Bosniya və Herseqovina

Waving Flag of Bosnia and Herzegovina (Animated Gif)

Bosniya və Herseqovina

İnzibati ərazi bölgüsü: Ölkə iki entitet (Bosniya və Herseqovina Federasiyası, Serb Respublikası) və Brçko dairəsindən ibarətdir

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri (xorvat üzvü): Zati-aliləri cənab Jelyko Komşiç

Nazirlər Şurasının Sədri: cənab Denis Zvizdiç

Xarici İşlər naziri: cənab İqor Tsrnadak

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri (iqamətgah Belqrad olmaqla): cənab Eldar Həsənov

Səfirliyin rəsmi internet səhifəsi: http://sarajevo.mfa.gov.az

 

İkitərəfli münasibətlər

Bosniya və Herseqovina Azərbaycanın müstəqilliyini 9 fevral 1995-ci ildə tanımış, elə həmin gün iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. Bosniya və Herseqovinanın Türkiyədəki səfirliyi eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

Bosniya və Herseqovinanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviç iqamətgahı Ankarada olmaqla, 8 yanvar 2018-ci il tarixindən Azərbaycanda akkreditə olunub.

1972-ci ildən etibarən Bakı ilə Sarayevo qardaşlaşmış şəhər statusu əldə etmişdir. Müstəqilliklərini əldə etdikdən sonra Azərbaycan və Bosniya və Herseqovina xalqları arasında dostluq və qardaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

 

Səfərlər

Ali səfərlər

12 iyun 2015-ci il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç I Avropa oyunlarının rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycanda rəsmi səfərdə olmuşdur.

10-12 mart 2016-cı il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç IV Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur.

16-18 mart 2017-ci il tarixlərində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç V Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olmuşdur.

Xarici İşlər nazirlərinin səfərləri

1-2 dekabr 2016-cı il tarixlərində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkəmizdə rəsmi səfərdə olmuşdur.

3-6 aprel 2018-ci il tarixlərində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ölkəmizdə işgüzar səfərdə olmuşdur.

 

Müqavilə-hüquq bazası

İki ölkə arasında 4 sənəd imzalanmışdır.

 

Humanitar sahədə əməkdaşlıq

İki ölkə arasında mədəni əlaqələr zəngin tarixə malikdir. Sarayevo Milli və Universitet Kitabxanası, Qazi Xosrov bəy Kitabxanası, Sarayevo Universitetinin Şərqşünaslıq İnstitutu, Boşnak İnstitutu, Sarayevo Tarix Arxivi və Mostar şəhərində yerləşən Herseqovina-Neretva kantonunun Arxivində dahi Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvi, Məhəmməd Füzulinin, Xaqani Şirvani, İmadəddin Nəsimi, Saib Təbrizi, Mahmud Şəbüstəri, Vəhid Təbrizi, Seyid Yahya Şirvani, Nəsirəddin Tusi, Qasim Ənvar, Hinduşah Naxçivani, Şəms Təbrizi, Şərəfəddin Rami kimi elmə bəlli olan məşhur azərbaycanlılardan əlavə, az tanınan və nisbələri Təbrizi, Ərdəbili, Zəncani, Xalxali və digər müəlliflərin əsərlərinin əlyazmaları saxlanılır.

Sarayevo Beynəlxalq Universitetinin Kitabxanasında “Azərbaycan” adlı kitab guşəsi yaradılmış və ölkəmizə, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid ingilis və boşnak-xorvat-serb dillərində nəşr olunmuş kitablar, o cümlədən Heydər Əliyev Fondu tərəfindən hazırlanmış The series of “The true facts about Garabagh”“The Khojaly genocide” adlı kitabçalar, CD və xəritələr, “IRS-Heritage”, “Visions of Azerbaijan”“Azerbaijani carpets” adlı jurnallar, habelə Azərbaycan Diplomatik Akademiyası (ADA) haqqında broşürlər Kitabxanaya hədiyyə edilmişdir.  

Hələ sosialist blokuna daxil olarkən Azərbaycan ilə Bosniya və Herseqovina arasında yaxın əlaqələr mövcud olmuşdur. Həmin dövrdə Azərbaycanın rəhbəri Heydər Əliyev Bosniya və Herseqovinanın rəhbərliyinin nümayəndə heyətlərini dəfələrlə qəbul etmişdir.

20 oktyabr 1972-ci ildə Bakı və Sarayevo arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanmış, iki şəhər qardaşlaşmışdır.

1987-ci ildə Bakıda Sarayevo, Sarayevoda Bakı küçələri açılmışdır. Bakıda Sarayevo, Sarayevoda Bakı günləri keçirilmiş, həmin tədbirlərdə hər iki tərəfdən tanınmış ziyalılar, görkəmli mədəniyyət xadimləri iştirak etmişlər (Bosniya və Herseqovina tərəfindən V.Çerkez, İ.Sarayliç, D.Aliç, D.Sekuliç, Azərbaycan Respublikası tərəfindən Nəbi Xəzri, Nəriman Həsənzadə, Hüseyn Arif, Maqsud İbrahimbəyov, Fikrət Qoca).

3-6 noyabr 2016-cı il tarixlərində Azərbaycan ilə Bosniya və Herseqovina parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə boşnak dilinə tərcümə olunmuş Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin “Avropanın opponentləri” və deputat Cavanşir Feyziyevin “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitablarının təqdimat mərasimində iştirak etmək məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı C.Feyziyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinada səfərdə olmuşdur.

2017-ci ilin may ayında BvH-də elm ictimaiyyətinin görkəmli nümayəndələrini özündə birləşdirən İsa Bəy İshakoviç Beynəlxalq Mükafatı Komitəsinin üzvləri böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevi Sarayevo şəhərinin qurucusu, tanınmış boşnak xeyriyyəçi və humanist İsa Bəy İshakovoçin adını daşıyan BvH-nin ən nüfuzlu və şərəfli mükafatı ilə təltif etmişlər.

Azərbaycan tərəfindən Bosniya və Herseqovinaya ayrılan humanitar yardımlar

19 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Bosniya və Herseqovinada (BvH) baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərər çəkmiş insanlar üçün humanitar yardım göndərilmişdir.

Azərbaycan tərəfindən Bosniya və Herseqovinada həyata keçirilmiş humanitar layihələr:

  1. Sarayevo şəhərindəki Bakı küçəsi 2011-ci ildə əsaslı şəkildə təmir olunmuşdur.
  2. Sarayevo şəhərində Dobrinya çayı üzərində “Dostluq Parkı” salınmışdır.
  3. Sarayevo şəhərində görmə qabiliyyəti məhdud olan uşaq və gənclər üçün mərkəz təmir olunaraq yenidən qurulmuşdur.
  4. Banya Luka şəhərindəki sosial geriatrik mərkəz (ahıllar üçün) əsaslı təmir olunaraq yenidən qurulmuşdur.
  5. Heydər Əliyev Fondunun dəstəyi ilə Kotor Varoş şəhərində Təcili Tibbi Yardım Mərkəzinin yeni binası inşa olunmuşdur.

Azərbaycanda və Bosniya və Herseqovinada qarşılıqlı və birtərəfli əsasda yaradılmış və bərpa edilmiş abidələr (küçə, park və s.)

Ölkəmiz tərəfindən Sarayevo şəhərindəki Bakı küçəsi 2011-ci ildə əsaslı şəkildə təmir olunmuş, açılış mərasimində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iştirak etmişdir.

2012-ci ilin 24 fevral tarixində Sarayevo şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan “Dostluq parkı”nın Xocalı və Srebrenitsa soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin rəsmi açılış mərasimi olmuşdur. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyeva və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü cənab Bakir İzetbeqoviç iştirak etmişdir.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycanın özəl şirkətləri BvH-nin ağac emalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, turizm, inşaat sahələrinə maraq göstərirlər.

Azərbaycanın “Benkons” MMC-nin vəsaiti hesabına BvH-nin Doboy şəhərində BMT-nin bayrağı altında “Etimad Layihəsi” kimi tanınan meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsullarının emalı üzrə fabriki inşa edilir.

Srebrenitsa şəhərində yarımfabrikat dondurulmuş və qızardılmış kartof istehsalı fabriki də Azərbaycanın BvH-dəki investisiya layihələri sırasında yer alır.

BvH Cənubi Qaz Dəhlizi layihəsində iştirakında maraqlıdır və Bakıda keçirilən Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarında Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin rəsmisi tərəfindən təmsil olunur. 2019-cu ilin 20 fevral tarixində Bakıda keçirilmiş Cənubi Qaz Dəhlizi Məşvərət Şurasının 5-ci Nazirlər Toplantısında BvH-nin xarici ticarət və iqtisadi əlaqələr nazirinin müavini Mato Franyiçeviç iştirak etmişdir.

 

Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticarət dövriyyəsi (min ABŞ dolları ilə)

İllər

İdxal

İxrac

Ticarət Dövriyyəsi

Saldo

2014

469,6

397,1

866,7

-72,5

2015

1881,3

3,9

1885,3

-1877,4

2016

276,9

0.0

276,9

-276,9

2017

851,4

14,7

866,1

-836,7

2018

818.1

0.0

818.1

818.1

Azərbaycanın ixrac etdiyi məhsullar: kosmetik vasitələr, ərzaq məhsulları.

Azərbaycandan idxal olunan məhsullar: pərakəndə satış üçün qablaşdırılmış halda digər dərman vasitələri, kosmetik vasitələr.

Arxiv üzrə axtarış

xin diplomatic service