrə axtarış

xin diplomatic service