Çexiya

 

Waving Flag of the Czech Republic (Animated Gif)

Çex Respublikası

Prezident: Zati aliləri cənab Miloş Zeman

Baş Nazir:  cənab Andrey Babiş

Senatın Sədri:  cənab Yaroslav Kubera

Deputatlar Palatasının Sədri:  cənab Radek Vondraçek

Xarici İşlər naziri:  cənab Tomaş Petrşiçek

Çex Respublikasının Azərbaycan Respublikasındakı səfiri: cənab Milan Ekert

Azərbaycan Respublikasının Səfirliyin rəsmi internet səhifəsi: http://prague.mfa.gov.az/

 

İkitərəfli münasibətlər

Çex Respublikası (31 dekabr 1992-ci il tarixinə qədər Çexoslovakiya) Azərbaycan Respublikasının müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 29 yanvar 1993-cü ildə qurulmuşdur.

Azərbaycan Respublikasının Çex Respublikasındakı Səfirliyi 15 avqust 2007-ci ildə təsis olunmuşdur. Çex Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 1 dekabr 2009-cu ildə təsis olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il Sərəncamı ilə Fəxrəddin Mirzəyev Azərbaycan Respublikasının Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilmişdir.

Azərbaycan-Çexiya əlaqələrinin yüksək səviyyəsinin göstəriciləri kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4-6 aprel 2012-ci ildə Çexiyaya və Çex Respublikasının Prezidenti cənab Miloş Zemanın 15-17 sentyabr 2015-ci ildə Azərbaycana həyata keçirilmiş rəsmi səfərlərini qeyd etmək olar.

Son onillikdə qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini vermişdir. Bu müddət ərzində Azərbaycana Çexiyanın Baş Naziri Mirek Topolanek, Çexiya Senatının Sədri Prjemısl Sobotka, Çexiya Deputatlar Palatasının Sədrləri Yan Hamaçek və Radek Vondraçek, ölkə parlamentinin digər yüksək səviyyəli təmsilçiləri, habelə Təhsil, Maliyyə və Müdafiə nazirləri səviyyəsində səfərlər baş tutmuşdur.

Azərbaycan və Çexiya arasında müxtəlif səviyyələrdə aparılan dialoqun nəticələrindən biri kimi, 12 oktyabr 2011-ci il tarixində Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr Komitəsi tərəfindən Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə qətnamənin qəbulunu qeyd etmək olar. Sənəddə ölkəmizin ərazi bütövlüyü, dövlət suverenliyi və müstəqilliyinin Çex Respublikası tərəfindən qeyd-şərtsiz tanınması, ölkəmizin Çexiyanın strateji tərəfdaşı olduğu, Avropanın enerji təchizatındakı əhəmiyyətli rolu, eləcə də NATO-nun Sülh Naminə Tərəfdaşlıq və Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramlarının fəal üzvü olması vurğulanmışdır.

7 fevral 2013-cü il tarixində Çexiyanın Deputatlar Palatasının Xarici əlaqələr komitəsi Xocalı sakinlərinin qətliamına görə Ermənistanı pisləyən 219 nömrəli qərarı yekdilliklə qəbul etmişdir.

Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri zamanı 15 sentyabr 2015-ci ildə Bakı şəhərində “Azərbaycan Respublikası ilə Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisə olmuşdur.

 

Ali və yüksək səviyyəli səfərlər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çexiyaya səfərləri: 6-9 may 2009-cu il, 4-6 aprel 2012-ci il (dövlət səfəri), 24-25 aprel 2014-cü il.

Çex Respublikasının Prezidentlərinin Azərbaycana səfərləri: Vatslav Klaus 16-19 may 2011-ci il, Miloş Zeman 15-17 sentyabr 2015-ci il.

Xarici İşlər naziri cənab Elmar Məmmədyarovun Çexiyaya səfərləri: 10-11 dekabr 2008-ci il, 5 mart 2012-ci il, 3-4 may 2016-cı il.

Çex Respublikasının Xarici İşlər nazirlərinin Azərbaycana səfərləri: Karel Şvartsenberq 3 -5 iyul 2008-ci il, Yan Kohout 13-14 may 2010-cu il, Lubomir Zaoralek 3 iyun 2014-cü il.

 

Humanitar sahədə əməkdaşlıq

18 dekabr 2012 - 28 fevral 2013-cü il tarixlərində Çexiyanın Ostrava şəhərində keçirilmiş “Azərbaycan – Odlar Yurdu” adlı sərgi ölkəmizin yerli ictimaiyyətə tanıdılmasına öz töhfəsini vermişdir.

Azərbaycan dilindən çex dilinə Nizami Gəncəvinin “Xəmsə”si və Hüseyn Cavidin “Şeyda” pyesi, çex dilindən isə Yaroslav Haşekin “Dekameron yumoru və satirası” əsəri və müasir çex müəlliflərinin hekayələri Azərbaycan dilinə tərcümə edilmişdir.

2018-ci ilin noyabr ayında Çex Respublikasının Təhsil, Gənclər və İdman nazirinin müavini xanım Dana Prudikova Çexiyanın Azərbaycandakı Səfirliyi tərəfindən həyata keçirilən “Enerji səmərəliliyinin təmin olunması” layihəsi çərçivəsində Şamaxı rayonundakı A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbin binasının açılışında iştirak etmək üçün ölkəmizi ziyarət etmiş, səfər çərçivəsində Təhsil naziri Ceyhun Bayramov tərəfindən qəbul edilmişdir.

 

Universitetlər ilə əməkdaşlıq

2014-cü ildə Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə Karl Universitetində “Azərbaycan dili və multikulturalizm” kursunun əsası qoyulmuşdur.

Bakı Dövlət Universitetinin və Çexiyanın Karl Universitetinin biologiya fakültələri arasında əməkdaşlıq mövcuddur. 20-26 mart 2017-ci il tarixlərində Praqadakı Botanika bağında Bakı Dövlət Universiteti və Karl Universitetinin Biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında foto sərgi təşkil edilmişdir. Sərgidə Azərbaycanın flora və faunası, milli təbii qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliyini ehtiva edən fotolar nümayiş etdirilmişdir.

3 aprel 2018-ci il tarixində Bakı Slavyan Universiteti (BSU) ilə Çex Respublikasının Ostrava Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında BSU və Ostrava Universitetlərinin mübadilə üzrə doktorant hazırlığı nəzərdə tutulmuşdur.

2018-ci ilin 14 mart tarixində Səfirliyin dəstəyi ilə Avropa-Azərbaycan Ticarət Palatası tərəfindən Çexiya Parlamentinin binasında “Azərbaycan və Çex Respublikası: qarşılıqlı münasibətlər hazırda və gələcəkdə” adlı seminar keçirilmişdir. Tədbir Çex Respublikası Deputatlar Palatasının üzvü, ANO 2011 hərəkatı sədrinin birinci müavini Yaroslav Faltinekin himayəsi altında təşkil olunmuşdur.

2018-ci ilin 28 may tarixində Çexiyanın ən tanınmış və qədim binalarından biri olan Çexiya Prezidenti Sarayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş ziyafət və konsert keçirilmişdir. Ziyafətdə Çexiyanın dövlət qurumlarının yüksək vəzifəli şəxsləri, parlamentin üzvləri, səfirlər, diplomatik korpusun digər nümayəndələri, habelə Çexiya ictimaiyyətinin tanınmış simaları və Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

17 yanvar  2019-cu  il  tarixində  Praqa  şəhərindəki  “Lucerna”  kinoteatrında Azərbaycan  Respublikasının  Çexiyadakı  Səfirliyinin  təşkilatçılığı  və  Heydər  Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunmuş “Son iclas” bədii-sənədli filminin nümayişi təşkil olunmuşdur.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında 29 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

İI

İdxal

İxrac

Ticarət dövriyyəsi

2014

46

592

638

2015

58

550

608

2016

66

214

280

2017

108

556

664

2018

107

938

1045

Mənbə: AR Dövlət Statistika Komitəsi

Azərbaycandan Çexiyaya əsas ixrac məhsulları – neft və neft məhsulları.

Çexiyadan Azərbaycana əsas idxal məhsulları – maşın və avadanlıqlar, elektron avadanlıqlar, şüşə və kimya məhsullarıdır.

Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85%-i Azərbaycanın payına düşür. Çexiyanın neft məhsullarına olan tələbatının təxminən 30%-i məhz Azərbaycan neftinin hesabına ödənilir.

Azərbaycan Respublikası Hökuməti və Çexiya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılmışdır. Sonuncu iclas 18 yanvar 2017-ci il tarixində Bakıda keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service