Terrorçuluğa qarşı mübarizə

TERRORÇULUĞA QARŞI MÜBARİZƏ

Ümumi məlumat

1980-ci illərdən etibarən terrora məruz qalmış bir ölkə olaraq terrorçuluq problemi Azərbaycan üçün yeni bir anlayış deyil.

Ermənistanın bilavasitə təşəbbüsü, təşkilatçılığı və iştirakı ilə Azərbaycan Respublikasının ərazisində törədilmiş, minlərlə insan itkisinə səbəb olan terror fəaliyyətinə dair kifayət qədər əsaslı dəlillər mövcuddur. 1980-ci illərin sonlarından etibarən Azərbaycan ərazilərinə iddialarını irəli sürmüş və onun ərazi bütövlüyünə qarşı güc tətbiq etmiş Ermənistan Azərbaycan ərazilərində dəfələrlə terror aktları törətmişdir. Təəssüf ki, bu terror aktlarının təşəbbüskarları və iştirakçıları hələ də azadlıqdadırlar və qanun qarşısında cavab verməmişlər.

Azərbaycan terrorçuluğa qarşı beynəlxalq mübarizə sahəsində qlobal səylərə fəal töhfə verməyə davam etməkdədir. ABŞ-da qarşı törədilmiş 11 sentyabr 2001-ci il terror hadisələrindən sonra Azərbaycan terrorçuluğa qarşı beynəlxalq koalisiyanın fəal üzvlərindən birinə çevrilmişdir. Bu istiqamətdə beynəlxalq çağırışlara cavab olaraq Azərbaycan Respublikası öz hava məkanını və hava limanlarını Əfqanıstanda Əl-Qaidə və Talibana qarşı mübarizə aparan beynəlxalq anti-terror koalisiyasının üzvlərinə açmışdır.

Milli səviyyədə görülmüş işlər

Azərbaycan Respublikası terrorçuluğa qarşı mübarizə sahəsində öz daxili qanunvericiliyini mövcud beynəlxalq öhdəliklərə uyğunlaşdırmaq məqsədilə müntəzəm əsasda nəzərdən keçirir və zəruri əlavə və dəyişikliklər edir. Azərbaycan hazırda terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyanın hamısına tərəf olaraq qoşulmuşdur.

Terrorçuluğa qarşı mübarizə haqqında Qanun (1999) Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının müvafiq istiqamətdə fəaliyyətinin səmərəli təşkili üçün hüquqi çərçivə yaradır.

Bundan əlavə, terror aktının törədilməsi, onun təşviqi, törədilməsinə təhrik, terrorçuluğun maliyyələşdirilməsi və digər ənənəvi cinayət növləri ilə yanaşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq sahədə yeni yaranmaqda olan təhdidlər, o cümlədən əcnəbi terrorçu döyüşçülər fenomeni barədə də müddəalar əlavə olunmuşdur.

Terrorçuluğa qarşı milli səviyyədə həyata keçirilən tədbirlər hüquq-mühafizə fəaliyyəti ilə yanaşı terrorçuluğa gətirib çıxaran ekstremist və radikal ideologiyanın yayılmasına qarşı qabaqlayıcı strategiyaları da əhatə edir. Bundan əlavə, mövzunun sosial aspektlərini nəzərə alaraq, potensial terrorçuların və onların ailə üzvlərinin sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası sahəsində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq işlər görülür.

Qanunvericilik sahəsində həyata keçirilən islahatlar terrorçuluğa qarşı mübarizədə qurumlararası səmərəli əlaqələndirməni təmin etmək istiqamətində institusional təkmilləşmələrlə də müşayiət olunur. Müvafiq sahədə əsas səlahiyyətli dövlət qurumları Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətidir. Hüquq-mühafizə qurumları ilə yanaşı, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər aidiyyəti qurumlar tərəfindən terrorçuluğa qarşı mübarizədə preventiv və sosial xarakterli tədbirlər görülür.

Maliyyə Monitorinqi Xidməti ölkənin əsas maliyyə kəşfiyyatı qurumu olaraq terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində ixtisaslaşmışdır. Qurumun institusional əsası və funksiyaları İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) standartlarına uyğunlaşdırılmışdır.

Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikası beynəlxalq əməkdaşlığı terrorçuluğa qarşı mübarizədə ən mühüm komponentlərdən biri olaraq qəbul edir.

Digər ölkələrlə imzalanan ikitərəfli, üçtərəfli və çoxtərəfli sazişlərlə yanaşı, Azərbaycan terrorçuluğa qarşı mübarizə sahəsində regional və beynəlxalq əməkdaşlıq mexanizmlərində fəal iştirak edir. Bu istiqamətdə xüsusilə BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisi, ATƏT-in Transmilli Təhdidlər Departamenti, Avropa Şurasının Terrorçuluğa qarşı mübarizə üzrə Ekspertlər Qrupu (CODEXTER), eləcə də GUAM, Avropa İttifaqı, MDB, Şanxay Əməkdaşlıq Təşkilatı və digərlərini qeyd etmək lazımdır.

Mövcud problemlər

Azərbaycan Respublikasında terrorçuluğa qarşı mübarizədə başlıca problemlərdən biri ölkə ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsidir. İşğal olunmuş ərazilər milli və beynəlxalq nəzarətdən kənarda qaldığı üçün cinayətkar qruplaşmaların öz qanunsuz əməllərini sərbəst törədə bilmələri üçün əlverişli şərait yaradır. Həmin ərazilərdə həyata keçirilən cinayətkar əməllərdən əldə olunan gəlirlərin dünyanın müxtəlif hissələrində həyata keçirilən terror fəaliyyətinin maliyyələşdirilməsinə sərf olunma riski var.

Arxiv üzrə axtarış

xin diplomatic service