Avropa İttifaqı

Image result for european union

AVROPA İTTİFAQI: YARANMASI VƏ TARİXİ

Avropa İttifaqı (Aİ) qonşular arasında  tez-tez baş verən və İkinci Dünya Müharibəsi ilə kulminasiyaya çatan qanlı müharibələrə son qoyulması  məqsədi ilə təsis edilmişdir. 1950-ci ilə kimi Avropa Kömür və Polad Birliyi davamlı sülhün təmin edilməsi məqsədilə Avropa ölkələrini iqtisadi və siyasi cəhətdən birləşdirməyə başlayır. Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq və Niderland 6 təsisçi ölkə kimi 1957-ci ildə Roma Müqaviləsi ilə Avropa İqtisadi Birliyini (AİB) və ya “Ümumi Bazar”ı təsis edir. 1 yanvar 1973-cü ildə Danimarka, İrlandiya və Böyük Britaniyanın AİB-ə qoşulması ilə üzvlərin sayı 9-a çatır. 1981-ci ildə Yunanıstanın qoşulması ilə üzvlərinin sayını 10-a çatdıran AİB, 5 il sonra, 1986-cı ildə İspaniya, Portuqaliyanı tərkibinə qəbul edir.

1985-ci ilin iyun ayında 10 üzv ölkədən 5-i milli polis qüvvələrinin birgə fəaliyyətini, habelə vahid sığınacaq və viza siyasətini təsis edən Şengen Müqaviləsini imzalayır. Bu addım Şengen ölkələri arasında vətəndaşların səyahət sənədlərinin yoxlanılması prosedurunu ləğv edir. Bu gün 26 ölkə Şengen məkanına daxildir. Onlar arasında İslandiya, Lixtenşteyn, Norveç və İsveçrə Aİ-nin üzvü deyillər.  

1986-cı ildə Vahid Avropa Aktı imzalanmışdır. Bu Müqavilə “Vahid Bazar” adı altında Aİ sərhədləri daxilində sərbəst ticarətlə bağlı problemlərin həlli məqsədilə 6 illik proqramın əsaslarını təşkil etmişdir. 1993-cü ildə “4 azadlıq – malların, xidmətlərin, insanların və pulun sərbəst hərəkəti” prinsiplərini ehtiva edən Vahid Bazar yaradılmışdır.  

1991-ci ilin dekabr ayında Maastrixt şəhərində AİB-in yeni Müqaviləsi təsdiqlənir. Bu Müqavilə ilə AİB sisteminə xarici siyasət və daxili təhlükəsizlik sahəsində hökumətlərarası əməkdaşlıq elementləri daxil edilir. Aİ-ni təsis edən Maastrixt Müqaviləsi 1 noyabr 1993-cü ildə qüvvəyə minmişdir.

1995-ci ildə Avstriya, Finlandiya və İsveçin Aİ-yə qoşulması ilə üzvlərin sayı 15-ə çatır. 1990-cu illərdə Aİ tarixində ilk dəfə öz miqyasına görə ən böyük genişlənmə proseslərinə hazırlıqlar gedir. 1997-ci ildə 10 ölkə ilə üzvlük danışıqlarına başlanğıc verilir və 1 May 2004-cü ildə üzvlərin sayı 25-ə çatır. 2007-ci ildə Bolqarıstan və Rumıniya, 2013-cü ildə Xorvatiya Aİ-yə üzv qəbul olunmuşlar. Hazırda Aİ üzvlərinin sayı 28-dir. 31 oktyabr 2019-cu il tarixində Böyük Britaniyanın Aİ üzvlüyündən çıxacağı təqdirdə ölkələrin sayı 27-ə enəcəkdir. 

1 yanvar 2002-ci ildə 12 üzv ölkədə milli valyutaları vahid “avro” əvəz etmiş, bununla da “avro zona” yaradılmışdır. 

21-ci əsrin çağırışlarına cavab verə bilmək üçün genişlənmiş Aİ birgə qərarların qəbulu üçün daha sadə və səmərəli metodlara ehtiyac duyurdu. Bu məqsədlə Aİ Sazişlərini əvəzləməsi üçün 2004-cü ilin oktyabrında yeni qaydaları ehtiva edən Aİ Konstitusiyası imzalandı. Lakin sözügedən sənəd 2005-ci ildə 2 milli ümumxalq səsverməsi ilə rədd edildi. Bununla əlaqədar, Konstitusiya sənədi 13 dekabr 2007-ci ildə imzalanan və 1 dekabr 2009-cu ildə qüvvəyə minmiş Lissabon Müqaviləsi ilə əvəzləndi. Lissabon Müqaviləsi əvvəlki Aİ Müqavilələrinə düzəlişləri, habelə Konstitusiyada  öz əksini tapmış yenilikləri ehtiva edirdi. Məsələn, Lissabon Müqaviləsi Avropa İttifaqı Şurasında daimi Prezident, habelə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi vəzifələrini təsis etmişdir.    

2004 və 2007-ci illərdə Aİ-nin genişlənməsi onun sərhədlərini şərqə və cənuba doğru daha da uzatdı və yeni qonşularla münasibətlərin qurulması məsələsi gündəmə gəldi. Bununla əlaqədar, Aİ şərq (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) və cənub qonşuları ilə münasibətlərini tənzimləyəcək yeni Avropa Qonşuluq Siyasətini (AQS) təsis etdi. 1995-ci ildən Cənubi Aralıq dənizi ölkələri Aİ ilə münasibətlərini Avro-Aralıq Tərəfdaşlığı adlı siyasi, iqtisadi və diplomatik çərçivəsi ilə davam etdirir. Aralıq dənizi və Orta Şərq bölgəsindən 16 tərəfdaş ölkə bu çərçivəyə daxildir.     

 

Aİ-nin idarəetmə və qərarvermə strukturları:

  1. Avropa (İttifaqı) Şurası

Avropa Şurası Aİ-nin ən yüksək siyasi institutudur. O, bütün üzv ölkələrin dövlət və/və ya hökumət başçılarından və Avropa Komissiyasının Prezidentindən ibarətdir. Şura Brüsseldə normal hallarda ildə 4 dəfə yığışır. Şuranın fəaliyyətini əlaqələndirən və onun davamlılığını təmin edən Prezidenti vardır.  

Avropa Şurası Aİ-nin hədəflərini formalaşdırır və onlara nail olmaq üçün yol müəyyənləşdirir. Şuranın hazırkı Prezidenti Donald Tuskdur və onun mandatı 30 noyabr 2019-cu ildə bitir.

  1. Şura

Nazirlər Şurası kimi tanınan bu struktur Aİ üzv ölkələrinin milli hökumətlərinin nazirlərindən ibarətdir. Üzv ölkələr növbə ilə 6 aylıq müddətə Şuraya sədrlik edirlər. Şuranın hər görüşünə Aİ üzv ölkələrindən bir nazir qoşulur. İştirak edəcək nazirin portfeli görüşün mövzusundan, xarici işlər, kənd təsərrüfatı, sənaye, nəqliyyat, ətraf mühit və s. asılıdır. Şuranın əsas vəzifəsi Aİ qanunlarını qəbul etməkdir. Bu məsələdə Şura Avropa Parlamenti ilə səlahiyyətlərini bölüşür. Şura və Avropa Parlamenti həmçinin Aİ büdcəsinin qəbulu məsələsində də bərabər məsuliyyət bölgüsünə malikdirlər. Bundan əlavə Şura Avropa Komissiyasının danışıqlar apardığı beynəlxalq Sazişləri imzalayır.   

Aİ Xarici İşlər və Müdafiə Nazirləri Şurasına sədrliyi Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi həyata keçirir. Hazırda x-m Federika Moqerini Ali nümayəndə kimi öz mandatını 31 oktyabr tarixinədək davam etdirəcəkdir.  

  1. Avropa Parlamenti

Avropa Parlamenti Aİ vətəndaşlarını təmsil edən seçkili qurumdur. O, Aİ-nin fəaliyyətinə nəzarəti həyata keçirir və Şura ilə birlikdə Aİ qanunvericiliyini qəbul edir. 1979-cu ildən Avropa Parlamentinin üzvləri 5 ildən bir ümumi səsvermə ilə birbaşa seçilirlər.

David Sassoli 3 iyul 2019-cu il tarixində Avropa Parlamentinin sədri vəzifəsinə seçilmiş və o, 2022-ci ilin yanvar ayınadək bu vəzifəni icra edəcəkdir.   

  1. Avropa Komissiyası

Komissiya Aİ-nin icraçı qurumudur. Şuraya və Avropa Parlamentində müzakirəyə göndərmək üçün onun yeni Aİ qanunvericiliyi ilə bağlı təkliflər irəli sürmək hüququ vardır.

Komissiya Prezident və Vitse-Prezident vəzifələri daxil olmaqla 28 ölkənin “Komissarları heyəti”ndən formalaşdırılır. Hər bir Komissar mənsub olduğu milli hökumətinin təklifi əsasında təyin olunmasına baxmayaraq (1 ölkəyə 1 Komissar) onlar Komissiyada öz ölkələrini təmsil etmirlər. 

Avropa Komissiyasının hazırkı Prezidenti Jan-Klod Yunkerdir və onun mandatı Komissarlar heyəti ilə birlikdə cari ilin 31 oktyabr tarixində bitir.

  1. Ədalət Məhkəməsi

Aİ-nin Ədalət Məhkəməsi Lüksemburqda yerləşdir. Məhkəmənin rolu Aİ qanunvericiliyinə əməl olunması, habelə Aİ Sazişlərinin düzgün şərhi və tətbiqinin təmin edilməsindən ibarətdir. 

  1. Avropa Mərkəzi Bankı

Bank Frankfurtda yerləşir və avronun, habelə Aİ-nin pul siyasətinin idarə olunmasına cavabdehdir. Əsas vəzifəsi qiymətin sabitliyinin qorunması və avro zonada bankların fəaliyyətinə nəzarətdir.

  1. Auditorlar Palatası

Palata Avropa İttifaqının gəlirlərinin əldə edilməsi və xərcləmələrinin qanuni və nizamlı qaydada aparılmasının, həmçinin Aİ büdcəsinin sağlam idarəçiliyinin təftişini həyata keçirir.

  1. Avropa İqtisadi və Sosial Komitəsi

Şura və Komissiya bir sıra siyasət sahələrində qərar qəbul edərkən Avropa İqtisadi və Sosial Komitəsi ilə məsləhətləşir. Onun üzvləri “formalaşmış vətəndaş cəmiyyəti” kimi müxtəlif iqtisadi və sosial maraq qruplarını təmsil edir və Şura tərəfindən 5 illik müddətə təyin olunur.

  1. Regionlar Komitəsi

Regionlar Komitəsi üzv ölkələrin regional və yerli hökumət strukturlarının təmsilçilərindən ibarətdir. Onların namizədliyi üzv ölkələr tərəfindən irəli sürülür və Şura tərəfindən 5 illik müddətə təyin olunur. Komissiya və Şura regionlarla bağlı məsələlərdə sözügedən Komitə ilə məsləhətləşir. Komitə öz təşəbbüsü ilə müvafiq məsələlərə rəy verə bilər. 

  1. Avropa Sərmayə Bankı

Bank Lüksemburqda yerləşir və Aİ-nin zəif inkişaf etmiş regionlarına, habelə biznesin daha rəqabətli olmasına  yardımçı olmaq məqsədilə borc  və zəmanətlər verir.

 

AZƏRBAYCAN – AVROPA İTTİFAQI MÜNASİBƏTLƏRİNƏ DAİR ARAYIŞ

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS)

Saziş 22 aprel 1996-cı il tarixində Lüksemburq şəhərində imzalanmış və 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. Sənəd Avropa İttifaqı (Aİ) ilə, hərbi sahə istisna olmaqla, bütün sahələrdə əməkdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edir və əməkdaşlığın formatını müəyyən edir. 10 il müddətinə imzalanmış Sazişin icra müddəti 2009-cu ildə bitdiyi üçün onun icrası yeni sazişin imzalanmasına qədər hər il avtomatik olaraq 1 il müddətinə uzadılır.   

2018-2020-ci illər üçün Azərbaycan – Aİ Tərəfdaşlıq Prioritetləri

Yeni AQS-in elan edilməsinin ardından bu vaxtadək mövcud olmuş Fəaliyyət Planlarının hər bir tərəfdaş ölkənin ehtiyaclarını nəzərə alan yeni Tərəfdaşlıq Prioritetləri ilə əvəzlənməsi qərara alınmışdır. Belə ki, tərəflər arasında “2018-2020-ci illər üçün Azərbaycan – Aİ Tərəfdaşlıq Prioritetləri” sənədinin hazırlanması hədəfi qoyulmuşdur. Bu sənəd, tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə prioritetlərin müəyyən edilməsi və 3 il üçün (2018-2020) konkret layihələr şəklində həyata keçirilməsi məqsədini daşıyır.

Tərəfdaşlıq Prioritetləri, məhz Şərq Tərəfdaşlığının (ŞT) 2017-ci il Brüssel Zirvə görüşü zamanı müəyyən edilmiş əməkdaşlıq istiqamətlərinə uyğun olaraq aşağıdakı prioritetləri əhatə edir: 

  1. Qurumların gücləndirilməsi və yaxşı idarəçilik
  2. İqtisadi inkişaf və bazar imkanları
  3. Bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlim fəaliyyəti
  4. Yerdəyişmə və insanlar arasında əlaqələr

Sənəd cari ilin 11 iyul tarixində Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Aİ Şurasının Prezidenti cənab Donald Tuskun müşayiəti ilə paraflanmışdır.

Viza Sadələşdirilməsi və Readmissiya Sazişləri

Azərbaycan Respublikası və Aİ arasında vizaların sadələşdirilməsi və icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişlər müvafiq olaraq 29 noyabr 2013-cü il tarixində və 28 fevral 2014-cü il tarixində imzalanmışdır. Hər iki saziş 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmişdir.

Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə (Mobility Partnership)

Azərbaycan Respublikası, Aİ və onun iştirakçı üzv dövlətləri arasında imzalanmış Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin əsas məqsədi Azərbaycan Respublikası və Aİ arasında insanların hərəkətinin asanlaşdırılması, miqrasiya axınlarının müvafiq beynəlxalq standartlara uyğun daha yaxşı idarə olunması və qeyri-qanuni miqrasiya ilə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsidir. Birgə Bəyannamə 5 dekabr 2013-cü il tarixində Brüsseldə imzalanmışdır. Sənəd Azərbaycan Respublikası Prezidentinin 6 mart 2014-cü il tarixli 312 nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Avropa İttifaqının proqramlarinda iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Azərbaycan Respublikasının İttifaqın proqramlarındakı iştirakının ümumi prinsipləri haqqında Çərçivə Sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Avropa İttifaqı və onun üzvü olan dövlətlər arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin Protokolu” Avropa Komissiyasının sabiq prezidenti J.M.Barrozunun 14 iyun 2014-cü il tarixində Bakıya səfəri zamanı tərəflər arasında imzalanmışdır.

AZƏRBAYCAN RESPUBLİKASI VƏ AVROPA İTTİFAQININ ÜZV ÖLKƏLƏRİ ARASINDA TİCARƏT ƏLAQƏLƏRİ

Aİ ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalmaqda davam edir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2018-ci ildə Azərbaycan Respublikasının Aİ ölkələri ilə ticarət dövriyyəsinin həcmi təqribən 12,9 milyard  ABŞ dolları, o cümlədən idxalın həcmi 2,3 milyard ABŞ dolları, ixracın həcmi 10,6 milyard ABŞ dolları təşkil etmişdir. Bu göstəricilər əsasən, Aİ ölkələrinin Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı təqribən 42 faiz, o cümlədən idxalda 20 faiz, ixracda isə 54 faiz təşkil etmişdir.

Aİ, Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə  ölkəmizin yuxarı orta gəlirli ölkələr qrupuna daxil olmasını əsas gətirərək, 22 fevral 2014-cü il tarixindən etibarən Azərbaycanın Aİ-nin Ümumiləşdirilmiş Üstünlüklər Sxemindən (GSP) istifadəsini dayandırmışdır. Hazırda Azərbaycan üçün standart “Ən Əlverişli Ölkə” (Most Favoured Nation) rejimi  tətbiq olunur. 

AVROPA İTTİFAQININ “ŞƏRQ TƏRƏFDAŞLIĞI” TƏŞƏBBÜSÜNDƏ İŞTİRAK

Polşa və İsveç tərəfindən irəli sürülmüş “Şərq Tərəfdaşlığı” proqramı 7 may 2009-cü il tarixində Praqada keçirilmiş zirvə toplantısı zamanı elan edilmişdir. Azərbaycan Aİ ilə ŞT çərçivəsində 2009-cu ildən bəri ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Lakin Azərbaycan üçün Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyi üzrə işlərin aparılması əsas prioritet olaraq qalır. ŞT Azərbaycan üçün çoxtərəfli platformada müəyyən məsələlər üzrə fikir mübadiləsi aparmaqla, regional siyasət kontekstində öz milli maraqlarını yürütmək, bunun üçün müxtəlif təşəbbüslər irəli sürmək və beləliklə də, Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır.

Şərq Tərəfdaşlığı zirvə görüşləri

ŞT və Aİ ölkələrinin dövlət və hökumət başçılarının, AK və Aİ Şurasının rəhbərlərinin, habelə Avropa Parlamenti və Aİ-nin digər strukturlarının yüksək vəzifəli rəsmilərinin iştirakı ilə iki ildən bir keçirilir. Əvvəlki sammitlər 2009-cu ildə Praqa, 2011-ci ildə Varşava, 2013-cü ildə Vilnüs və 2015-ci ildə Riqada və 2017-ci ildə Brüsseldə keçirilmişdir.

Riqa Zirvə görüşündən sonra, Aİ – Azərbaycan münasibətlərində keyfiyyət və mahiyyətcə yeni gündəliyə keçid təmin edildi. Dövlətimizin göstərdiyi israrlı mövqe nəticəsində, Aİ rəhbər şəxslərinin ölkəmizə səfərləri təşkil edildi və TƏS-i əvəzləyəcək yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlara Aİ tərəfindən mandat verildi. Beləliklə, Aİ tərəfi ilə dialoqda daha bərabərhüquqlu ruhda əməkdaşlığın bünövrəsi qoyuldu.

13-14 may 2019-cu il tarixlərində Brüssel şəhərində ŞT-nin 10 illik yubileyinə həsr olunmuş ŞT ölkələrinin Dövlət Başçılarının şam yeməyi, habelə Aİ və ŞT ölkələrinin xarici işlər nazirlərinin növbəti görüşü və yüksək səviyyəli konfrans keçirilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service