Avropa Şurası

Image result for council of europe

Avropa Şurası haqqında

Avropa Şurası qitənin insan hüquqlarını müdafiə edən aparıcı təşkilatıdır. Avropa İttifaqının 28 üzv dövlətləri daxil olmaqla 47 üzv dövlətdən ibarətdir. Avropa Şurasının bütün üzv dövlətləri insan hüquqları, demokratiya və qanunun aliliyini qorumağı nəzərdə tutan Avropa İnsan Hüquqları Konvensiyasını imzalamışdır.

Avropa Şurası söz və mətbuat azadlığını, toplaşma azadlığını, bərabərliyi və milli azlıqların müdafiəsini təşviq edən təşkilatdır. Təşkilat uşaqların müdafiəsi, "nifrət nitqinə yox", romların hüquqları və Avropa milli azlıqlarına dair kampaniyalarını həyata keçirmişdir. Avropa Şurası üzv dövlətlərə korrupsiyaya və terrorizmə qarşı mübarizə aparmağa və lazımi hüquqi islahatlar aparmağa yardım edir. Venesiya komissiyası kimi tanınan konstitusiya hüququ üzrə ekspertlər qrupu vasitəsilə dünya ölkələrinə hüquqi məsləhətlər təklif edir.

Avropa Şurası qadın və məişət zorakılığına qarşı mübarizə və onun qarşısının alınması və kiber cinayətkarlığa dair beynəlxalq konvensiyalar vasitəsilə insan hüquqlarını təşviq edir. O, bu sahələrdə üzv dövlətlərdə gedən tərəqqiyə nəzarət edir və müstəqil ekspertlər vasitəsilə tövsiyələr verir. Avropa Şurasının bütün üzv dövlətləri ölüm hökmünü ləğv edib.

Avropa Şurasının qərargahı Fransanın Strasburq şəhərindədir. İngilis və Fransız dilləri iki rəsmi dildir. Nazirlər Komitəsi, Parlament Assambleyası və Konqres də bəzi işlərində alman, italyan və rus dillərindən istifadə edir.

Təşkilatın rəhbəri hesab olunan Avropa Şurasının Baş katibi 5 illik müddətə Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən seçilir. Avropa Şurasının strateji planlaşdırılması, fəaliyyət proqramlarının həyata keçirilməsi və büdcə məsələlərinin nizamlanmasından məsuldur. Baş katib təşkilatın fəaliyyətlərini istiqamətləndirir və Avropa Şurasının əsas təmsilcisi hesab olunur.

Nazirlər Komitəsi Avropa Şurasının üzv ölkələrinin xarici işlər nazirlərinin və yaxud onların Strasburqdakı daimi nümayəndələrinin təmsil olunduğu qərar qəbuledici orqandır.

47 üzv dövlətin deputatlarının təmsil olunduğu Parlament Assambleyası 324 deputatdan ibarətdir. Assambleya Baş Katibi, İnsan hüquqları üzrə Komissarını və Avropa İnsan hüquqları Məhkəməsinin hakimlərini seçir. O, debatlar üçün demokratik forum rolunu oynayır və seçkilərin nəzarətini təmin edir.

47 üzv dövlətində yerli və regional demokratiyanın gücləndirilməsindən məsul olan Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının bir təsisatıdır. İki palatadan (Yerli hakimiyyətlər Palatası və Regionlar Palatası) və 3 komitədən təşkil edilən bu təsisat 200 000-dən çox region və bələdiyyə qurumlarını təmsil edən 648 seçilmiş nümayəndədən ibarətdir.

Avropa İnsan Hüquqları Məhkəməsi, bütün Avropa sakinlərinin Avropa İnsan Hüquqları Konvensiyasında göstərilmiş hüquqlarına təminat verən və daimi fəaliyyət göstərən məhkəmə orqanıdır. Bu məhkəməyə dövlətlər və eləcə də vətəndaşlığından asılı olmayaraq ayrıca şəxslər müraciət edə bilərlər.

Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı insan hüquqları məsələlərini müstəqil müzakirə edir və diqqəti onların pozulmasına çəkir.

Beynəlxalq qeyri-hökumət təşkilatları konfransı özündə 400-ə yaxın Beynəlxalq Qeyri-Hökumət Təşkilatlarını (BQHT) cəmləşdirir. Qurum siyasətçilərlə cəmiyyət arasında həyati əhəmiyyətli əlaqələr qurmağa və vətəndaş cəmiyyətinin səsini Avropa Şurasına çatdırmağa imkan yaradır.

 

Azərbaycan və Avropa Şurası (AŞ)

Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti «xüsusi dəvət edilmiş qonaq» statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.

1995-ci ilin fevral ayında AŞ Parlament Assambleyası (AŞPA) Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın «xüsusi dəvət edilmiş qonaq» statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.

17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.

Həmin ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir.

13 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev AŞ baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa Konvensiyasına (Avropa İnsan Hüquqları Konvensiyası) qoşulmaq arzusunda olduğunu bildirmişdir.

11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir.

20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında» sərəncam imzalamışdır.

3 fevral 1998-ci ildə isə Azərbaycan Respublikasının Milli Məclisi Respublika Prezidentinin qanunvericilik təşəbbüsü əsasında ölüm hökmünün ləğv edilməsinə dair qərar qəbul etmişdir(1993-cü ildən etibarən ölüm hökmünün icrasına faktiki surətdə moratorium qoyulmuşdur.) Bu qərar Azərbaycan Respublikasının insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində atdığı ən mühüm addımlardan biri olmuşdur.

16 avqust 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzura ləğv olunmuşdur.

26 – 28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir.

17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.

Azərbaycan Respublikası 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya edilməsi haqqında sənədi depozitariyə təqdim etmiş və həmin gündən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir. Məhz bu tarixdən etibarən Azərbaycanın yurisdiksiyası altında olan şəxslərin (vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin və digərlərinin) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (Avropa Məhkəməsi) müraciət etmək hüququ yaranmışdır.

 

Azərbaycanın AŞ qarşısında öhdəlikləri

2000-ci ilin əvvəllərində AŞPA-nın Siyasi Komitəsi Azərbaycan Respublikası Milli Məclisinə Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul edildikdən sonra yerinə yetirməli olacağı öhdəliklərin siyahısını göndərmiş və bu sənəd Milli Məclisdə təmsil olunmuş siyasi partiyaların nümayəndələri tərəfindən imzalanmışdır.

İlkin variantda on yeddi bənddən ibarət olan Tövsiyələr Paketində Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı AŞ-ın mövqeyi açıqlanmışdır. Sənəddə AŞPA Azərbaycan Respublikasından xarakter etibarı ilə beş qrupa bölünmüş müəyyən öhdəliklərin qəbul olunmasını xahiş edilmişdir.

Öhdəliklərin birinci qrupunda yaxın vaxt ərzində Azərbaycanın qoşulmalı olduğu Avropa Konvensiyaları sadalanmış və qoşulma müddətləri göstərilmişdir.

Öhdəliklərin ikinci bölümündə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri davam etdirmək, beynəlxalq və daxili mübahisələri beynəlxalq hüququn prinsiplərinə, o cümlədən, Avropa Şurasına üzv dövlətlərin üzərinə qoyulan öhdəliklərə uyğun olaraq aradan qaldırmaq, qonşuları hər hansı formada zor tətbiq etmək yolu ilə hədələməkdən birdəfəlik imtina etmək tövsiyə edilmişdir.

Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı olan məsələləri əhatə edən üçüncü qrup öhdəliklərdə seçkilər haqqında qanunvericilik, o cümlədən, “Mərkəzi Seçki Komissiyası haqqında” və “Milli Məclisə Seçkilər haqqında” qanunların əvvəlki seçkilərdə iştirak edən beynəlxalq müşahidəçilərin tövsiyələri nəzərə alınmaqla yenidən işlənilməsi, yerli özünüidarə orqanları haqqında qanunvericiliyə dəyişikliklərin edilməsi, qanunvericilik hakimiyyətinin icra hakimiyyətinə münasibətdə müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində islahatların davam etdirilməsi, bir il ərzində ombudsman haqqında, korrupsiya ilə mübarizə haqqında qanunlar, iki il ərzində isə korrupsiya ilə mübarizə üzrə dövlət proqramının qəbul edilməsi kimi tədbirlər öz əksini tapmışdır.

İnsan hüquqları və əsas azadlıqların təmin edilməsi ilə bağlı olan dördüncü bölümdə Azərbaycan qarşısında aşağıdakı öhdəliklər irəli sürülürdü: hər hansı bir məhdudiyyət və şərt qoyulmadan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Komitəsilə məhkumların görüşməsinə təminat verən müqavilə imzalamaq; hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhkumların işinə baxılması və onların azad edilməsi məsələsinə baxmaq; vəzifə borcunu yerinə yetirərkən insan hüquqlarını, o cümlədən, işgəncənin qadağan edilməsi ilə əlaqədar normaları pozan hüquq-mühafizə orqanlarının nümayəndələrini məhkəmə məsuliyyətinə cəlb etmək; söz azadlığına, kütləvi informasiya vasitələrinin və jurnalistlərin müstəqilliyinə təminat vermək, mətbuatın azadlığını məhdudlaşdıran inzibati tədbirlərdən istifadəni aradan qaldırmaq; milli televiziya kanalını müstəqil İcraçı Şura tərəfi ndən idarə olunan ictimai kanala çevirmək; 3 il müddətində milli azlıqlar haqqında qanun qəbul etmək.

Öhdəliklərin beşinci bölümündə isə Azərbaycan Respublikasına üzv dövlət kimi öz üzərinə götürdüyü öhdəlik və vəzifələri yerinə yetirməsi vəziyyətinin monitorinqini həyata keçirilməsi

 

Azərbaycan və Avropa Şurası (davam)

Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərkən ölkəmiz AŞ-nın 55 konvensiyası və 8 hissəvi sazişinə də qoşulmuşdur.

Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq 28 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının “İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul olunmuş və İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılmışdır.  

20 noyabr 2000-ci ildə AŞ Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş 730-cu görüşündə Azərbaycanın AŞ qarşısında öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən Monitorinq Qrupunun ("Aqo" qrupu) İtaliyanın Daimi Nümayəndəsinin Sədrliyi ilə Avstriya, Fransa, Gürcüstan, Yunanıstan, İtaliya, Latviya, Niderland, Rumıniya, Rusiya Federasiyası, İsveç, İsveçrə, Türkiyə və Almaniya nümayəndələrindən təşkil edilməsi qərara alınmışdır. Qrup fəaliyyət dövründə dəfələrlə ölkəmizə səfər etmiş, müvafiq hesabatlar hazırlamışdır.

2010-cu ilin 8 dekabrında AŞ Nümayəndələr Komitəsinin növbəti iclasında “Aqo” Monitorinq Qrupunun fəaliyyəti ilə əlaqədar müzakirələr aparılmış və Azərbaycanda insan hüquqlarının qorunması və demokratikləşdirmə sahəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, “Aqo” Qrupunun fəaliyyətinə son qoyulmuş və ölkəmiz AŞ Nazirlər Komitəsinin Demokratiya üzrə Məruzəçilər Qrupunun (GR-DEM) daha sadələşdirilmiş monitorinqi altına keçmişdir. AŞ Nazirlər Komitəsinin müvafiq qərarında “Aqo” Qrupunun fəaliyyətinin bitməsi və Azərbaycan və Ermənistanın yerdə qalan öhdəlikləri, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi öhdəliyi üzərində monitorinqin GR-DEM-ə keçməsi təsdiqlənmişdir.

GR-DE Mnümayəndə heyəti bu məqsədlə ölkəmizə mütəmadi olaraq səfərlər həyata keçirir. Son iki səfər 2015-ci ilin 7-10 aprel və 2017-ci ilin 15-16 mart tarixlərində baş tutmuşdur. Səfərləri çərçivəsində nümayəndə heyəti bir sıra dövlət qurumlarında görüşlər keçirmişdir. Səfərlər nəticəsində GR-DEM tərəfindən Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin icrası ilə bağlı müvafiq hesabatlar hazırlanmış və AŞ Nümayəndələr Komitəsinə təqdim olunmuşdur.

GR-DEM nümayəndə heyətinin növbəti səfəri 2019-cu ilin 6-7 may tarixlərinə planlaşdırılır və bu səfərin ardınca GR-DEM tərəfindən Azərbaycan üzrə növbəti monitorinq hesabatının dərc olunması və AŞ Nazirlər Komitəsi tərəfindən nəzərdən keçirilməsi gözlənilir.

 

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi

AŞ Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında AŞ Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçmişdir. Beləliklə, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlamışdır. Sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Sessiya zamanı çıxış etmiş nazir Elmar Məmmədyarov Nazirlər Komitəsinə sədrlik edəcəyi 6 ay müddətində Azərbaycanın aşağıda sadalanan sədrlik prioritetlərinə dair məlumat vermişdir:

  1. İdman oyunlarının saxtalaşdırılması da daxil olmaqla, korrupsiyaya qarşı mübarizə istiqamətində əməkdaşlığın dərinləşdirilməsi vasitəsilə qanunun aliliyinin gücləndirilməsi;
    2. Qarşılıqlı hörmət və anlaşma üzərində qurulmuş mədəni cəhətdən müxtəlif cəmiyyətlərin gücləndirilməsi;
    3. Sosial birlik və sosial davamlılığın təmin edilməsi: kövrək qrupların hüquqlarının daha səmərəli müdafiəsi;
    4. Gənclərin insan hüquqları və demokratik vətəndaşlıq sahəsində təhsilinin təşviqi; məsuliyyətli və təhsilli gənclər nəslinin formalaşdırılması və onların öz hüquqlarından istifadə imkanlarının təmin edilməsi.

 

Avropa Şurası –Azərbaycan Fəaliyyət Planı

2014-cü ilin may ayında Avropa Şurasının baş katibi Torbyorn Yaqland və AŞPA-nın həmin vaxt sədri olan Ann Brassör Azərbaycanda səfərdə olmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Milli Məclisin sədri cənab Oqtay Əsədov tərəfindən qəbul edilmiş, digər dövlət rəsmiləri ilə görüşlər keçirmişlər. 

Səfər zamanı T.Yaqlandın iştirakı ilə növbəti illərdə Azərbaycan və AŞ arasında əməkdaşlığın başlıca çərçivəsini təşkil edən Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planının (FP) təqdimat tədbiri keçirilmişdir. Fəaliyyət Planının icra müddəti daha sonra 2017-ci ilin sonunadək uzadılmışdır.

AŞ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm vasitəsi olan FP-nin icrası çərçivəsində müxtəlif sahələr üzrə bir çox layihə və tədbirlər həyata keçirilmişdir. FP-nin icrası hər iki tərəfdən müsbət qiymətləndirilmiş, nəticə etibariləbu çərçivədə əməkdaşlığın davam etdirilməsi və növbəti fəaliyyət planının razılaşdırılması istiqamətində işlərin aparılması qərara alınmışdır. Azərbaycan tərəfinin AŞ Katibliyi ilə apardığı məsləhətləşmələr nəticəsində 2019-2021-ci illəri əhatə edəcək növbəti FP layihəsi 2018-ci il oktyabr ayının 17-dəAŞ Nümayəndələr Komitəsi tərəfindən təsdiq edilmişdir.

2019-cu ilin may-iyul aylarında yeni Fəaliyyət Planına uyğun olaraq ilk layihələrin reallaşdırılmışdır. Bu layihələr ədliyyə sisteminin səmərəliliyi, penitensiar sahədə islahatlar, çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrini əhatə edəcəkdir. Qarşılıqlı əməkdaşlıq üçün çərçivə rolunu oynayan bu sənəd bir sıra istiqamətlər üzrə AŞ-nin texniki yardım və ekspertizasından yararlanmağa imkan yaratmaqla, ölkəmizdə müvafiq sahələrdə davam edən islahatlar gündəliyinin dəstəklənməsinə töhfə verir.

 

Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (YİT)

2014-cü ilin aprel ayında Avropa İttifaqı (Aİ) və AŞ arasında insan hüquqları, demokratiya və qanunun aliliyi sahələrində Şərq Tərəfdaşlığı ölkələri (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna) ilə əməkdaşlıq layihələrinin icrasına dair razılığa gəlinmişdir. İlk öncə Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi (Programmatic Cooperation Framework), 2017-ci ildən etibarən isə Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (Partnership for Good Governance - PGG) adlanan bu təşəbbüsdə Aİ əsas donor, AŞ isə layihələri həyata keçirən təşkilat qismində çıxış edir. Sözügedən təşəbbüs çərçivəsində bir sıra regional və ikitərəfli layihələr icra olunmuşdur. PGG-nin birinci mərhələsi(PGG I)2017-ci ildə başa çatmış, həmin ilin sonunda qalan büdcə hesabına bu təşəbbüsün daha bir illik uzadılması qərara alınmışdır.

PGG-nin birinci mərhələsində ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə, kiber cinayətkarlıq, insan hüquqları sahəsində maarifləndirmə, yerli özünüidarəetmə, ifadə və media azadlığı, penitensiar sistemdə islahatlar, gender bərabərliyi və s. sahələr üzrə bir çox regional və ikitərəfli layihələr həyata keçirilmişdir.

Ümumilikdə 14 regional layihəyə əlavə olaraq Azərbaycan üçün ümumi büdcəsi 4.9 milyon avro təşkil edən ikitərəfli layihələr də icra olunmuşdur:

  1. Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi;
  2. Azərbaycan Respublikasında ədliyyə xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması;
  3. Azərbaycanda korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması üçün bacarıqların artırılması;
  4. İfadə azadlığı və media azadlığı.

2018-ci ildə PGG-nin 2019-2021-ci illəri əhatə edəcək ikinci mərhələsi (PGG II) üzrə Aİ tərəfindən müsbət qərar verilmiş, ikinci mərhələdə həyata keçiriləcək layihələr üzrə işə başlanılmışdır. Belə ki, ölkəmiz üzrə milli səviyyədə 2, regional səviyyədə də 4 layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələr aşağıdakılardır:

 

Milli səviyyədə:

  1. Çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin qaytarılmasının (asset recovery) gücləndirilməsi;
  2. Azərbaycanda məhkəmə sisteminin səmərəliliyi və keyfiyyətinin artırılması.

 

Regional səviyyədə:

  1. İqtisadi cinayətkarlığın qarşısının alınması və onunla mübarizə üzrə fəaliyyətin gücləndirilməsi;
  2. Qadınların ədliyyəyə çıxışı: İstanbul Konvensiyası və gender bərabərliyi sahəsində digər Avropa standartlarının həyata keçirilməsi;
  3. Şərq Tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində törədilən cinayətlər və nifrət nitqi qurbanları üçün məhkəmədən kənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxışın gücləndirilməsi;
  4. Hüquqşünasların peşə fəaliyyətinin Avropa standartlarına uyğun gücləndirilməsi.

 

Dağlıq Qarabağ münaqişəsi AŞ gündəliyində

1994-cü il noyabrın 10-da AŞPA Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul etmişdir.

22 aprel 1997-ci ildə keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.

24-27 aprel 2001-ci ildə keçirilmiş AŞPA-nın plenar sessiyasında Azərbaycan Respublikasının bu qurumda nümayəndə heyəti cənab İlham Əliyevin rəhbərliyi ilə ilk dəfə olaraq tamhüquqlu üzv kimi iştirak etmişdir. Cənab İlham Əliyevin ardıcıl səyləri nəticəsində nümayəndə heyətimiz tərəfindən elə ilk sessiyadan başlayaraq Ermənistanın işğalçılıq siyasətinin nəticələri Avropalıların diqqətinə çatdırılmışdır. Belə ki, sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış «Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması» adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış «Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları» adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.

Bundan əlavə, AŞPA-da “Dağlıq Qarabağda, zəbt olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhv edilməsi haqqında”, “Qaçqın və məcburi köçkün uşaqların təhsili haqqında”, “Azərbaycanda məcburi köçkünlərin vəziyyəti haqqında” və s. sənədlər yayılmışdır.

Azərbaycan tərəfinin davamlı səyləri nəticəsində25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416(2005) saylı Qətnamə və 1690(2005) saylı Tövsiyə qəbul olunmuşdur.  Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırlatmış və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq etmişdir. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırlatmış və tərəfləri silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edərək, AŞPA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad-hoc komitə yaratmağı xahiş etmişdir.

Bu prosesin davamı kimi 2006-cıil yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapmışdır.

Bununla belə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə əsasən yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə əslində fəaliyyətini dayandırdı.

Buna baxmayaraq, ölkəmiz Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin təşkilatın gündəliyində qalması istiqamətində işlərini davam etdirmişdir.

2008-ci ilin iyun ayında keçirilmiş AŞPA-nın yay sessiyası çərçivəsində, iyunun 25-də, həm-məruzəçilər Andres Herkel və Yevgeniya Jivkova tərəfindən hazırlanmış “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı məruzə və qətnamə layihəsi müzakirə olunmuşdur və müvafiq düzəlişlərlə 1614(2008) saylı Qətnamə qəbul edilmişdir. Qətnamədə xüsusilə diqqəti çəkən məqam, Dağlıq Qarabağ münaqişəsinə aid hissələrin ölkəmizin maraqlarına uyğun olmasıdır. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər, davamlı demokratik inkişafın çox çətinliklə gedəcəyini vurğulayan Qətnamədə, BMT Baş Assambleyasının 2008-ci il martın 14-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə Qətnaməyə istinad edilir hansı ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət etdiyini vurğulayır və erməni qüvvələrinin dərhal işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edir.

AŞPA Bürosunun 2011-ci il yanvarın 28-də keçirilmiş iclasında AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin fəaliyyətinin bərpasına dair qərar qəbul edilmişdir. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Komitənin fəaliyyətinin davam etdirilməsinə qarşı yönəlmiş səylərinə baxmayaraq, qurumun yaradılmasına dair qərar AŞPA Bürosu tərəfindən yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilmişdir. AŞPA-nın İspaniyalı üzvü, cənab Jordi Xucla i Costa (Avropa uğrunda Liberallar və Demokratların Alyansı- ALDE) ad-hoc Komitənin yeni sədri seçilmişdir. AŞPA Bürosunun 2011-ci il 7 fevral tarixli qərarı ilə Komitənin yeni tərkibi müəyyən edilmişdir. Yeni tərkibə Sədrlə yanaşı, Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri, bu nümayəndə heyətlərinin müxalifətdən olan üzvləri, eləcə də hər iki ölkə üzrə AŞPA-nın Monitorinq Komitəsinin məruzəçiləri daxil edilmişdir.

26 yanvar 2016-cı il tarixində AŞPA-nın plenar iclasında Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı iki hesabat müzakirə edilmişdir:

  1. AŞPA-nın Siyasi məsələlər komitəsi tərəfindən britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması”;
  2. Sosial məsələlər komitəsi adından Bosniya və Herseqovinadan olanı parlamentar Militsa Markoviçin hazırladığı “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi”.

Erməni tərəfi bu hesabatların təsdiqlənməsinə müqavimət göstərmişdir.

Hər iki məruzəçi ilk olaraq bu sənədlərin erməni tərəfinin etirazlarına baxmayaraq, komitələrdə qəbul olunduğunu söyləyiblər. M. Markoviç çıxışında deyib ki, 2014-cü ildə hesabatı hazırlayanda Ermənistana və Sərsəng su anbarı yerləşən bölgəyə səfər etmək istəyib, lakin erməni tərəfi onun bu səfərinin reallaşmasına əngəl yaradıb: “Onlar bu və ya digər bəhanələr gətirərək məni qəbul etməkdən imtina edirdilər. Bundan başqa, məndən Dağlıq Qarabağın hökumət nümayəndələrinə müraciət etməyimi istəyirdilər. Yəni, heç cür məni əraziyə buraxmaq istəmirdilər”. 

Müzakirələrdən sonra sənədlər səsə qoyulub. 1- ci sənəd 66 lehinə, 70 əleyhinə və 45 bitərəf olmaqla qəbul edilməyib. 2-ci sənəd isə 98 lehinə, 71 əleyhinə və 40 bitərəf olmaqla qəbul edilmişdir.

“Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı məruzədə ən əsas məqam ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan Respublikası tərəfindən işğal edildiyi birmənalı olaraq Assambleya tərəfindən pislənilir. Məruzədə həmçinin aparılmış araşdırmaların nəticələri əks etdirilmiş Sərsəng su anbarının işğal altında saxlanması ilə 400 minə yaxın insan üçün həyatın mümkünsüz edildiyi, təsərrüfatların məhv edildiyi, sosial durumun kəskin surətdə pisləşdiyi, əhalinin yayda susuzluqdan əziyyət çəkdiyi bildirilir.

 

Azərbaycan və AŞPA

Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti 6 həqiqi və 6 əvəzedici üzv olmaqla ümumilikdə 12 üzvdən ibarətdir.

Mütəmadi olaraq, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həm-məruzəçiləri (hal-hazırda – Stefan Schennah (Avstriya) və Sezar Florin Preda (Rumıniya)) tərəfindən Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsinin nəzərdən keçirilməsi məqsədilə Azərbaycana səfərlər həyata keçirilir. Səfərlər çərçivəsində həm-məruzəçilər müxtəlif dövlət qurumlarında görüşlər keçirir, ölkəmizin AŞ qarşısında mövcud öhdəlikləri ilə bağlı fikir mübadiləsi aparırlar. 

Qeyd edilməlidir ki, AŞPA-da mütəmadi olaraq Azərbaycanda insan hüquqları sahəsindəki vəziyyətə münasibətdə qərəzli mövqe nümayiş etdirilir və bu mövqedən çıxış edən bəzi siyasi qüvvələr ölkəmizdə “siyasi məhbuslar problemi”nin gündəmdə saxlanılması, eləcə də korrupsiya iddialarının ön plana çəkilməsini diqqət mərkəzində saxlamağa çalışır. 

Belə ki, 2013-cü ildə AŞPA-nın qış plenar sessiyasında müəllifi deputat Kristof Ştrasser (Sosialistlər fraksiyası - SOC, Almaniya) olduğu “Azərbaycanda siyasi məhbuslar məsələsinin davamı” adlı məruzə və qətnamə layihəsi təqdim olunmuşdur. Gərgin müzakirələr nəticəsində səsverməyə çıxarılan qətnamə layihəsi 79 lehinə, 125 əleyhinə və 20 bitərəf səs toplayaraq Assambleya tərəfindən rədd edilmişdir.

Həmin məsələ yenidən AŞPA-nın 2018-ci il 23-27 aprel tarixində keçirilmiş yaz sessiyası zamanı qaldırılmışdır. Belə ki, Assambleyanın Azərbaycana qarşı kəskin qərəzli mövqeyi ilə seçilən üzvü Pieter Omtzigt (Avropa Xalqları Partiyası fraksiyası, Niderland) tərəfindən “Azərbaycanda siyasi məhbuslar” adlı qətnamə təklifi irəli sürülmüşdür. AŞPA-nın 24 üzvü tərəfindən imzalanmış bu sənəddə K.Ştrasserin məruzəsinə istinad edilmiş, eləcə də İlqar Məmmədov işinin timsalında Avropa İnsan Hüquqları Məhkəməsində son işlərin Azərbaycanda siyasi məhbuslar probleminin real olduğunu göstərdiyi və qeyd edilənlərlə əlaqədar bu mövzuda yeni məruzənin hazırlanmasının məqsədəuyğun olduğu bəyan edilmişdir.

AŞPA-nın 2018-ci il iyunun 25-29-da keçirilmiş yay sessiyasında qurumun Hüquqi məsələlər və insan hüquqları komitəsi İslandiyalı deputat Thorhildur Sunna Evarsdottir-i (SOC) “Azərbaycanda siyasi məhbuslar” mövzusu üzrə məruzəçi təyin etmişdir.

2017-ci ilin yanvar ayında AŞPA bu qurumun üzvləri və sabiq üzvlərinə münasibətdə korrupsiya iddialarının araşdırılması məqsədilə Müstəqil Xarici Təhqiqat Qurumu (Independent External Investigation Body) yaratmışdır. Üç müstəqil ekspertdən ibarət bu qurum 2017-ci ilin iyun ayında öz işinə başlamış, 2018-ci il aprelin 15-də isə yekun hesabatını dərc etmişdir. Qurumun mandat sənədində hər hansı konkret hadisə, fərd, qurum və ya ölkənin adı çəkilməsə də, təxminən 200 səhifəlik hesabat demək olar bütövlüklə Azərbaycana qarşı iddialara həsr olunmuşdur.

Bunun ardınca, AŞPA-nın 23-27 aprel 2018-ci il tarixlərində keçirilmiş yaz sessiyası zamanı bu məsələ diqqət mərkəzində olmuş, məsələ üzrə təcili prosedura əsasında müzakirələr aparılmış, yekun olaraq 2216(2018) saylı qətnamə və 2128(2018) saylı tövsiyə qəbul edilmişdir.

Arxiv üzrə axtarış

xin diplomatic service