Benin

Waving Flag of Benin (Animated Gif)

Benin Respublikası

 

Prezident: Zati–aliləri cənab Patris Talon

Parlament Sədri: cənab Adriyen Hunqbedci

Xarici İşlər naziri: cənab Orelien Aqbenonsi

Benin Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Ankara olmaqla): cənab İssiradju İbrahim Qomina

 

İkitərəfli münasibətlər

14 oktyabr 1999-cu il tarixində Azərbaycan Respublikası ilə Benin Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

2013-cü ilin 23-26 aprel tarixlərində Bakıda keçirilmiş İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İkinci İclasında iştirak etmək məqsədilə Benin Respublikası Əmək Sağlamlığı direktoru cənab İmoru Karimu Yakubunun başcılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

9-17 iyun 2013-cü il tarixlərində AR Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Beninin paytaxtı Kotonuda humanitar aksiya keçirilmişdir.

Afrikanın sərt səhra iqlimi, havanın daima kirlənməsi və səhiyyənin oftalmologiya sahəsində mütəxəssislərin çatışmazlığı səbəbindən, bu humanitar aksiyalar ərzində, Benində görmə ilə problem olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 315 insan isə ödənişsiz əsasda əməliyyat olunaraq dünyanı bir daha yenidən görmək imkanı əldə etmişdir. Bununla yanaşı, yerli oftalmoloqlar üçün ixtisas artırma təlimləri də təşkil edilmişdir.

23 avqust 2018-ci il tarixində AR Prezidenti cənab İlham Əliyev Benin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssiradju İbrahim Qominanın (iqamətgahı Ankara olmaqla) etimadnaməsini qəbul etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi BMT-nin 3-cü Davamlı İnkişaf Məqsədini rəhbər tutaraq 2009-2016-cı illəri əhatə edən kampaniyanın birinci mərhələsi ərzində Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot D’İvuar, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə ümumilikdə 300 mindən artıq insanın gözü müayinə edilmiş, görmə qabiliyyətini tam və ya qismən itirmiş 56 mindən artıq insan isə ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşmuşdur. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilmişdir.

 

 

 

 

 

 

Arxiv üzrə axtarış

xin diplomatic service