Litva

 

Waving Flag of Lithuania (Animated Gif)

Litva Respublikası

Prezident: Zatı-aliləri cənab Qitanas Nauseda

Baş Nazir: cənab Saulyus Skvernəlis

Parlament Sədri: cənab Viktoras Prantsketis

Xarici İşlər naziri: cənab Linas Linkəviçyus

Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfiri: cənab Tamerlan Qarayev

Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfiri: cənab Egidiyus Navikas

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi http://vilnius.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Litva Respublikası Azərbaycanın müstəqilliyini 20 dekabr 1991–ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin 27 noyabr tarixində qurulmuşdur. Azərbaycanın Litva Respublikasında səfirliyi 2007-ci ilin sentyabr ayında açılmışdır. Litva Respublikasının Azərbaycandakı səfirliyi 3 aprel 2007-ci ildə açılmışdır. Azərbaycanın Litva ilə dövlətlərarası münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoymuşdur. Hər iki ölkə başçılarının rəsmi və işgüzar, həmçinin dövlət və hökumət qurumlarının, bələdiyyələrin, işgüzar dairələrin nümayəndələrinin çoxsaylı qarşılıqlı səfərləri baş tutmuşdur. Bunlardan, Litva Respublikasının Baş Naziri, Xarici İşlər naziri, Daxili İşlər naziri, Müdafiə naziri, İqtisadiyyat naziri, Nəqliyyat və Kommunikasiya naziri, Seymin vitse-spikerinin başçılığı ilə nümayəndə heyətlərinin Azərbaycana səfərlərini xüsusi qeyd etmək olar.

Litva, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır və ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir. Azərbaycan Respublikası və Litva Respublikası Prezidentlərinin 2007-ci ildə imzaladığı Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin “BMT Nizamnaməsinin prinsipləri, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və beynəlxalq hüququn hamılıqla tanınmış normaları, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə həll edilməsinin vacibliyi vurğulanmışdır.

Hər iki ölkə parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verir. Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrup Litva Seymində ən böyük dostluq qruplarından birini təşkil edir. Həmin qrup tərəfindən  2012-ci ildən başlayaraq, hər il Xocalı soyqırımı ilə bağlı müraciətlər qəbul edilir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir.

Azərbaycan və Litvanın regionları arasında da əlaqələr qurulmaqdadır. Azərbaycanın Qazax və Ağstafa rayonları ilə Litvanın Trakay və Birştonas rayonları arasında əməkdaşlıq sazişləri imzalanmış, həmçinin Şəmkir və Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılmışdır.

Azərbaycan və Litva Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində də əməkdaşlıq edir.  Bu xüsusda, Azərbaycanda keçirilən və Litva hökuməti tərəfindən dəstəklənən dörd  tvinninq layihəsi başa çatmış, sonuncusu “ali təhsildə islahatlara dəstək” tvinninq layihəsi isə hazırda həyata keçirilməkdədir.

 

Yüksək səviyyəli səfərlər

Dövlət başçıları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Litvaya 1 rəsmi (13-14 sentyabr 2007) və 2 işgüzar səfər (10-11 oktyabr 2007, 29 noyabr 2013) etmişdir.

Litva Prezidenti Valdas Adamkusun Azərbaycana 1 rəsmi (8-9 iyun 2006) və 3 işgüzar səfəri (sonuncu 13-14 noyabr 2008) baş tutmuşdur. Prezident Dalya Qribauskayte isə 2-3 may 2011-ci il tarixlərində rəsmi səfərdə olmuşdur.              

Xarici İşlər nazirləri

Nazir Elmar Məmmədyarov Litvaya 1 rəsmi (24-25 aprel 2017), 3 işgüzar səfər (sonuncu 28 noyabr 2013) etmişdir.

 

XİN-lər arası siyasi məsləhətləşmələr

2018-ci ilin 6-7 sentyabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Litva Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Litvanın Xarici İşlər naziri Linas Linkəviçyus, Hökumət kansleri Algirdas Stonçaitis, Litva Seyminin Xarici əlaqələr komitəsinin rəhbəri Yuozas Bernatonis, Litva Prezidentinin siyasi məsələlər üzrə Baş müşaviri Neriyus Aleksieyunas,  Seymdə Azərbaycanla dostluq qrupunun rəhbəri Baltik Assambleyasının Prezidenti Valeriyus Simulik ilə görüşlər keçirmişdir. Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr aparılmışdır. Məsləhətləşmələrdə Litva nümayəndə heyətinə Litva Xarici işlər nazirinin müavini Darius Skusəviçyus rəhbərlik etmişdir.

 

Humanitar sahədə əməkdaşlıq

Dövlətlərimiz humanitar sahədə də fəal əməkdaşlığa böyük önəm verir və bu səbəbdən mədəniyyət, tarix, elm, təhsil sahələrində müxtəlif tədbirlər həyata keçirilir.

Ali məktəblər arasında mövcud əməkdaşlığın nəticəsində Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı hər il artmaqdadır. Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmışdır.

Bundan əlavə, Vilnüs Universitetində auditoriyalardan biri “Azərbaycan” adını daşıyır. Hazırda, Litvanın ali məktəblərində 200-ə yaxın azərbaycanlı tələbə təhsil alır və Litva universitetləri ilə yaradılmış sıx əməkdaşlıq nəticəsində 2014-2016-cı illərdə Litvanın 5 gənc alimi Azərbaycanın qabaqcıl beyin mərkəzlərinin həyata keçirdiyi “Qonaq elmi işçilərin mübadiləsi Proqramı”nda iştirak etmişdir.

Həmçinin, son illərdə “Qarabağ haqqında nə bilirəm” adlı inşa müsabiqəsi, “Azərbaycan Litvalıların gözü ilə” adlı rəsm müsabiqəsi, “Azərbaycan mənim yaddaşımda” adlı təqdimat yarışması, habelə “Painting Paradise adlı rəsm sərgisi, “Azərbaycan litvalı gənclərin gözü ilə”, “Azərbaycanı tanı” fotosərgilər təşkil edilmişdir.

Litva ictimaiyyətinin tariximizin qanlı səhifələrinə çevrilən 20 Yanvar, 31 mart və Xocalı soyqırımı ilə bağlı məlumatlandırılması məqsədilə müxtəlif tədbirlər keçirilir – qanvermə aksiyası, flaşmob, anım mərasimləri, ali təhsil ocaqlarında mühazirələr və təqdimatlar təşkil edilir.

Mədəniyyətimizin geniş təbliğinə xüsusi önəm verilir və bu məqsədlə konsertlər, sərgilər və digər  tədbirlər təşkil olunur. Bu xüsusda, 2018-ci ilin fevral ayında Vilnüsdə Qara Qarayevin 100 illiyinə həsr edilmiş konserti qeyd etmək olar.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 38 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün, xüsusilə yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə böyük potensial mövcuddur. 2008-ci ildə yaradılmış Azərbaycan-Litva Hökumətlərarası Komissiyası iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə töhfə vermişdir.

Hazırda Azərbaycanda Litvanın İT, ticarət, kənd təsərrüfatı, rabitə, xidmətlər üzrə 19 şirkəti fəaliyyət göstərir.        

 

Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ticarət əlaqələri (milyon ABŞ dolları) 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

Saldo

2014

43,0

1,0

42,0

- 41,0

2015

68,3

   31,2

37,1

- 5,9

2016

31,8

 3,1

28,7

- 25,6

  2017

26,2

 2,3

23,9

-21,6

  2018

39,6

   19,5

20,1

-0,6

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Azərbaycanın ixrac etdiyi məhsullar: kimya və neft-məhsulları, neft maşınqayirması avadanlıqları, transformatorlar,  meyvə və tərəvəz şirələri, tikinti materialları (sement, beton və s.).

Azərbaycana idxal olunan məhsullar: müxtəlif ərzaq malları, süd və balıq məhsulları,  müxtəlif avadanlıq, tikinti materialları (taxta).

 

Hökumətlərarası Komissiya

Azərbaycan-Litva Hökumətlərarası Komissiyası 20 iyun 2008-ci ildə yaradılmışdır. Komissiyanın indiyədək 5 iclası keçirilmişdir. Sonuncu iclas 26-27 oktyabr 2017-ci il tarixlərində Litvada təşkil edilmişdir.

 

İqtisadi sahə üzrə qüvvədə olan əsas sazişlər

Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında 1993-cü il üçün ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş. Riqa, 30 noyabr 1992;

  1. Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Konvensiya. Vilnüs, 2004;
  2. Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında iqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq haqqında Saziş. Bakı, 21 aprel 2008;
  3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş, Berlin, 18 yanvar 2013.

Arxiv üzrə axtarış

xin diplomatic service