Pakistan

Waving Flag of Pakistan (Animated Gif)

Pakistan İslam Respublikası

Prezident: Zati-aliləri cənab Arif Alvi

Baş Nazir: cənab İmran Xan

Senatın Sədri: cənab Məhəmməd Sadiq Səncrani

Milli Assambleyanın Sədri: cənab Əsəd Qeysər

Xarici işlər naziri: cənab Şah Mahmud Hüseyn Qureyşi

Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri: cənab Əli Əlizadə

Pakistan İslam Respublikasının  Azərbaycan Respublikasındakı səfiri:  

Azərbaycan Respublikasının Səfirliyinin rəsmi internet səhifəsi: http://islamabad.mfa.gov.az/

 

İkitərəfli əlaqələr

Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur  (12 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. Pakistan İslam Respublikasının Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycan Respublikasının İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilmişdir.

Pakistan İslam Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri, müvafiq BMT və İƏT qətnamələri əsasında həllini dəstəkləyir. Pakistan İslam Respublikası işğalçı Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. Pakistan Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində xarici işlər nazirləri səviyyəsində Təmas Qrupunun üzvüdür.

2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi,  2017-ci ildə Pakistan Milli Assambleyasının Xarici İşlər Komitəsi tərəfindən Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir.

2013-cü ildə Pakistan Senatı Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyan qətnamə qəbul etmişdir.  

İkitərəfli parlamentlərarası əlaqələrin inkişafı məqsədilə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Pakistan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupları yaradılmışdır. 2018-ci ilin sentyabr ayında Pakistan Senatının Sədri cənab Məhəmməd Sadiq Səncrani Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak məqsədilə Azərbaycana səfər etmişdir.

Azərbaycan ilə Pakistan arasında müdafiə və hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf etdirilir. İntensiv qarşılıqlı səfərlər həyata keçirilir. 2018-ci ilin iyun ayında Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Zubair Mahmud Həyat Bakıda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü ilə bağlı hərbi paradda iştirak etmişdir. 2019-cu ilin mart ayında Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Pakistan İslam Respublikasına rəsmi səfər etmiş, Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak etmişdir.

2016-cı ilin aprel ayında İslamabadda Azərbaycan-Pakistan Birgə Hökumətlərarası Komissiyasının 6-cı iclası keçirilmişdir. 2017-ci ildə Azərbaycan ixrac missiyası Pakistanda işgüzar səfərdə olmuşdur. Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun və kənd təsərrüfatı sahəsində Azərbaycan-Pakistan Birgə İşçi Qrupunun ilk iclasları keçirilmişdir.

2018-ci ildə  Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun 2-ci iclası, hər iki tərəfdən sənaye, kənd təsərrüfatı, əczaçılıq, tikinti, sığorta, turizm, logistika və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı ilə Azərbaycan-Pakistan Biznes konfransı və işgüzar görüşü keçirilmişdir. 2019-cu ilin sentyabr ayında Bakıda Azərbaycan-Pakistan Biznes Forumu keçirilmişdir.

2017-ci ilin yanvar ayından Pakistan sadələşdirilmiş viza prosedurlarının - online viza sisteminin şamil olunduğu ölkələrin siyahısına daxil edilmişdir. Nəticədə Azərbaycana səfər edən pakistanlıların sayında artım müşahidə olunmuşdur.

İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun xüsusi rolu vardır. 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən Kəşmirin zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərinin Rara qəsəbəsində qızlar üçün orta məktəb tikilmişdir. Heydər Əliyev Fondunun hədiyyələri - kompüter və printerlər, idman ləvazimatları, dərsliklər, məktəbli çantaları, oyuncaqlar, Fondun bəzi nəşrləri və digər məktəb ləvazimatları mütəmadi olaraq məktəbə təqdim edilmişdir.

2012-2019-cu illərdə Heydər Əliyev Fondu tərəfindən Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş 1 ədəd təcili tibbi yardım avtomobili və qanköçürmə paketləri təqdim olunmuş, Xeybər Göz Fondunun yeni blokunun ikintisi üçün maddi yardım edilmiş, Dera İsmayıl Xan bölgəsində su təchizatı sistemi yaradılmış, Peşəvar Serebral İflic institutunda pulsuz müayinə təşkil edilmişdir. Külsum klinikasında açıq ürək əməliyyatları, Xeybər Paxtunxva və Pəncab əyalətlərində hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmışdır. Anemiya Mərkəzinin təmiri və avadanlıqların alınması, Talassemiya Mərkəzinin tikintisi üçün maliyyə yardımı göstərilmişdir. Pəncab əyalətində “20 Yanvar Şəhidləri Bulağı” su təchizatı layihəsinin açılış mərasimi keçirilmişdir. Al-Farabi fiziki qüsurlu uşaqlar evində, “Edhi Homes” və bu kimi digər kimsəsiz uşaqlar evində humanitar tədbirlər keçirilmişdir.

2019-cu ilin aprel ayında Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistan Milli Kitabxanasında “Azərbaycanşünaslıq Mərkəzi” açılmışdır.

Ramazan və Qurban bayramları zamanı Heydər Əliyev Fondu tərəfindən Pakistanda humanitar xarakterli tədbirlər həyata keçirilir.

Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın “Hilal-e Pakistan” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalamışdır. 11 mart 2015-ci ildə Pakistan Prezidenti sözügedən ordeni Azərbaycana rəsmi səfəri zamanı xanım M.Əliyevaya təqdim etmişdir.

Azərbaycan Hökuməti, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) müxtəlif illərdə baş vermiş zəlzələ və sel fəlakətlərinin nəticələrinin aradan qaldırılması məqsədilə Pakistana humanitar yardımlar etmişdir. 2015-ci ilin oktyabr ayında Al-Farabi əlillər evində AIDA-nın dəstəyi ilə tədbir keçirilmiş, əlil arabaları və əlillərin reabilitasiyası üçün zəruri olan xüsusi avadanlıq və ləvazimatlar Əl-Farabi mərkəzinə təqdim edilmişdir.

 

Yüksək səviyyəli səfərlər

Prezidentlər

9-11 oktyabr 1995-ci il - Pakistan İslam Respublikasının Prezidenti Sərdar Faruq Əhməd Xan Leqari Azərbaycana rəsmi səfər etmişdir.

9-11 aprel 1996-cı il - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistana rəsmi səfər etmişdir.

8-10 iyul 2004-cü il - Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf Azərbaycana rəsmi səfər etmişdir.

12-13 aprel 2005-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana rəsmi səfər etmişdir.

13-16 oktyabr 2012-ci il - Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

11-14 mart 2015-ci il - Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycana rəsmi səfər etmişdir.

28 fevral-1 mart 2017-ci il - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə Toplantısı).

25-26 oktyabr 2019-cu il - Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycana səfər etmişdir (Qoşulmama Hərəkatının 18-ci Zirvə Toplantısı).

Baş nazirlər

5-7 may 2006-cı il - Pakistan İslam Respublikasının Baş naziri Şövkət Əziz Azərbaycana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə Toplantısı).

13-15 oktyabr 2016-cı il - Pakistan İslam Respublikasının Baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfər etmişdir.

Xarici işlər nazirləri

24 yanvar 1994-cü il - Pakistan İslam Respublikasının Xarici işlər naziri Sərdar Asif Əhməd Azərbaycana rəsmi səfər etmişdir.

14-15 mart 1995-ci il - Azərbaycan Respublikasının Xarici işlər naziri Həsən Həsənov Pakistana səfər etmişdir.

8-21may 1999-cu il - Pakistan İslam Respublikasının Xarici işlər üzrə dövlət naziri Məhəmməd Siddiq Xan Kanju Azərbaycana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri şurasının 9-cu iclası).

3 may 2006-cı il - Pakistan İslam Respublikasının Xarici işlər naziri Xurşid Mahmud Kasuri Azərbaycana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı).

19-21 iyun 2006-cı il - Pakistan İslam Respublikasının Xarici işlər naziri Xurşid Mahmud Kasuri Azərbaycana səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatı Xarici işlər nazirlərinin 33-cü Sessiyası).

15-17 may 2007-ci il - Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Pakistana səfər etmişdir (İslam Əməkdaşlıq Təşkilatı Xarici işlər nazirləri şurasının 34-cü konfransı).

15 iyun 2010-cu il - Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov Pakistana səfər etmişdir.

13-16 oktyabr 2012-ci il - Pakistan İslam Respublikasının Xarici işlər naziri Hina Rabbani Xar Azərbaycana səfər etmişdir (İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısı).

30 noyabr-1 dekabr 2017-ci il - Pakistan İslam Respublikasının Xarici işlər naziri Xavaca Məhəmməd Asif Azərbaycana səfər etmişdir (Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin 1-ci Üçtərəfli Görüşü və “Asiyanın ürəyi-İstanbul Prosesi”nin 7-ci Nazirlər Toplantısı) 

 

Müqavilə hüquq bazası

Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 35 sənəd imzalanmışdır.  

 

Azərbaycan ilə Pakistan arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)

 

İl

 

İxrac

 

İdxal

 

Ümumi Ticarət Dövriyyəsi

2014

0,19

2,61

2,80

2015

0,29

1,7

1,99

2016

1.43

5.86

7,29

2017

1,826

6,424

8,25

2018

0,375

25,429

25,8

Azərbaycandan Pakistana ixrac: şirələr, müxtəlif sular.

Azərbaycana Pakistandan idxal: düyü, ərzaq məhsulları, tekstil və digər məhsullar.

 

Azərbaycan – Pakistan Birgə Hökumətlərarası Komissiya: 1995-ci ildə imzalanmış protokola əsasən təsis olunmuş Birgə Komissiyanın ilk iclası 2000-ci ilin sentyabr ayında Bakıda, 6-cı iclası 2016-cı ilin aprel ayında İslamabadda keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service