Müqəddəs Taxt-Tac

Waving Flag of Vatican City (Animated Gif)

Müqəddəs Taxt-Tac

Dövlət başçısı: Roma Papası I Fransisk

Dövlət Katibi: Kardinal Pietro Patrolin

Dövlətlərlə Əlaqələr üzrə katib: Arxiyepiskop Pol Riçard Qalaqer

 

İkitərəfli münasibətlər

Müqəddəs Taxt-Tac ilə diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacda fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Parisdə olmaqla Rəhman Mustafayevdir. Etimadnaməsini 21 dekabr 2017-ci il tarixində Papa Fransiskə təqdim etmişdir.

Müqəddəs Taxt-Tacın Azərbaycan Respublikasında apostol nunsisi iqamətgahı Ankarada olmaqla arxiyepiskop Pol Fitzpatrik Rasseldir. Etimadnaməsini 4 oktyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bəri Müqəddəs Taxt-Tacla əlaqələrini inkişaf etdirmişdir. 1997-ci ilin sentyabr ayında Ümummilli Lider, Prezident Heydər Əliyevin Vatikana, 2002-ci ilin 22-23 may tarixlərində Azərbaycan Prezidentinin dəvəti ilə Katolik Kilsəsinin rəhbəri II İoan Pavelin ölkəmizə səfəri ikitərəfli əlaqələrin möhkəm bünövrəsini qoymuşdur.

Bu səfərlərin ardınca Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsinin tikilməsi, 2008-ci ildə onun rəsmi açılışında Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Tarçisio Bertonenin iştirakı Azərbaycanın Taxt-Tacla əlaqələrinə önəmli təkan vermişdir. Qeyd edilməlidir ki, Papa II İohan Pavelin Azərbaycan səfəri zamanı iki dövlət başçısı tərəfindən Azərbaycanda katolik kilsənin tikilməsi razılaşdırılmış, Azərbaycan dövləti kilsənin tikilməsi üçün ödənişsiz yer ayırmış, Vatikan tərəfi isə kilsənin tikintisini təmin etmişdir.

2005-ci ilin fevral ayında Prezident Zati-aliləri cənab İlham Əliyevin Müqəddəs Taxt-Taca səfəri və bir neçə il sonra isə (Bakı, 29 aprel 2011), "Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş"in imzalanması bu əlaqələrdə yeni səhifə açmışdır.

Papa Fransisk Katolik Kilsəsinin rəhbəri seçildikdən sonra Azərbaycan və Müqəddəs Taxt-Tac arasında mühüm səfərlər həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev 6 mart 2015-ci ildə Vatikana rəsmi səfər etmişdir. Həmin səfər zamanı Azərbaycan Prezidenti Zati-aliləri cənab İlham Əliyev Katolik Kilsəsinin rəhbəri Papa Fransisk və Dövlət katibi Kardinal Pietro Parolin ilə görüşlər keçirmişdir. Bundan əlavə, 2 iyun 2014-cü ildə Vatikana səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın Papa Fransisk tərəfindən xüsusi audiensiyada qəbul edilmişdir.

Papa Fransisk öz növbəsində 2 oktyabr 2016-cı il tarixində Azərbaycanda səfərdə olmuşdur.

Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva

2018-ci ilin 23-26 sentyabr tarixlərində Müqəddəs Taxt-Taca səfər etmişdir və Roma Papası Fransisk tərəfindən xüsusi audiensiyada qəbul edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının xarici işlər nazirinin Vatikana və Müqəddəs Taxt-Tacın Dövlətlər Əlaqələr üzrə katibinin, habelə Mədəniyyət üzrə Pontifik Şuranın sədrinin isə Azərbaycana səfərləri həyata keçirilmişdir. 

 

Humanitar sahədə əməkdaşlıq

Son illər Müqəddəs Taxt-Tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə sıx əməkdaşlıq qurulmuşdur. Bu əməkdaşlıq çərçivəsində Vatikanda Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbirlərin həyata keçirilməsi mümkün olmuşdur. Buna misal olaraq, 2010-cu ilin aprel ayında muğam ustası Alim Qasımovun Vatikanın Müqəddəs Tomas Universitetində təşkil edilmiş konserti, Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ilin dekabrında Romada təşkil edilmiş Azərbaycan və Müqəddəs Taxt-Tac arasında diplomatik əlaqələrin 20 illiyi ilə əlaqədar təntənəli mərasimi və 2012-ci ilin noyabr ayında Azərbaycan mədəniyyətinin incilərinə həsr edilmiş sərgini xüsusi qeyd etmək olar.

Bundan əlavə, arxiv sahəsində əməkdaşlıq çərçivəsində Vatikan arxivlərində saxlanılan Azərbaycana aid bir sıra sənədlərin surəti ölkəmizə təqdim olunmuşdur. Həmçinin, Vatikan Apostol Kitabxanasında Azərbaycana və ölkəmiz yerləşdiyi regiona aid 60-dan çox qədim əlyazma aşkar olunmuşdur.

Müqəddəs Taxt-Tacla həmçinin mədəni irsin qorunması sahəsində əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə birgə layihələr həyata keçirilmişdir. Bunlardan katolik dünyasının ən mühüm abidələrindən olan və Romada yerləşən Müqəddəs Marçellino və Pietro katakombalarının, Müqəddəs Sebastian katakombalarında sərdabələrin, Vatikan Apostol Kitabxanasında bir sıra əlyazmaların, habelə Vatikan Muzeylərində bəzi sənət nümunələrinin bərpasını qeyd etmək olar.

Bu layihələrin həyata keçirilməsi, ümumdünya mədəni və tarixi irsinin qorunmasına verilən dəyərli töhfə, eləcə də dinlərarası və mədəniyyətlərarası əməkdaşlığın bariz nümunəsi kimi qiymətləndirilmişdir.

 

Müqavilə-hüquq bazası

Tərəflər arasında 1 Saziş ("Azərbaycan Respublikası və Müqəddəs Taxt-Tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında Saziş", 29 aprel 2011) və 7 sahə üzrə əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Arxiv üzrə axtarış

xin diplomatic service