Burkina Faso

 

 Waving Flag of Burkina Faso (Animated Gif)

Burkina Faso

 

Prezident: Zati –aliləri cənab Roş Mark Kristian Kabore

Baş nazir: cənab Kristof Josef Mari Dabire

Parlament sədri: cənab Alassana Bala Sakande

Xarici İşlər, Əməkdaşlıq, Ölkədən Kənarda Yaşayan Həmyerlilərin Məsələləri üzrə nazir: cənab Mamadu Alfa Barri

Burkina Fasonun Azərbaycan Respublikasındakı səfiri: cənab Amadu Diko  (iqamətgahı Ankara olmaqla)

 

İkitərəfli münasibətlər

28 may 2004-cü iltarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2011-2012-ci illərdə Burkina Fasoda baş vermiş quraqlıq nəticəsində yaranmış humanitar böhranla əlaqədar bu ölkədə qida çatışmazlığı və ərzaq böhranı müşahidə edilmişdir. Bununla əlaqədar, İslam Əməkdaşlıq Təşkilatı yardımın göstərilməsi ilə bağlı müraciət ünvanlamışdır. Bu müraciətə cavab olaraq, AİDA tərəfindən böhranın aradan qaldırılması məqsədi ilə Burkina Fasoya 50 000 ABŞ dolları məbləğində maliyyə yardımı göstərilmişdir.

3-8 dekabr 2012-ci il tarixlərində Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım İdarəsi (AİDA) bərabər tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə Burkina Fasonun paytaxtı Uaqaduquda “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasını həyata keçirmişdir.

Sözügedən kampaniya ərzində yerli əhali üçün ödənişsiz əsasda katarakt cərrahiyyə əməliyyatları həyata keçirilmiş və 454 görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insan yenidən öz sağlamlığına qovuşmuşdur. Bundan əlavə, kampaniya müddətində Burkina Fasodan olan 5 oftalmoloq üçün ixtisasartırma təlimləri təşkil edilmişdir.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Burkina Faso Əmək nazirinin müşaviri cənab Hien Arsene Armand  Azərbaycanda səfərdə olmuşdur.

4-10 may 2013-cü il tarixlərində Burkina Fasoda AİDA-nın İslam İnkişaf Bankı ilə strateji tərəfdaşlıq çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirdiyi  “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının növbəti aksiyası baş tutmuşdur.

AİDA-nın təşəbbüsü ilə ilk dəfə olaraq kampaniyada Azərbaycandan Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin iki oftalmoloq-cərrahı: Emil Hüseynov və Məhərrəm Pirmətov iştirak etmiş və yüksək peşəkarlıq nümayiş etdirərək Afrika ölkələri üçün səciyyəvi olan çətin şəraitdə çoxsaylı uğurlu göz-katarakt əməliyyatları həyata keçirmişlər. Belə ki, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş 65 insan Azərbaycan həkimləri tərəfindən əməliyyat edilərək öz sağlamlığına qovuşmuşdur.

Ümumilikdə bu humanitar aksiya ərzində ödənişsiz əsasda 1500-dən çox insan göz müayinəsindən keçmiş, 375 insanın isə göz əməliyyatları nəticəsində görmə qabiliyyəti bərpa edilmişdir.

Bununla yanaşı,yerli oftalmoloqlar üçün ixtisasartırma təlimləri təşkil edilmişdir.

Sözügedən humanitar aksiyada iştirak etmək məqsədilə AİDA Agentliyinin rəisi Əşrəf Şıxəliyev bu ölkəyə səfər etmişdir. Səfər çərçivəsində Agentliyin rəisi Burkina Fasonun Səhiyyə naziri, Xarici İşlər və Regional Əməkdaşlıq nazirinin müavini və İqtisadiyyat və Maliyyə Nazirliyinin baş katibi ilə görüşlər keçirmişdir.

2013-cü ilin 11 iyun tarixində Bakıda keçirilən “Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə Donor Konfransı” və “Fələstinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsisi Konfransı”nda Burkina Faso tərəfindən XİN-in Afrika-Ərəb əməkdaşlığı idarəsinin rəisi Basiru Zoma və Ər-Riyaddaki səfiri və İƏT-dəki təmsilçisi Mansa Untanai iştirak etmişdir.

2014-cü ilin may ayında AIDA İslam İnkişaf Bankı ilə strateji əməkdaşlıq çərçivəsində “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində növbəti aksiya keçirmişdir. İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən aksiya Burkina Fasonun paytaxtı Uaqaduqu şəhərində 14-cü  dəfə baş tutmuşdur. Humanitar aksiya zamanı görmə qabiliyyətində problemlər olan 2200 insan ödənişsiz əsasda müayinədən keçirilmiş, 460 nəfərin gözlərin cərrahi əməliyyatları aparılmış, görmə qabiliyyətləri bərpa edilərək onların yenidən normal həyata qayıtmaları üçün imkan yaradılmışdır.

2014-cü ilin 20-21 oktyabr tarixlərində Bakıda keçirilmiş “İƏT-ə üzv dövlətlərinin inkişafında qadınların rolu” mövzusunda 5-ci Nazirlər Konfransında Burkina Fasonu Qadınların Vəziyyətinin Yaxşılaşdırılması və Gender Məsələləri üzrə nazir xanım Nestorin Sanqare Kompaorenin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir.

31 iyul 2017-ci il tarixində AR Prezidenti cənab İlham Əliyev Burkina Fasonun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadu Dikonun  (iqamətgahı Ankara olmaqla) etimadnaməsini qəbul etmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service