Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

Image result for bsec photo

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT)

 

QDİƏT-in yaranma tarixi

Qara Dəniz İqtisadi Əməkdaşlıq təşəbbüsü Türkiyə Respublikasının təklifi ilə 1992-ci ilin 25 iyun tarixində İstanbulda Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukraynanın dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlığı üzrə İstanbul Bəyannaməsinin imzalanması ilə yaranmışdır.

1998-ci ilin 5 iyun tarixində Yalta şəhərində iştirakçı dövlət və hökumət başçıları tərəfindən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Nizamnaməsinin imzalanması və sənədin 1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə sözügedən əməkdaşlıq mexanizmi təşkilat statusunu almışdır. Hazırda təşkilata 12 üzv dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. Təşkilatın Daimi Beynəlxalq Katibliyi İstanbulda yerləşir.

 

QDİƏT-in məqsədləri və fəaliyyət sahələri

Qara Dəniz Regionunda uzun müddətli və sıx əməkdaşlığın təşviq edilməsi, eləcə də bir sıra müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin artırılması vasitəsilə regionda sülhün, sabitliyin və inkişafın təmin edilməsi QDİƏT-in əsas prioritetlərindəndir.

2001-ci ildə qəbul edilmiş və 2012-ci ildə yenilənmiş “QDİƏT-in Gələcək üçün İqtisadi Gündəliyi: güclənən QDİƏT tərəfdaşlığına doğru” sənədinə əsasən, təşkilat çərçivəsində prioritet əməkdaşlıq sahələri kimi, aşağıdakılar müəyyən edilmişdir: ticarət və investisiyalar, gömrük, energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, turizm, kiçik və orta müəssisələrin inkişafı.

Xarici İşlər Nazirləri Şurası (XİNŞ) QDİƏT-in ali qərar verici orqanıdır. Hər üzv ölkə 6 ay müddətində təşkilata sədrlik edir və müvafiq ölkənin xarici işlər naziri sədrlik etdiyi dövrdə QDİƏT-in fəaliyyətinin ümumi əlaqələndirilməsini həyata keçirir. QDİƏT-in vacib orqanlarından biri üzv ölkələrin Xarici İşlər Nazirliklərini təmsil edən Yüksək Vəzifəli Şəxslər Komitəsidir. QDİƏT-in əməkdaşlıq sahələri üzrə fəaliyyəti 20 işçi qrup vasitəsilə həyata keçirilir.

QDİƏT-in bir sıra əlaqədar təşkilatları, o cümlədən QDİƏT Parlament Assambleyası, QDİƏT Biznes Şurası, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq Mərkəz, Qara Dəniz Ticarət və İnkişaf Bankı mövcuddur.

 

Azərbaycan-QDİƏT əlaqələri

Azərbaycan QDİƏT-in qurucu üzvlərindən biri kimi təşkilat çərçivəsində fəal mövqeyə malikdir və QDİƏT-in işinin səmərəliliyinin artırılmasına yönəldilmiş islahatların təşəbbüskarlarından biridir. Bu baxımdan Azərbaycan tərəfi QDİƏT-in daha layihə mərkəzli və nəticə yönümlü təşkilata çevrilməsi işini dəstəkləyir.

Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya texnologiyaları, elm və texnologiyalar və sair sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə önəm verir.

İndiyədək Azərbaycan QDİƏT-də 4 dəfə (2003, 2004, 2009, 2018) sədrliyi üzərinə götürmüş və Təşkilatın 20-dən yuxarıda müxtəlif səviyyəli tədbirlərinə ev sahibliyi etmişdir.

Azərbaycan tərəfi həmçinin, QDİƏT-in əlaqədar təşkilatlarında fəal iştirak edir və QDİƏT Parlament Assambleyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı və Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin idarəçiliyində təmsil olunur.

Arxiv üzrə axtarış

xin diplomatic service