Efiopiya

Waving Flag of Ethiopia (Animated Gif)

Efiopiya Federativ Demokratik Respublikası

 

Prezident: Zati-aliləri xanım Sahle-Vork Zevde

Baş Nazir: cənab Abiy Əhməd

İkipalatalı Parlament: Federasiya Palatası (yuxarı palata): Sədr xanım Keria İbrahim

Xalq Nümayəndələri Palatası (aşağı palata): Sədr cənab Taqesse Çafo

Xarici İşlər naziri:   cənab Qedu Andarqaço

 

İkitərəfli münasibətlər

  • 2 noyabr 1992-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır
  • 28 dekabr 2012-ci il Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyi təsis edilmişdir.
  • 4 fevral 2013-cü il tarixdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2697 saylı Sərəncam imzalanmışdır.
  • 31 oktyabr - 1 noyabr 2013-cü il tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Efiopiya Federativ Demokratik Respublikası Parlamentinin Xalq Nümayəndələri Palatasının sədri Abadula Gemeda Daqon iştirak etmişdir.
  • Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2014-cü il tarixli Sərəncamı ilə Elman Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
  • 23 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti cənab Mulatu Teşomeyə təqdim etmişdir.
  • 28 mart 2015-ci il tarixində Efiopiya Federativ Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Ankarada olmaqla) Ayalev Qobezie Vorkneh (Ayalew Gobezie Workneh) etimadnaməsini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
  • 26 fevral 2016-ci il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi tərəfindən BMT-nin Əddis-Əbəbədəki mənzil qərargahında (UNECA – BMT-nin Afrika üzrə İqtisadi Komissiyası) Xocalı Soyqırımının 24-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir. Qeyd edilməlidir ki, anım mərasimi 25 may 1963-cü il tarixində Afrika Birliyi Təşkilatının (Afrika İttifaqı) elan olunduğu tarixi “Afrika Zalında” təşkil olunmuşdur.
  • 21 noyabr 2016-cı il tarixindəsəfir E.Abdullayev Efiopiyanın Birinci xanımı Roman Tesfaye ilə görüşmüşdür. Görüş zamanı səfir E.Abdullayev Azərbaycan Respublikası Hökumətinin UNESKO ilə imzaladığı Çərçivə Sazişi və bu Sazişdən irəli gələn Etimad Fondu barədə ətraflı məlumat vermiş, sözügedən Fond vasitəsilə Afrika qitəsində qızların təhsili sahəsində bir çox layihələrin həyata keçirildiyini vurğulamışdır. Söhbət əsnasında Efiopiya tərəfinə Etimad Fondu vasitəsilə qızların təhsili sahəsində birgə layihənin həyata keçirilməsi müzakirə olunmuşdur.
  • 31 mart 2017-ci il tarixində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyinin təşkilatçılığı ilə “İRS” jurnalının Amhar dilində ilk nəşrinin təqdimatı keçirilmişdir.
  • 8-10 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Xarici Işlər naziri Elmar Məmmədyarov Efiopiya tərəfinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti MulatuTeşome, Efiopiyanın xarici işlər naziri cənab Vorkneh Qebeyehuilə görüşlər keçirmişdir. Səfər çərçivəsində Azərbaycanla Efiopiya arasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu” imzalanmışdır.
  • Efiopiyanın xarici işlər nazirinin müavini (dövlət naziri) xanım Hirut Zemene 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçı səfərdə olmuşdur.

 

Hüquq-müqavilə bazası

İmzalanmış sənədlər

  1. “Azərbaycan Respublikası və Efiopiya Federativ Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol” (2 noyabr 1992-ci il).
  2. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu”, 10 noyabr 2017-ci il.

 

Arxiv üzrə axtarış

xin diplomatic service