Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə

Ümumi məlumat

Avropa və Asiyanın qitələrinin kəsişməsində yerləşən Azərbaycan Respublikasının ərazisi transmilli səviyyədə narkotiklərin qanunsuz dövriyyəsi məqsədilə istifadəyə məruz qalmışdır.

Azərbaycan Respublikası ərazilərinin 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Azərbaycan Respublikasının dövlət sərhədlərinin 132 km-lik hissəsi Azərbaycan Respublikasının nəzarətindən kənar qalmışdır. Nəzarətdən kənar qalmış bu sərhəd ərazilərinin narkotiklərin qanunsuz daşınması üzrə cəlbedici yol olması nəinki Azərbaycan ərazisində, eləcə də regionda narkotiklərə qarşı səmərəli mübarizənin aparılmasına çətinlik yaradan əsas səbəblərdən biridir.

Sözügedən faktor ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə çətinliklər yaratmaqla bərabər, Azərbaycan Respublikasının bu istiqamətdə beynəlxalq səviyyədə aparılan mübarizəyə töhfə vermək imkanlarını da məhdudlaşdırır.

Milli səviyyədə görülən tədbirlər

Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə siyasətini üç əsaslı yanaşma ilə həyata keçirir: narkotik maddələrə tələbatın azaldılması, narkotik təminatının azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi.

  1. Narkotik maddələrə tələbatın azaldılması

Narkotiklərdən asılı olan insanların müalicə metodları və bu istiqamətdə təbliğat kampaniyaları ilə yanaşı Azərbaycan Respublikasının əlaqəli qurumları narkotik maddələrə tələbatın azaldılması üzrə effektiv qabaqlayıcı tədbirlər həyata keçirir.

Azərbaycan Respublikası Baş Nazirinin müavininin rəhbərliyi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası bu prosesdə mühüm rol oynayır. Komissiya narkotiklərdən qeyri-qanuni istifadəyə qarşı mübarizə və narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Dövlət proqramları qəbul edir və həmin proqramın aidiyyəti qurumlar tərəfindən icrasına nəzarət edir. Bu istiqamətdə sonuncu dövlət Proqramı 2019-2024-cü illər üzrə qəbul edilmişdir.

Həmçinin, Komissiya sözügedən istiqamət üzrə qurumlararası əlaqələndirici olmaqla yanaşı ictimai maarifləndirmə sahəsində də məsul qurumdur.

Komissiya ölkənin bütün ərazisini əhatə etmək məqsədilə regionlarda öz yerli bölmələrini qurmuş və əhali arasında narkotiklərdən istifadənin ziyanı və mənfi nəticələri ilə bağlı fəal təbliğat kampaniyaları aparır.

 Narkotiklərə aludə olmuş şəxslərin müalicə metodlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə müvafiq metodlar təkmilləşdirilmiş və müalicə mərkəzləri ən son avadanlıqlarla təchiz olunmuşdur.

Bu gün Azərbaycanda 626-ı qadın olmaqla 31432 nəfər narkotik istifadəçisi kimi qeydiyyata düşmüşdür. Əczaxanalarda narkotik tərkibli dərmanların satışının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən mütəmadi olaraq yoxlamalar aparılır.

Narkotik təchizatının azaldılması

Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə aparan hüquq mühafizə orqanlarının tərəfindən narkotik təchizatının azaldılması tədbirləri həyata keçirilir.

Araşdırmalara əsasən Azərbaycan Respublikası ərazisində narkotiklərin qanunsuz daşınması üzrə aşağıdakı əsas marşrutlar mövcuddur:

Əfqanıstan- İran-Azərbaycan-Avropa

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa

2018-ci il ərzində 2.5 ton narkotik maddə müsadirə olunmuş və 2492 nəfərə qarşı cinayət işi açılmışdır.

Beynəlxalq əməkdaşlıq

Narkotiklərin qeyri-qanuni daşınmasının və istifadənin bir çox ölkəyə təsir etdiyini nəzərə alaraq, bu istiqamətdə ölkələr arasında ikitərəfli və beynəlxalq qaydada əməkdaşlığı qurulması çox vacibdir.

Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında 1961-ci il Vahid Konvensiyası”na, “Psixotrop maddələr haqqında 1971-ci il Konvensiyası”na, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında 1988-ci il Konvensiyası”na qoşulmuş və bir sıra ölkələrlə əməkdaşlıq sazişləri imzalamışdır.

BMT Konvensiyaları ilə yanaşı Azərbaycan Respublikası Avropa Şurası Nazirlər Komitəsinin narkotiklərdən qeyri qanuni istifadə və narkotiklərin qanunsuz daşınmasına qarşı mübarizə üzrə əməkdaşlıq (80 (02) and 80 (15) saylı qətnamələr) haqda Avropa Şurasının Pompidou Qrupuna qoşulmuş və ABŞ, Böyük Britaniya, Almaniya, Misir, Körfəz ölkələri, MBD ölkələri və digər ölkələrin müvafiq qurumları ilə müvafiq razılaşmalar imzalamışdır.

Azərbaycan narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən bir sıra beynəlxalq layihələrdə iştirak edir. Avropa İttifaqı və BMT-nin maliyyə dəstəyi ilə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramı çərçivəsində Daxili İşlər Nazirliyi tərkibində doqquz regional mərkəz yaradılmış və narkotiklər, prixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı milli elektron baza yaradılmışdır.

Azərbaycan qərargahı  Qazaxıstanın Almatı şəhərində yerləşən Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə mərkəzinin aktiv üzvüdür. Mərkəzin təşəbbüskarı olaraq, Azərbaycan Respublikası MARİƏM-i region ölkələrinin bu istiqamətdə uğuru və regional əməkdaşlığın nümunəsi hesab edir.

Mövcud çətinliklər

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində BMT-nin ixtisaslaşmış qurumları tərəfindən hazırlanan hesabatlar əsasında dünyadakı narkotiklərin vəziyyətinə dair mütəmadi qiymətləndirmə aparır və ölkə siyasətinin formalaşdırılması üzrə analitik məqalələr hazırlayır.

Arxiv üzrə axtarış

xin diplomatic service