İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

Image result for economic cooperation organization photo

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT)

İƏT-in yaranma tarixi

İƏT hökumətlərarası təşkilat kimi, 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmışdır. İƏT 1964-1979-cu illərdə fəaliyyət göstərmiş Regional Əməkdaşlıq və İnkişaf Təşkilatının davamçısı hesab olunur. 1992-ci il noyabrın 28-də 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan İƏT-ə qoşulmuş və hazırda Təşkilatın 10 üzv ölkəsi var. İƏT-in genişləndiyi həmin gün təşkilatın təqvimində “İƏT günü” kimi qeyd edilir.

 

İƏT-in məqsədləri və fəaliyyət sahələri

İƏT-in hədəfləri öz əksini İzmir Müqaviləsində  - Təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəddə tapmışdır. Təşkilatın əsas məqsədləri İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meylləri nəzərə alaraq region daxili və regionlararası ticarəti genişləndirməkdir. Bunun üçün, ticarətdə qeyri-tarif maneələrinin aradan qaldırılması və tariflərin azaldılması, həmçinin qarşılıqlı nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini nəzərdə tutan İƏT Ticarət Sazişi vasitəsilə üzv dövlətlər arasında ticarətin liberallaşdırılması istiqamətində işlər görülməkdədir.

Təşkilatın nizamnaməsinə uyğun olaraq İƏT çərçivəsində əməkdaşlıq aşağıdakı strukturlar vasitəsilə həyata keçirilir:

  • Nazirlər Şurası
  • Daimi Nümayəndələr Şurası
  • Regional Planlaşdırma Şurası
  • Katiblik

Təşkilat daxilində əlaqələndirmə İƏT-in Tehran şəhərində yerləşən Katibliyi vasitəsilə həyata keçirilir. Sözügedən Katiblikdə 6 direktorluq fəaliyyət göstərir: Nəqliyyat və telekommunikasiya, Ticarət və sərmayələr, Energetika, minerallar və ətraf mühit, Kənd təsərrüfatı, sənaye və turizm, Layihə, iqtisadi tədqiqatlar və statistika, İnsan ehtiyatları və dayanıqlı inkişaf. Bununla yanaşı, İƏT-in Mədəniyyət İnstitutu, Elm Fondu və Təhsil İnstitutu kimi ixtisaslaşmış agentlikləri, eləcə də Ticarət və İnkişaf Bankı mövcuddur.

 

Azərbaycan-İƏT əlaqələri

Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Ölkəmiz 2006 və 2012-ci illərdə İƏT Zirvə Toplantılarına ev sahibliyi etmiş və bu tədbirlərdə qəbul edilmiş sənədlərdə üzv ölkələr arasında bir sıra sosial-iqtisadi və siyasi əlaqələrin əsas prinsipləri, regional münasibətlərin prioritetləri və istiqamətləri öz əksini tapmışdır.

Azərbaycan İƏT vasitəsilə ortaq maraq kəsb edən layihələrin həyata keçirilməsini dəstəkləyir və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədilə təklif və təşəbbüslər irəli sürür. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə Bakıda İƏT Tədqiqat Mərkəzinin təsis edilməsinə dair İƏT Xarici İşlər Nazirləri Şurası tərəfindən müvafiq qərar qəbul edilmişdir. Bundan əlavə, Azərbaycan Təşkilat çərçivəsində digər üzv dövlətlərlə bir sıra prioritet sahələr, o cümlədən ticarət, investisiya, nəqliyyat, enerji və ətraf mühit sahələri üzrə əməkdaşlıq edir.

1997-ci ildən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri eyni zamanda ölkəmizin İƏT yanında daimi nümayəndəsidir.

Arxiv üzrə axtarış

xin diplomatic service